PDF Oxu

Siyasət

  • 14

ABŞ daxili problemlərini digər ölkələrə qara yaxmaqla gizlədir

ABŞ daxili problemlərini digər ölkələrə qara yaxmaqla gizlədir

Müstəqil və demokratik Azərbaycanın hədəfə alınması da bu çirkin məqsədi güdür

Son günlər ABŞ siyasi dairələrinin, eləcə də bu ölkədə fəaliyyət göstərən müxtəlif beynəlxalq təşkilatların Azərbaycanı qərəzlə hədəfə alan və dövlətimizin yürütdüyü müstəqil siyasətinə müdaxilə edən bəyanatlar, hesabatlar təqdim etmələri arxasında növbəti amillər meydana çıxmaqdadır. Belə ki, ABŞ siyasətinin tərkib hissələrindən biri də öz problemlərini ört-basdır etmək üçün digər dövlətlərə qara yaxmaqdan ibarətdir. Hətta qeyd etmək mümkündür ki, bu faktor "Ağ Ev"in ən çox yürüdülən siyasətidir. Əbəs yerə deyil ki, ABŞ-ın Dövlət Departamenti, xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, o cümlədən, konqres və senatı zaman-zaman hər hansı bir ittihamla çıxış edərək, guya dünyada ideal demokratiyanı bərqərar edən supergüc kimi görünməyə cəhd edir. Ancaq nəticədə ABŞ hansı ölkədə "ideal demokratiya toxumu" səpirsə, həmin ölkələrdə üsyanlar, qiyamlar, hətta terror hadisələri baş verir və əslində, Amerikanın etmək istədiyi də məhz budur. Bununla da "Ağ Ev" ona problem yarada biləcək istənilən amili bu yolla çözmüş olur.

Həyasız amerikalı riyakarlığı

Digər tərəfdən, bu gün Azərbaycana qarşı səlib yürüşünə çıxan və ABŞ daxilində cərəyan edən bir çox neqativlikləri də məhz bu qeyri-demokratik, irtica xarakterli yürüşlər vasitəsilə pərdə arxasında gizlədir.

Əbəs yerə deyil ki, bu günlərdə baş ofisi Nyu-Yorkda olan Jurnalistləri Müdafiə Komitəsi (JMK) "Azərbaycan Avropada jurnalistlər üçün böyük həbsxanaya çevrilib", ya da "Rəsmi Bakı etdiklərinə görə cavab verməlidir" tipli sərsəm bəyanatlar yaymaqla ABŞ-ın siyasi dairələri tərəfindən aldığı təlimatları canla-başla həyata keçirib. Guya Azərbaycanda söz və ifadə azadlığının pozulduğunu car çəkən bu qeyri-ciddi və dırnaqarası jurnalist təşkilatı bu da azmış kimi, hətta dünya birliyini də Azərbaycanda KİV-in vəziyyətinin pisləşməsinə reaksiya verməyə çağırıb. Belə ki, adıçəkilən qurumun icraçı direktoru Coel Saymon Azərbaycanda fəaliyyət göstərən müxalifətyönlü informasiya agentliyinə vediyi müsahibəsində həyasızlığına qapılaraq deyib ki, guya bizim ölkəmiz Avropada jurnalistlər üçün "böyük həbsxanaya" çevrilib (?!-R.N.). Maraqlısı da budur ki, Azərbaycanı doğru-dürüst tanımayan, burada heç bir jurnalis fəaliyyəti göstərməyən, o cümlədən, ölkəmizin mətbuatı haqqında bilgisiz olan bu amerikalı, bu da azmış kimi, bir az da irəliyə gedərək, Azərbaycan hakimiyyətinə qarşı da tftiralı ifadələr işlədib. Məsələn, deyib ki, Azərbaycan hökuməti daim beynəlxalq legitimliyə can atır, eyni zamanda isə daxili özgəfikirliliyi boğmağa çalışır və s.

Beləliklə, gözlənildiyi kimi, mövzusunun istiqamətini "Azadlıq" Radiosuna istiqamətləndirən həyasız amerikalı daxili riyakarlığını bir az da qabardaraq, əslində təlimatlandırılmış şəkildə danışdığını gizlədə bilmir.

"New York Times"in jurnalisti ona verilmiş təlimatı necə etiraf etdi?

Eləcə də ABŞ-da nəşr olunan "New York Times" da eyni mövqeli məqalə hazırlayaraq, ölkəmizə qarşı qeyri-ciddi ittihamlar yağdırıb. JMK rəsmisindən fərli olaraq, ittihamını digər istiqamətə yönəldən "New York Times" isə guya rəsmi Bakının ABŞ-a qarşı təhdid dili ilə (?!-R.N.) danışdığını yazıb. Məqlənin müəllifi isə Avrasiyada hərbi və təhlükəsizlik məsələlərindən yazan jurnalist Coşua Kuçeradır və onun Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqələrinin olduğu barədə informasiyalar mövcuddur. Sən demə, amerikalı agent-jurnalistin dar düşüncəli fikrincə, ABŞ Azərbaycanın istədiklərini yerinə yetirmədiyinə görə, bizim ölkəmizin siyasəti dəyişdirilib və Qərbə deyil, Rusiyaya tərəf meyillənməyə başlayıb. Tamamilə absurd və yalan olan bu iddialar da belə qənaətə gəlməyə əsas yaradır ki, Amerikanın adıçəkilən nüfuzlu qəzeti yuxarı instansiyalardan aldığı tapşırıq əsasında, əslində ABŞ siyasi dairələrinin Azərbaycana qarşı təzyiq dilində danışmaq cəhdini hər vəchlə gizlətməyə çalışır. Çünki reallıq da budur ki, bu gün Azərbaycanda yürüdülən müstəqil siyasət həm də ölkəmizin dövlət təhlükəsizliyinin qorunmasına xidmət edir. Amerika isə bu müstəqil siyasət qarşısında, sözün həqiqi mənasında, tab gətirə bilmir. Ona görə də başlayır bu kimi siyasi oyunbazlıqlara əl atmağa.

Əgər Azərbaycanda həqiqətən də söz və mətbuat azadlığı olmasaydı, bu zaman ölkəmizə qarşı yönəldilmiş qərəzli informasiyalar dərhal müxalifət qəzetlərində və saytlarında yerləşdirilərək, ictimailəşdirilməzdi!

Guya Azərbaycanın Rusiyaya meyillənməsi barədə irəli sürülən gülünc iddialara isə belə cavab vermək mümkündür ki, bu gün müstəqil ölkəmiz öz güclü iqtisadiyyatı ilə heç yerə meyillənmir, əksinə vaxtilə Azərbaycana tərəf yuxarıdan aşağıya doğru baxan bir çox ölkələr indi bizə sarı meyillənməyə çalışırlar. Müxtəlif enerji layihələrində, digər böyük projelərdə lokomotiv rolunu oynayan güclü Azərbaycanın iştirakı ən vacib faktor kimi qiymətləndirilir. Yaxud Azərbaycanın iştirakı olmadan nəzərdə tutulan layihələrin reallaşdırılmasında problemlər yarana bilər.

Ən əsası isə bu gün Azərbaycanda bütün sahələrdə, o cümlədən, söz və ifadə azadlığı istiqamətində sabit ölkə kimi, bir çox Qərb dövlətlərini də arxada qoyur. Məsələn, bu gün Azərbaycanda onlarla müxalifət mətbuatı, yüzlərlə informasiya agentlikləri, portallar azad şəkildə fəaliyyətlərini davam edirlər. Çox da uzağa getməyərək, elə "New York Times"da ölkəmiz əleyhinə dərc edilən yazısının, yaxud JMK-nin icraçı direktorunun Azərbaycana qarşı irəli sürdüyü qərəzli müsahibəsinin müxalifət qəzetlərində işıq üzü görməsini göstərmək mümkündür. Əgər Azərbaycanda həqiqətən də söz və mətbuat azadlığı olmasaydı, bu zaman ölkəmizə qarşı yönəldilmiş qərəzli informasiyalar dərhal müxalifət qəzetlərində, saytlarında yerləşdirilərək, ictimailəşdirilməzdi! Məgər Azərbaycan üçün "narahat" olan Amerikasayağı siyasi həyazıslığa bu cavabın özü kifayət etmirmi?!

Əgər ABŞ-da hər hansı media qurumu digər xarici ölkənin kəşfiyyatına, işləsə, ona qarşı ən sərt tədbirlər görülə bilər, hətta "təsadüfən" həmin media qurumunda "terror hadisəsi" də törədilər

Son olaraq daha bir məqamı xatırlatmaq yerinə düşərdi ki, özünün milli və dövlət təhlükəsizliyini qoruyan istənilən ölkə onun ərazisində müxtəlif adlar altında fəaliyyət gösətərən qurumları ifşa edərsə, onların fəaliyyətini araşdırar, hətta lazım gəldikdə bağlayar. Bu, bir həqiqətdir ki, məhz "Azadlıq" Radiosunun Bakı bürosu nəninki Amerikanın Konqresi, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təlimatlandırılır. Burada çalışan insanlar isə jurnalistlik pərdəsi altında MKİ-yə agentlik edirlər. Təkcə Xədicə İsmayılın bu sırada ifşa olunması deyilənlərin həqiqətə uyğunluğunu sübut edir. Yəqin ki, əgər ABŞ-da hər hansı media qurumu digər xarici ölkənin kəşfiyyatına, məsələn Rusiyaya işləsə, həmin media qurumuna qarşı ən sərt tədbirlər görülə bilər, hətta "təsadüfən" həmin media qurumuna qarşı "terror hadisəsi" törədilər və bununla da məsələ bitər. Ancaq Azərbaycan ABŞ-dan fərli olaraq, hər addımı sivil olaraq, demokratik dəyərləri qorumaqla atır. Bu isə ABŞ "demokratiyasını", sözün həqiqi mənasında, kölgədə qoyur. Ona görə də ABŞ Azərbaycanın müstəqilliyinə qarşı bu qədər aqressivləşir, qıcıqlanır və nəticədə heç nə edə bilmir. Ona görə də gah bu, gah da digər qeyri-məntiqsizliklərə hücumlarını davam etdirir.

Rövşən NURƏDDİNOĞLU

P.S. Bu gün Azərbaycanın Rusiyaya meyillənməsini iddia edərək, ölkəmizə qarşı iddialar irəli sürən "New York Times" qəzetinin dar düşüncəli jurnalisti həmin məqaləsində özü də bilmədən, ölkəsinin xüsusi xidmət orqanları tərəfindən ona verilmiş təlimatı açıq-aşkar ortaya qoyub. Məsələn yazıb ki, "Bakıda Rusiyayönlü qüvvələr baş qaldırsa da, digər güclü bloklar Qərblə daha yaxın münasibətlərin tərəfdarıdır. Azərbaycanda ölkəni Rusiya istiqamətində aparmaq istəyən qüvvələrlə yanaşı Qərblə münasibətləri daha da gücləndirməyə çalışan ciddi qüvvələr də var". Görünən budur ki, bu gün Azərbaycanı öz müsətqllik yolundan döndərmək üçün məhz Qərbə işləyən radikal, dağıdıcı və anarxist müxalifətin mövcudluğu artıq sübut edildi. Bu sübutu isə məhz "New York Times" qəzeti sözügedən məqaləsi ilə təsdiq etdi...

Digər xəbərlər