ABŞ Azərbaycanlıları Şəbəkəsi ölkənin qanunvericilərini amansız aksiyanı rəsmən pisləyən qətnamələr qəbul etməyə çağırır
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıqsaçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi.
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Artıq bu qanlı hadisədən 25 il ötür. Azərbaycanda olduğu kimi, dünya ölkələrində də bu hadisə ilə bağlı silsilə tədbirlər keçirilir, dünya ictimaiyyətiniə Azərbaycan həqiqətləri lazımı səviyyədə çatdırılır. Belə ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin 1990-cı ilin qanlı Yanvar hadisələri barədə məlumatlandırılması üçün yazılı kampaniyaya start verib. Şəbəkənin hazırladığı müraciətdə "Human Right Watch" hüquq-müdafiə təşkilatının "Azərbaycanda qanlı Yanvar" adlı hesabatından faktlar göstərilir, habelə sovet ordusu tərəfindən qətlə yetirilmiş dinc sakinlər barədə statistik məlumatlar verilir. Müraciətdə bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisəsi həm də Azərbaycanda sovet hakimiyyətinə son qoydu. İyirmi beş ildən sonra da qanlı Yanvar öz mahiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıdakı Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad edir. Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20 Yanvar hadisələri barədə məlumat verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmən pisləyən qətnamələr qəbul etməyə çağırırlar.
Nəzakət ƏLƏDDİNQIZI