PDF Oxu

Siyasət

  • 13

Ermənistanda xaotik durum yaşanır

Ermənistanda xaotik durum yaşanır

İşğalçı ölkədə sosial-iqtisadi uçurum etirazları partlayış səviyyəsinə çatıb

Ermənistanı cənginə alan sosial-iqtisadi uçurum etirazları partlayış səviyyəsinə çatıb. Ermənistanın "Soçiometr" sosioloji araşdırmalar mərkəzinin statistik məlumatına görə, 2050-ci ildə düşmən ölkənin əhalisi 65 faiz azalacaq. Belə ki, həmin vaxta kimi, hazırda 2 milyon 270 min olan Ermənistan əhalisinin sayı 1,5 və 1,3 milyon çıvarında məhdudlaşacaq.

"Ermənistanda ərzaq məhsullarının qiyməti 60 faiz bahalaşacaq"

"Lragir" Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumata istinadən bildirir ki, 2014-cü ilin son ayı ərzində kartof 13,3 faiz, xiyar 37,9 faiz, yaşıl istiot 47,3 faiz, pomidor 76,4 faiz, badımcan iki dəfə, kələm 6,4 faiz, turp 3,1 faiz bahalaşıb, yanacağın qiyməti 1,2 faiz, eyni dövrdə məişət texnikasının qiyməti 1,3 faiz, geyim və ayaqqabıların qiyməti isə müvafiq olaraq 2,3 və 2,7 faiz artıb.

"Tert.am" yazır ki, erməniləri ən çox narahat edən ərzaq məhsullarının qiymətində qeydə alınan artımlardır. Sayt yazır ki, çörəyin qiyməti 300 dramdan 320 drama yüksəlib. "Qraparak" nəşri yazır ki, Rusiyada dollar və avronun rekord səviyyədə bahalaşması, rublun qiymətdən düşməsi Ermənistan bazarına da sürətlə təsir edib. Belə ki, Ermənistanda da dolların qiyməti bahalaşıb: "Bu isə Ermənistan bazarlarına ciddi təsirini göstərir. Təlaşa düşən satıcılar satdıqları ərzaq məhsullarının qiymətini bahalaşdırırlar. Məsələn, Sevandakı dükanlarda bir günün içində çörəyin qiyməti 300 dramdan 320 drama yüksəlib. Kofe, mərci, süd, kolbasa və ət məhsullarının da qiyməti artıb. Çaxkadzorda şəkərin qiyməti 500 drama qədər yüksəlib". Qiymət artımını "Nyus.am"a dəyərləndirən iqtisadçı-ekspert Armen Poqosyan bildirib ki, ərzaq məhsullarının qiymətində qeydə alınan kütləvi artım Yeni il ərəfəsi və dolların kursunun artması ilə bağlıdır: "Son vaxtlar çörək, ət və süd məhsullarının qiyməti artıb. Təəssüf ki, bizdə bayram ərəfəsində həmişə ərzaq məhsullarının qiyməti artır. Dolların kursunun bahalaşması da ərzaq məhsullarının qiymətinə təsir edib. Dollar bahalaşdığı üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Gələn il yanvarın 1-dən etibarən Ermənistan Avrasiya İttifaqının üzvü olacaq. Bundan sonra inflyasiyanın yeni dalğası yaşanacaq. Avrasiya İttifaqına üzv olan ölkələrin gömrük tarifləri ilə Ermənistanda olan tariflər fərqli olduğu üçün ciddi inflyasiya yaşanacaq. Həmin vaxt Ermənistanda ərzaq məhsullarının qiyməti 60 faiz bahalaşacaq".

Artsvik Minasyan: "Serj Sarkisyanın irrasional və yarıtmaz siyasəti Ermənistanda bütün sahələrdə xaotik durum yaşadıb"

Ölkədə yaranmış vəziyyətlə bağlı Ermənistanın "Daşnaksütyun" partiyasının fraksiyasından olan deputat Artsvik Minasyan "Novosti Armenii" saytına verdiyi açıqlamasında bildirib ki, Ermənistan hökumətinin dəqiq iqtisadi siyasəti yoxdur: "İşğalçı ölkəyə rəhbərlik edən Serj Sarkisyan və komandasının həyata keçirdiyi irrasional və yarıtmaz siyasət nəticəsində Ermənistanda demək olar ki, bütün sahələrdə xaotik durum yaşanır. Həmçinin, hökumətin yanaşmaları təsadüfi, situativdir - onları nə sosialist, nə liberal, nə də ki, bazar yanaşması adlandırmaq olar. Çünki iqtisadi siyasətdə dəyərlər sistemi yoxdur".

Artsvik Minasyan onu da bildirib ki, hökm sürən iqtisadi böhran total tənəzzül meyillərini kəskinləşdirməklə yanaşı, hakimiyyətlə xalq arasındakı uçurumu daha da dərinləşdirib: "Əlbəttə ki, bütün bunların əsasında hakimiyyətdə olan rejimin istinad etdiyi daxili və xarici siyasət kursu dayanır. Bir çox ekspertlər Ermənistan daxilindəki dərin kataklizmləri ölkənin iqtisadi tənəzzülü ilə əlaqələndirirlər. Dərin iqtisadi böhranın səbəbi qismində isə bu ölkənin həyata keçirdiyi təcavüzkar, işğalçı və irrasional xarici siyasət kursu səciyyələndirilir. Belə ki, Yerevanın reallaşdırdığı aqressiv, təcavüzkar xarici siyasət bu ölkəni regional miqyasda təcrid durumuna düşürüb. Bunun fonunda isə heç bir regional layihədə təmsil olunmayan Ermənistan daxili və xarici siyasət nöqteyi-nəzərindən, sözün əsl mənasında, fiaskoya uğrayıb".

Qeyd etmək lazımdır ki, bu durum cəmiyyətdaxili münasibətlərə də mənfi təsir göstərməkdədir. Ən çox da Ermənistan gəncləri ölkələrinin gələcəyinə inanmırlar.

Ermənistan gənclərinin 88,5 faizi işğalçı ölkəni tərk etmək istədiklərini bildirirlər

Bu faktı ölkədə fəaliyyət göstərən Milli Birlik Cəmiyyətinin gənclər arasında apardığı sosioloji sorğunun nəticələri də təsdiqləyir. Sorğunun əsas məqsədi gənclərin Ermənistana bağlılığını və onların ölkədə qalıb-qalmamalarını öyrənmək olub. Sorğunun nəticələri acınacaqlı olub. Belə ki, rəyi soruşulan gənclərin 88,5 faizi Ermənistanı tərk etmək istədiklərini bildirib. Onlar bunu Ermənistanın iqtisadi vəziyyətinin iflic olması, işsizliyin tüğyan etməsi, ali təhsilli gənclərin əksəriyyətinin iş tapa bilməməsi, əhalinin böyük bir hissəsinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər. Qeyd etmək lazımdır ki, bu durumun fonunda ölkə vətəndaşlarının miqrasiyası daha da sürətlənib. Başlıcası budur ki, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Mövcud demoqrafik problemlər isə sosial kataklizmləri daha da sürətləndirir. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər güc və potensiala malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradır.

Ruben Yeqanyan: "Ermənilər üçün yeganə çıxış yolu miqrasiyadır"

Bu durumu şərh edən politoloq Ruben Yeqanyan bildirib ki, əhali arasında hakimiyyətə qarşı inamsızlıq və tam etinasızlıq var: "Ermənilər üçün yeganə çıxış yolu miqrasiyadır. Məmurlar yalnız öz ciblərini düşünürlər. Şəxsən mən və mənim kimi çoxları istəmir ki, uşaqları burada böyüsünlər. Onlar üçün Ermənistanda gələcək yoxdur".

Eyni zamanda, işğalçı ölkə ekspertləri başlıca diqqəti yoxsulluq məsələsinə yönəltməkdədirlər. Belə ki, Ermənistan rəsmiləri son iki ildə əhalinin sosial vəziyyətinin yaxşılaşdığı barədə dünyaya car çəksələr də, iqtisadiyyatın getdikcə iflic vəziyyətə düşməsi, ölkəni tərk edənlərin sayının ildən-ilə artması, ağır kənd təsərrüfatı işlərində yalnız qadınların çalışması bunun əksini deyir. Bununla yanaşı, bir çox erməni ekspertləri bildirirlər ki, mövcud problemlər bu ölkədə sosial inqilab çağırışlarını aktuallaşdırmaqdadır. Məhz bu, Ermənistanın perspektivini sual altına alan başlıca faktorlardandır...

Bu günlərdə ABŞ-ın Gellap İnstitutu isə yoxsulluğun ən yüksək faizinin qeydə alındığı ölkələrin müəyyən edilməsi üzrə sorğunun nəticələrini açıqlayıb. Tədqiqat 143 ölkədə yaşı 15 və daha çox olan 1000 respondent arasında aparılmış sorğuya əsaslanır. Respondentlər gündəlik həyatlarını necə qiymətləndirmələrinə müvafiq olaraq firavan yaşayanlar, ehtiyac hiss edənlər və yoxsullar kimi təsnif edilib. Araşdırmanın nəticələrinə görə, yoxsul respondentlər 47 faizdir.

Beləliklə də, sadalanan faktlar Ermənistanın 2015-ci ildə də perspektivini böyük və cavabsız sual altında qoyur.

A.SƏMƏDOVA

Digər xəbərlər