PDF Oxu

Siyasət

  • 10

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir

İlham Əliyev: "Artıq diplomatik dillə danışmağa da ehtiyac yoxdur"

Bu gün Azərbaycanın xarici siyasətinin önündə dayanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərin artırılmasına baxmayaraq, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi konkret nəticənin əldə olunmasına mane olur. Bu məsələ ilə bağlı yanvarın 10-da Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına həsr olunan iclasında bildirib ki, işğalçı dövlətə təzyiq göstərilməli, o, işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir: "Dağlıq Qarabağ münaqişəsinin həllində, əfsuslar olsun ki, keçən il də heç bir irəliləyiş olmayıb. Ötən il də Ermənistan, sadəcə, danışıqlar prosesində imitasiya taktikasını seçib. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və o, işğal edilmiş torpaqlardan çıxmasın. Baxmayaraq ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir".

Dövlət başçısı onu da vurğulayıb ki, işğalçı dövlətə təzyiq göstərilməli, o, işğal olunmuş torpaqlardan çıxmağa məcbur edilməlidir: "Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə isə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə, bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!"

Ötən ilin sonunda Ermənistanın bir neçə dəfə açıq təxribatlara əl atdığını qeyd edən ölkə Prezidenti, həmçinin bildirib ki, buna baxmayaraq hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək, onu yerinə oturtdu: "Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq, bu, formal bir məna daşıyır".

Ali Baş Komandan, həmçinin bu məsələnin həlli prosesində diplomatik dillə danışmağa heç ehtiyac olmadığını da diqqətə çatdırıb: "Bir daha demək istəyirəm, həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması, sadəcə olaraq, Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bir gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik".

İclasda dövlət başçısı Ermənistanın Azərbaycanla müqayisəedilməz olduğunu bildirib: "2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıbdır. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni, növbəti illərdə ancaq bu proses daha da sürətlə gedəcək".

Beləliklə, bir daha təsdiq olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli mövqe ictimai rəydə rəğbətlə qarşılanmaqdadır. Dövlətimizin problemin həllinə dair rəsmi mövqeyini həm vasitəçi ölkələrin rəhbərləri, həm də işğalçı dövlətin lideri ilə, eyni zamanda, beynəlxalq təşkilatlardakı müzakirələrdə çox konkret şəkildə ifadə edir: "Bu münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll olunacaqdır".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər