İlham Əliyev: "Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir"
Ötən illərdə olduğu kimi, 2014-cü ildə ölkəmiz üçün bir çox mühüm hadisələrə yadda qaldı. Belə ki, Prezident İlham Əliyevin yürütdüyü müstəqil praqmatik siyasət nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənmişdir. Ölkədə əldə olunan bu uğurların təməlində düşünülmüş siyasət, mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır. Ən önəmlisi isə atılan hər bir addımların, görülən işlərin mərkəzində hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan ailəsinin rifahı və firavan həyatı dayanır.
Enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı
Bu gün Avropa enerji təhlükəsizliyində sabitliyə nail olmaq üçün etibarlı tərəfdaş və tranzit ölkə axtarır. Bunun üçün də etmadı doğruldan həm yeni karbohidrogen ehtiyatları mənbəyi, həm etibarlı hasilatçı və tranzit dövlətə ehtiyac gündəmdədir.
Artıq ölkəmiz Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olduğunu sübut edib və bu mövqe daim möhkəmlənir. Neft və qazın nəqlində çoxşaxəliliyə nail olmaq da təchizatda mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Avropa üçün mənbə, hasilat, çoxşaxəli nəql baxımdan olduqca önəmlidir. Hazırda kəşf olunan yeni qaz yataqları Azərbaycanı iri qaz ixracatçısına çevirib. Yeni yataqların aşkar edilməsi də şəksizdir. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir... Belə ki, 2013-cü ildə "Şahdəniz-2" layihəsinin imzalanması və yaxın gələcəkdə reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təcizatının 20 faizini təmin edəcəkdir. Ölkəmiz üçün də bu layihənin çox böyük iqtisadi və siyasi əhəmiyyəti vardır. Təbii ki, Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artmasını istəməyən qüvvələr bu layihənin imzalanmasına hər bir vasitə ilə mane olmaq istərdilər, lakin dövlət başçısının cəsarəti və güclü siyasi iradəsi ilə bu məsələ öz həllini tapmışdır. Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: "İlin sonunda "Şahdəniz-2 " layihəsinin imzalanması" elə bil ki, 2013-cü ilə gözəl yekun vurdu. Bu layihə də "Asan xidmət" kimi ölkəmizin gələcək inkişafı üçün müstəsna əhəmiyyətə malik olan hadisədir. Onilliklər bundan sonra ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edəcəkdir. Azərbaycan, bildiyiniz kimi, enerji siyasəti sahəsində liderlik keyfiyyətini bu dəfə də ortaya qoydu. Uzun illərdir ki, müzakirələrdən sonra görəndə ki, artıq "Cənub qaz dəhlizi" layihəsi axsayır, Azərbaycan siyasi və iqtisadi məsuliyyəti cəsarətlə öz üzərinə götürmüşdür. "Şahdəniz-2" layihəsi gərgin şəraitdə imzalanmışdır... Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq deyildi. Ancaq bir şeyi qeyd etməliyəm ki, Azərbaycan və onun tərəfdarları bütün səyləri birləşdirərək bu tarixi layihənin imzalanmasına nail oldular".
İqtisadi yüksəliş böyük siyasi qələbələrin təməlidir
Müasir müstəqil Azərbaycan dövləti artıq 11 ildir ki, Ulu Öndərimizin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir tariximizin yeni parlaq səhifələrini yazır. Son on bir ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, 1 milyon 200 mindən çox yeni iş yerinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət artıq bir çox mühüm sahələr üzrə Azərbaycanı dünya birincisinə çevirib. Son illər iqtisadi artım dinamikasına, sürətli inkişaf səviyyəsinə görə Azərbaycan dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edir. Aparılan iqtisadi yeniləşmədə də Azərbaycan ən islahatçı ölkə elan olunub. Azərbaycanda iqtisadi sahədə də çox böyük uğurlar əldə edilmişdir. Son on bir il ərzində iqtisadi islahatlarla bağlı atılan addımlar və əldə edilmiş nəticələr dünya miqyasında heyranlıqla qarşılanır. Təsadüfi deyildir ki, bu nəticələr insanların gündəlik həyatında da öz əksini tapmaqdadır.
Sözügedən dövrün sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. 2003-2014-cü illərdə qeyri-neft sektoru 3 dəfədən çox artmışdır. Azərbaycan bu müddətdə milli iqtisadiyyatın artım tempinə görə dünyada lider dövlətlərdən biri olmuşdur. 2003-cü ildə adambaşına düşən ÜDM 3 min 150 dollar idisə, bu rəqəmin cari ilin sonuna qədər 11 min dollara çatması gözlənilir. Həmin göstərici ilə Azərbaycan son 11 ildə dünya reytinqində 100 pillə irəliləyərək orta gəlirli ölkələr klubuna daxil olmuşdur. Bu dövrdə respublikanın tədiyyə balansı 2 milyardlıq defisitdən 15 milyard profisitə qədər yüksəlmişdir. Strateji valyuta ehtiyatlarımız 29 dəfə artaraq 50 milyard dollara çatmışdır. İşsizlik səviyyəsi 5,1 faizə endirilmişdir. Yoxsulluq 10 dəfə azalmış, 3 milyon insan yoxsulluq səviyyəsindən azad olmuşdur. Hazırda Azərbaycan yoxsulluğun səviyyəsi ən aşağı olan 20 ölkədən biridir. Eyni zamanda, ölkəmiz makroiqtisadi sabitliyə görə dünyada 148 dövlət arasında ilk səkkizlikdədir.
Sözsüz ki, bu inkişafın əsasında dövlət başçısı İlham Əliyevin apardığı titanik və son dərəcə məhsuldar fəaliyyət durur. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev inkişafın davamlılığı və gələcək yüksək mərhələ barədə demişdir: "Biz artıq öz iqtisadi və siyasi potensialımızla region çərçivələrindən çoxdan çıxmışıq. Bizim əsas hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Burada təkcə iqtisadi islahatlar kifayət etməyəcəkdir. Azərbaycan bütün parametrlər üzrə daha da sürətlə inkişaf etməlidir, siyasi islahatlar, sosial sahədə islahatlar davam etdirilməlidir, sosial ədalət prinsipləri tam bərqərar olmalıdır".
Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır.
RƏFİQƏ HÜSEYNOVA