"ABŞ demokratiyaya dəstək adı altında daha çox hakimiyyət əleyhinə mövqe nümayiş etdirir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Yanvarın 12-də Vaşinqtonda ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) tərəfindən təşkil olunacaq "Azərbaycanda müstəqil səslərin susdurulması" adlı müzakirələrə münasibət bildirən Z.Oruc qeyd edib ki, bu müzakirələrdə anti Azərbaycan qüvvələrin yer alması heç də təəccüb doğurmur: "Onların xidmətləri bu istiqamətdə ixtisaslaşıb. Bir qayda olaraq, anti hakimiyyət dairələrinin maliyyələşməsi, ölkə daxilində onların inqilabi ünsürlər kimi yetişdirilməsi, məhz bu kimi qərb təşkilatlarının əsas fəaliyyət istiqamətləridir. Belə olan təqdirdə Demokratiyaya Milli Dəstək Fondu (NED) və digər təşkilatların son illər ərzində müxtəlif ölkələrdə həyata keçirdikləri işlərə nəzər salıb tam əminliklə deyə bilərik ki, burada seçilən metod, qaydalar soyuq müharibə dövrünün prinsipləri əsasında formalaşdırılıb. Azadlıq radiosunun Bakı bürosunun bir müddət rəhbəri olmuş Mirzə Xəzərin özü də qeyd etmişdi ki, verilən əmrlərin hamısı qərbdəki mərkəzi qurumlardan göndərilirdi. Belə olan təqdirdə radionun azadlıq ideyalarına xidmət etdiyi barədə deyilən fikirlərin nə dərəcə əsassız olduğu bir daha ortaya çıxır. Mən düşünürəm ki, Azadlıq radiosu ətrafındakı müzakirələr Azərbaycan-ABŞ münasibətlərinə zərər verməyəcək. Ümumiyyətlə hər hansısa bir radionun problemini iki dövlətin münasibətlərinə yükləmək çox yanlış istiqamətdir".
sia.az