"İşğalçı Ermənistana qərb dünyasının təzyiq etməməsi xristian təəssübkeşliyinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, qərb dünyasında xristian təəssübkeşliyinin olması artıq heç kəsə sirr deyil, sadəcə bu məsələyə müxtəlif formalarda don geyindirirlər: "Bəzi qərb dairələri işğal edilmiş torpaqlar kəlməsini işlədirlər, ancaq işğal edənin kimliyini söyləmirlər. Azərbaycanın ərazilərinin iyirmi faizinin işğal altında olduğunu təsdiqləyirlər, ancaq bu məsələnin həlli yolunda heç bir addım atmırlar. Məhz bu faktlar bir daha qərb dünyasının niyyətini gözlər önünə sərir. Ümumiyyətlə son dövrlərdə ciddi bir siyasi riyakarlıq prosesi başlayıb. Bu proses daha çox müsəlman ölkələrinə, o cümlədən də Azərbaycana münasibətdə özünü çox biabırçı formada göstərir. Əgər bu hallar olmasaydı və bu problemin həllinə obyektiv yanaşılsaydı, bu məsələ çoxdan öz həllini tapmışdı və Cənubi Qafqazda sülh və əmin amanlıq bərpa olunmuşdu".
sia.az