Prezident İlham Əliyevin liderlik keyfiyyətləri nəinki Cənubi Qafqaz ölkələri sırasında, eləcə də daha geniş arealda öndə tutulur. Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini təmin edib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Hazırda makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.
Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın diversifikasiyası ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft (turizm, sənayeləşmə, İKT və s.) sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Göründüyü kimi, ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin edib. Bu gün hər bir sektorda iqtisadi inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Ümumiyyətlə, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib.
Azərbaycan sürətlə inkişaf edən dövlətdir
Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə düşüb. Yoxsulluq 6 faizədək enib. Bu rəqəm yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir. Bütün bunların fonunda dövlətimizin başçısı bir-birinin ardınca yüksək mükafatlara layiq görülür. "10 ilin dövlət adamı" seçildiyini sorğunun təşkilatçısı olan "Ekovitrin" jurnalı bununla bağlı verdiyi yazıda da açıq-aydın münasibət bildirib: "Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafını öz siyasətinin başlıca istiqaməti kimi müəyyənləşdirmiş, qarşıya qoyulan məqsədlərə çatmaq üçün çoxsaylı dövlət proqramları, layihələr reallaşdırılmışdır. Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilmişdir. Son illər ölkənin sənaye, turizm, idman, bank fəaliyyəti, ticarət və digər sahələrində ciddi irəliləyiş müşahidə olunmaqdadır. Hazırda Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanmışdır. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatmışdır. Doqquz milyondan çox əhalisi olan Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olmuşdur".
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. İlk növbədə, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Təsadüfi deyil ki, Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətlərinin və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, sadalananlardan belə bir qanunauyğun və məntiqi nəticəyə gəlmək olur ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.
Ötən 11 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Bundan başqa Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi və mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan BMT TŞ-nın qeyri-daimi üzvü, süni peykini fəzaya çıxaran kosmik ölkə, 2015-ci ildə ilk dəfə təşkil olunacaq Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcək bir dövlətdir. Həmçinin beynəlxalq əhəmiyyətli bir çox siyasi, iqtisadi, mədəni forum və konfransların keçirildiyi yerdir. On ildə Azərbaycan sürətli inkişafı ilə Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirib. Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur. Azərbaycanın enerji siyasətinin növbəti uğuru 2012-ci ilin iyun ayında Azərbaycan və Türkiyə arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi üzrə Hökumətlərarası Saziş və Ev Sahibliyi haqqında Sazişin imzalanması olub. Azərbaycan qazının Avropaya çatdırılmasının daha bir marşrutunu müəyyənləşdirən TANAP layihəsi qitə ölkələrinin enerji maraqlarına cavab verir. Bu layihə ilə Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olması bir daha təsdiqini tapır. TANAP layihəsi əsasında Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan, yaxud Türkiyə-Yunanıstan sərhədi vasitəsilə Avropaya çıxarılacaq.
Beləliklə, bir daha qeyd etmək mümkündür ki, Cənab Prezident İlham Əliyevin istiqamətləndirdiyi uğurlu siyasət nəinki Azərbaycana, eləcə də dünyanın bir çox aparıcı ölkələrinə öz əvəzsiz töhfələrini verməkdədir. Ölkə başçımızın "İlin Xəzər dövlət adamı" nominasiyasına layiq görülməsi bu amilin növbəti göstəricilərindən biridir.
Rəfiqə Hüseynova