Müsavat, KXCP və digər partiyalar Qubad İbadoğlunu hədəfə alıblar
"Azərbaycan Demokratiya və Rifah" (ADR) hərəkatının təşikilatlanması artıq düşərgə daxilində ciddi narazılıq qığılcımları doğurmaqdadır. Belə ki, hərəkat rəhbəri, eyni zamanda Müsavatın narazılar qrupunun lideri Qubad İbadoğlu yaradılan qurumun tərkibinə yalnız müsavatçıları deyil, o cümlədən, digər partiya təmsilçilərinin də qoşulmasına şərait yaradır. Bu isə təbii olaraq, həmin partiyaların rəhbərliyində qıcıq yaradır.
Məsələn, Müsavat partiyasının sonuncu divan toplantısında çıxış edən partiya funksioneri Razim Əmiraslanov Qubad İbadoğlunun ən yaxın dəstəkçilərindən biri kimi Vurğun Əyyubun partiyanın məclis üzvlüyündən çıxarılmasını tələb edib. O, eyni zamanda belə bir iddia ilə çıxış edib ki, Qubad İbadoğlunun hərəkatı tam olaraq təşkilatlandıqdan sonra həmin qurum partiyaya çevriləcək. Müsavatın narazılar qrupu isə həmin partiyada məhz Müsavata qarşı çıxış edərək, onun zəiflədilməsinə çalışıacaq. Məhz bu iddianın arxasında da dayanan əsas məsələ artıq qarşıdurmanın əsasının qoyulduğunu göstərir.
Xəzər Teyyublu: "Əgər nə isə yaradırlarsa KXCP-dən, onun üzvlərindən yan keçsinlər"
Bu arada, "ADR" hərəkatının rayonlarda da təşkilatlanması, təşəbbüs qruplarının yaradılması KXCP-yə də təsir edib. Belə ki, "klassiklərin" sədr müavini Xəzər Teyyublu "ADR"-in təşəbbüs qrupunun Salyan rayon təşkilatının qərargahında toplaşmasına, məhz orada təşkilatçılıq işlərinin müzakirə edilməsinə sərt təpki göstərib. Xəzər Teyyublu "SƏS"-ə açıqlamasında deyib ki, Müsavata, KXCP-yə əl uzadıb, kimlərisə öz hərəkatlarına cəlb etmək şüursuz addımdır. Partiya rəsmisi daha bir məqama da toxunaraq deyib ki, Qubad İbadoğlunun və tərəfdarlarının "ADR"-ə KXCP üzvlərinin qoşulması barədə fikirləri əsassızdır. Çünki özlərini KXCP üzvü hesab edən tərəflər, əslində, partiyada heç bir fəaliyyət göstərmirlər və özləri üçün fraksiya yaradıblar. Yəni onlar başda KXCP sədri Mirmahmud Mirəlioğlu olmaqla, partiya rəhbərliyinə qarşı qiyam qaldıraraq, narazılar fraksiyası yaradanlardırlar. Sitat: "Artıq bəllidir ki, hərəkat deyilən bir qurumun təsis təşkilat komitəsi yaradılıb və təşkilatın tədbirlərindən biri də KXCP-nin Salyan rayon təşkilatında keçirilib. Lakin onu da vurğulamaq istərdim ki, bu gün özlərini KXCP-nin siyasi həyatında hiss edən bir sıra şəxsin ADR-də təmsil olunmaları qeyri-mümkündür. Çünki ADR-ə qoşulanlar vaxtilə KXCP daxilində fraksiya yaradaraq, bu partiyanın işinə xələl gətirməyə çalışan tərəflərdirlər. Yəni hal-hazırda KXCP-də fraksiya yaradan bir qrup şəxs, əslində KXCP-nin işində iştirak etmir".
Teyyublu onu da deyib ki, əgər kimlərsə hansısa hərəkatda təmsil olunmağı nəzərdə tuturlarsa, buyursunlar. Gələcəkdə narazı elektoratı, demokratik düşüncəli insanları bir yerə toplayan hərəkat yaradılacaqsa, ola bilsin ki, mövcud siyasi partiyanın üzvləri orada qismən iştirak etsin. Yəni yeni fikir, ideya ortaya qoyan hərəkat yaradırsansa, bu, başadüşüləndir. Amma mövcud siyasi partiyaların narazı insanlarını yığıb hansısa hərəkat yaradırsansa, hər şey dəyişməz qalacaq: "Oturuşmuş insanları bir araya gətirməyin heç bir adı yoxdur. Bu haqda narazılığımı bildirmişəm. Əgər nə isə yaradırlarsa KXCP-dən, onun üzvlərindən yan keçsinlər. Müsavata, KXCP-yə və digərlərinə əl uzadıb, kimlərisə öz hərəkatlarına cəlb etmək, sıralarını genişləndirmək şüursuz addımdır. Bunun adekvat cavabı özlərinə qayıdacaq. Bir daha bəyan edirəm ki, oraya qoşulanlar KXCP üzvləri deyillər".
Göründüyü kimi, Qubad İbadoğlu ona qarşı başladılan bütün hücumlara rəğmən, öz işini davam etdirir. Bu faktor isə istər-istəməz digər partiyalar tərəfindən hərəkata qarşı tədbirlər görülməsinə səbəb olur. Daha dəqiq desək, "ADR" düşərgə daxilində yeni parçalanmaların və qarşıdurmaların təməlini qoymağa başlayıb.
Afət TAHİRQIZI