"Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi"ndə fikir ayrılığı yaranıb
Ölkənin 11 müxalifyönlü partiyasının təmsil olunduğu "Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi"ndə ("SPDİHM"-A.T.) 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı fikir ayrılığı yaşanmaqdadır. Belə ki, "SPDİHM"də təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında bildirib ki, ortada yaranmış fikir ayrılığı xüsusilə ondan ibarətdir ki, orada təmsil olunan siyasi təşkilatlar ayrı-ayrılıqda, başqa bir müstəvidə, başqa bir razılaşma ilə seçkiyə getmək istəyirlər: "Yəni hamı bir yerdə getmək, hamı eyni taleyi bölüşmək istəmir. Partiyalar arasında ideoloji yönümdə də fərqlilik mövcuddur. İdeoloji baxımdan uyğun olan partiyalar bir yerdə getmək istəyir".
Sərdar Cəlaloğlu parlament seçkilərində deputat yeri qazanmaqdan ötrü digər partiyaların gücündən istifadə etməyə çalışır
ADP sədrinin sözlərindən həm də belə aydın olur ki, sözügedən məqamda əsas məsələ uzun illərdir ki, müxalifət düşərgəsində mövcud olan qəbuledilməzlik faktorudur. Daha dəqiqi, bu gün ADP, ya da digər hər hansı bir partiya hətta eyni birlikdə, ya da mərkəzdə təmsil olunmasına rəğmən, müəyyən fikir, təklif, ideya irəli sürürsə, onun bu ideyası baqşaları tərəfindən ayrı cür anlaşılır. Yəni belə hesab edilir ki, məsələn, Sərdar Cəlaloğlu 2015-ci ildə keçiriləcək parlament seçkilərində deputat yeri qazanmaqdan ötrü digər partiyaların gücündən istifadə etməyə çalışır. Lakin digər partiyaların da parlament seçkilərində deputat mandatı qazanmasını istəmir. Məhz bu amili önə çəkən ADP sədri ortada fikir ayrılığının olduğunu etiraf edib.
Sərdar Cəlaloğlu hansı səbəbdən yerdə qalan partiyaların da onlara qoşulmasını ciddi-cəhdlə israr etmir?
Maraqlı cəhətlərdən biri də ondadır ki, Sərdar Cəlaloğlu da həmin fikirləri dolayısı ilə qəbul edib. Məsələn, ADP sədri deyib ki, qarşıdan gələn parlament seçkilərinə "Qarabağ" siyasi blokunda təmsil olunduğu "Ümid" partiyası ilə və Müsavatla getmək niyyətindədir. Yəni yerdə qalan digər müxalifət partiyaları onun marağında deyil. Bu zaman belə bir sual yaranır ki, "Ümid" və Müsavat partiyaları ilə birgə parlament seçkilərinə qatılmağı nəzərdə tutan Sərdar Cəlaloğlu hansı səbəbdən yerdə qalan partiyaların da onlara qoşulmasını ciddi-cəhdlə israr etmir? Çünki ADP sədrinin məhz "Ümid" və Müsavat partiyalarının üzərində israrla dayanması göz önündədir. Məsələn, Sərdar Cəlaloğlu bununla bağlı öz açıqlamasında bildirib: "Biz "Ümid" partiyası ilə bir yerdəyik. Biz "Ümid" partiyası, Azərbaycan Demokrat Partiyası və Müsavat partiyasından ibarət bir blok şəklində getməyi daha məqsədəuyğun hesab edirik".
Onsuz da "Ümid" və Müsavat faktoru həmin razılığı pozacaqdı
Göründüyü kimi, "SPDİHM"-də təmsil olunan ADP, "Ümid" və Müsavat üçlüyündən kənar qalan partiyalar - KXCP, AXP, AzDP, VİP, ALDP, "Aydınlar", "Azadlıq" və "Böyük Azərbaycan" partiyaları ADP-"Ümid"-Müsavat üçlüyündən kənarda qalmaqdadırlar. Çünki ortada daha bir səbəb mövcuddur. Belə ki, yerdə qalan partiyalar ADP sədrinin sözlərinə inanaraq, birgə şəkildə, vahid formada parlament seçkilərinə getmək üçün ümumi razılığa gəlsəydilər belə, ortada olan "Ümid" və Müsavat faktoru həmin razılığı pozacaqdı. Çünki hər iki partiya ötən və daha öncəki parlament seçkilərindəki müttəfiqlərini kifayət qədər aldadıblar. Məhz bu amil də Sərdar Cəlaloğlunun sözügedən birlik təklifinə "hə" demək imkanı verməyib.
Burada korporativ maraqların mövcudluğu faktorunun olması danılmazdır
Amma buna baxmayaraq, üçlükdən başqa yerdə qalan səkkiz partiyanın ayrılıqda 2015-ci ildə keçiriləcək parlament seçkilərinə namizəd irəli sürmələri gözlənilir. Məsələn, "SPDİHM"-də təmsil olunan VİP sədri Əli Əliyev, öz növbəsində deyib ki, orada təmsil olunan partiyaların hər birinin özünün korporativ maraqları ola bilər. Bu maraqların korporativ olmalarına səbəb isə yuxarıda qeyd edilən fikirlərdir. Ona görə də növbəti müxalifət birliyində yaranmış fikir ayrılığı onun yaxın gələcəkdə fəaliyyətinin sonunu gətirəcəyini kifayət qədər proqnozlaşdırmaq olar.
Afət TAHİRQIZI