Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, siyasi partiya təmsilçiləri, QHT rəhbərləri, media nümayəndələri iştirak edirlər.
Tədbirdə ilk çıxış edən Şura sədri Azay Quliyev bildirib ki, son aylar ABŞ-da dövlət institutları da daxil olmaqla, bir sıra qurumlar Azərbaycanla bağlı həqiqətləri əks etdirməyən bəyanatlarla çıxış edir, ölkələr arasında strateji əməkdaşlığa uyğun gəlməyən mövqe ortaya qoyurlar: "Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı Şuraya müraciətlər daxil olub. Biz də qərara gəldik ki, Şura belə dinləmə keçirsin, ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərləri dəvət olunub. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqussonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər? Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəlikləri yerinə yetirib. Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı strateji qərar qəbul edib, ABŞ-da buna etiraz oldu? ABŞ-da Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə niyə münasibət bildirilmir? ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar? Kozlariç, Kramer kimi keçmiş diplomatlar Azərbaycana açıq şəkildə çağırışlar edirlər. Onlar keçmiş diplomatlar olaraq öz tərəflərindən mesajlar verə bilməzlər".
A. Quliyev bildirib ki, Azərbaycanın heç bir bloka qoşulmayıb, siyasəti müstəqilliyinin qorunmasına və milli maraqlarının təmin olunmasına yönəlib.
"ABŞ-da etnik, irqi və dini zəmində ayrı-seçkilik: ksenofobiya və islamafobiya təzahürlərinin güclənməsi" mövzusunda çıxış edən millət vəkili Zahid Oruc söyləyib ki, ABŞ-da milli, dini, etnik zəmində problemlər qalmaqdadır: "Qara dərililər səsvermə hüququnu ABŞ-da 1968-ci ildə əldə edib. Onun sözlərinə görə, ABŞ-da əhalinin 13 faizini qaradərililər təşkil edir və onların sosial durumu, təhsil səviyyəsi ağ irqə nisbətən çox aşağıdır. ABŞ-da qara irqin nümayəndəsi prezidentdirsə, biz necə deyə bilərik ki, bu irqin hüquqları tam qorunur? Barak Obamanın rəngi ABŞ-da irqi problemi ortadan qaldırmayıb və bu gün də davam edir. ABŞ daxilində son illər silah alınması artıb, bu, özünü qoruma instiktindən irəli gəlir. ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərlərində yaşamaqdadır. Müsəlmanları ekstremiz, terror ilə eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlükdə həll etsin".
Tədbirdə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət "Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması" mözvusunda çıxış edib.
QHT rəhbəri bildirib ki, ABŞ bizə təbliğ edildiyi kimi insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil: "Əksinə, bu ölkədə bu hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır. Son zamanların ən yeni örnəklərini diqqətinizə çatdırmaq istərdim. 2010-cu ilin dekabrında aralarında Co Libermanın da olduğu bir qrup senator Amazon.com-u Vikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin ayın əvvəlində Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Vikiliksdən istifadəsini yasaqladı. Amma sonra Dövlət Departamenti bunu təkzib etsə də, ABŞ-ın aparıcı media qurumları belə bir tapşırığın olduğunu təkidlə təkrarlayırdı".
A.Həsrət qeyd edib ki, 3 dekabr 2010-cu ildə İngiltərənin "The Guardian" qəzeti yazırdı ki, ABŞ Kongresinin kitabxanası, ABŞ Ticarət Departamenti və başqa dövlət qurumları Vikiliksə girişin yasaqlandığını təsdiqləyib: "Elə 2014-cü ilin yayında 38 jurnalist təşkilatı birləşərək prezident Barak Obamaya göndərdikləri etiraz məktubunda onun hakimiyyətini federal hakimiyyət orqanları ilə bağlı xəbərlərin yayılmasında siyasi basqıdan əl çəkməyə çağırır. ABŞ tarixində ilk dəfə idi ki, belə bir etiraz, özü də demək olar ki, kütləvi etiraz qeydə alınırdı".
Onun sözlərinə görə, məktubda qeyd edilirdi ki, ABŞ federal dövlət qurumlarının rəsmilərinə media ilə əlaqənin yasaqlanması insanların informasiya almasına əngəl törədir.
Məktubda deyilirdi: "Son iki onillikdə dövlət qurumlarının öz işçilərinin media ilə birbaşa əlaqələrini yasaqlama hallarında artım müşahidə edilmişdir. Onların belə təmaslarına yalnız ictimai əlaqələrə məsul olan şəxslər və ya siyasi rəhbərliyin izniylə yol verilir. Bu meyil xüsusi olaraq federal hökumətdə nəzərə çarpmaqdadır. Biz belə məhdudiyyətləri senzuranın bir forması kimi görürük. Bu yolla ictimaiyyətin görməli və eşitməli olduğu xəbərlər üzərində nəzarətin həyata keçirilməsini qəbuledilməz sayırıq".
Onun sözlərinə görə, hazırda isə Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi ölkədə media ilə bağlı durumdan ciddi əndişə duyaraq Barak Obamaya müraciət üçün imza toplayır: "Mənim də imzaladığım müraciətdə Obamadan tələb edilir ki, ABŞ-da jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın, onlara qarşı hər cür təqibə son qoyulsun. Konkret olaraq 3 maddədən ibarət tələb irəli sürülür: 1. Jurnalistlərin və media qurumlarının istifadə etdiyi qurğulara qanunsuz müdaxilələrə və onlara qarşı gizli təqibə son qoyulması üçün prezident sərəncam versin; 2. ABŞ sərhədlərində jurnalistlərə qarşı təcavüzkar münasibətə son qoyulsun; 3. Jurnalistləri xüsusi xidmətlərlə işbirliyinə cəlb etməyə və informasiya sızdıranları qorxutmağa yönəlmiş agressiv hüquqi təqiblərə son verilsin".
A.Həsrət vurğulayıb ki, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiq vasitələrilə xüsusi xidmətlərlə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir: "Jurnalistlərin kütləvi tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün normadır, adi haldır. Elə son zamanlar gündəmdə olan Ferquson hadisələri zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı hətta odlu silahla açıq təhdidlərin olması artıq bilinən gerçəkdir. Təbii ki, söhbət bütün bunların polis tərəfindən edildiyindən gedir. Pen American Center – Amerika Qələm Mərkəzinin açıqlamasında deyilir ki, avqustun 9-da polisin qaradərili silahsız gənc Maykl Braunu öldürməsindən sonrakı proseslərdə üst-üstə 52 jurnalist polis zorakılığına məruz qalıb. Təşkilatın hesabatında o da qeyd edilir ki, media təmsilçilərindən 21-i hətta həbs də edilib. Bu həbs və zorakılıq hadisələri cəmi 8 günün içində baş verib: avqustun 12-dən 20-dək olan müddətdə. Zorakılıq deyəndə isə polisin jurnalistləri döyməsindən tutmuş onları odlu silahla təhdid etməsinədək hallar nəzərdə tutulur".
A.Həsrət vurğulayıb ki, ABŞ-da bu cür hallar haqqında saatlarla danışmaq olar: "Ancaq düşünürəm ki, elə bu faktlar yetərlidir ki, dünyaya demokratiya və insan haqları dərsi keçən ölkənin özündə durumun necə olduğunu anlayaq. Və ən maraqlısı və xüsusi olaraq vurğulamaq istədiyim məqam isə odur ki, bu ölkədəki bu qədər qorxunc duruma insan haqlarını qoruduğunu iddia edən beynəlxalq qurumlar demək olar ki, heç bir reaksiya vermir, bizə sübut etməyə çalışırlar ki, ABŞ-da belə hallar baş vermir. Bu isə o deməkdir ki, həmin qurumlar da, əslində, ABŞ rəsmi siyasi kursunu müəyyən edənlərin nəzarəti altındadır".
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nәsirov bildirib ki, ABŞ prezidenti işini korrupsiya siyasәtinә uyğun aparır:"2012-ci ildə Barak Obamanın prezident seçkiləri zamanı səfir vəzifəsinə getməsi üçün onun seçki kampaniyasına 550-700 min dollar dəyərində maliyyə vəsaitində yardım göstərmək lazım olub. Fransa və Monako bu sırada bahalı ölkələrdir. Buraya səfir getmək üçün şəxslər 6 milyon dollar ödəməli olublar. Lüksemburq 3 milyon dollardır. Monako və Portuqaliyaya səfirlik işçisi getmək üçün təxminən 1,5 milyon dollar pul vermək lazım olub. ABŞ siyasi kurs həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik isə bunun üçün əlverişli institut hesab edilib".
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında bildirib ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada ən böyük fövqəlgücə malik ölkəyə çevrilib: "Bundan sonra ölkədə başgicəllənmə baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüququ ciddi zərbə vurdular. ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) 1983-cü ildə ABŞ-ın dünyada yumşaq güc siyasətini həyata keçirmək üçün yaradılıb. Yerli ekspertlər bunu xüsusilə qeyd ediblər. Başqa sözlə ekspertlərin dediyi kimi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 25 il öncə gizli şəkildə həyata keçirdiyi siyasəti NED həyata keçirir. Bu proseslərdə birbaşa iştirak etməmək üçün özəl podratçılarla müqavilə imzalayırdı".
Fәrhad Mәmmәdov bildirib ki, ABŞ 45 ölkəyə hərbi yolla dәstәk adı ilә müdaxilә edib: "BMT qaçqınlar üzrә Ali Komissarlığının hesabatına әsәn 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxilәsi nәticindә formalaşıb. ABŞ Dağlıq Qarabağ münaqişәsinin hәllinә ikili yanaşma sәrgilәyib, Dağlıq Qarabağa yardımlar göndәrib, ATӘT- in Minsk qrupuna tәcrübәsiz diplomatlar göndәrib, 907-ci düzәlişi lәğv etmәyib".
AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millәt vәkili Musa Qasımlı qeyd edib ki, bu ikili standartlar ABŞ-ın Azərbaycana qarşı etdiklərində, o cümlədən Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür: "ABŞ Yuqoslaviya və Liviyaya qarşı BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən oranı bombardman edir: "Bunu soruşmaq lazımdır ki, qətnamənin əleyhinə səs verən bir ölkənin oranı dağıtmasına nə cür ad verək? Terroru himayə edən Ermənsitana rəğbətin səbәbi nədir?"
Millət vəkili Qüdrət Həsənquliyev ABŞ-ın Azərbaycana münasibətinin konkret səbəbləri olduğunu vurğulayıb: "Devid Kramer müsahibəsində deyir ki, ABŞ-ın maliyyələşdirdiyi "Azadlıq" radiosunun əməkdaşlarının dindirilməsi ABŞ tərəfindən çox səfeh hərəkətdir. Dindirmənin səbəbinə toxunmurlar, deyirlər ki, biz maliyyələşdiririksə, ona toxunmaq olmaz. Mirzə Xəzər bloqunda yazıb ki, 2002-2003-cü ildə ABŞ "Azadlıq" radiosunun əməkdaşlarına Azərbaycan bölməsinə Dağlıq Qarabağ münaqişəsindən, korrupsiyadan, Azərbaycan-İran münasibətlərindən şərhlər yazmağı qadağan edib. 2003-cü ildə prezident seçkilərindən sonra "Azadlıq" radiosu Azərbaycanda FM dalğası alıb və tədricən siyasətini dəyişməyə başlayıb. Barak Obama Azərbaycan Prezidenti İlham Əliyevi İstanbula dəvət etdi, dövlət başçısı İstanbula getməyəndən sonra ABŞ-ın siyasəti dəyişdi. Çünki İstanbulda prezident İlham Əliyevdən Türkiyə-Ermənistan sərhədlərinin açılması, Dağlıq Qarabağ məsələsində Azərbaycanın milli maraqlarının ayaq altına atılması tələb olunacaqdı. Keçmiş diplomat Riçard Kozlariç də artıq son məqaləsində bunu əslində açıq yazıb. Yazır ki, Azərbaycan ABŞ-la normal əməkdaşlıq qurmaq üçün siyasi məhbusları azad etməli, Dağlıq Qarabağ məsələsi ilə Ermənistanla ciddi danışıqlar aparmalıdır. Əslində əsas fikir cümlənin ikinci hissəsində ifadə olunur. Hazırda ABŞ hərbi xərclərini artıran Azərbaycanın əhalisi ölkəni tərk edən, boşalmaqda olan işğalçı Ermənistanı işğal olunmuş torpaqlarımızdan qovmaq üçün qəti addım atmaqdan çəkinir. Azərbaycana hazırda təzyiqlərin əsasında da əslində bu durur".
Çıxış edən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-dan Azərbaycana qarşı səsləndirilən qərəzli bəyanatları ölkəmizə təzyiq kimi qiymətləndirib.
A.Mollazadə qeyd edib ki, dünyada heç yerdə mükəmməl demokratiya yoxdur: "Fransadakı Azərbaycan evinin rəhbəri Mirvari xanım Fransa Senatında ermənilər tərəfindən döyüldü və indiyə qədər onun hüquqlarını müdafiə etmək mümkün olmayıb".
Millət vəkili Azərbaycana qarşı ABŞ-ın siyasətinin dəyişməsindən də danışıb: "907-ci düzəlişin müəlliflərinin ABŞ-da rəhbər vəzifələrə gəlməsindən bu ölkənin siyasətində dəyişikliklər baş verib. Bu gün təkcə ABŞ-da deyil, düyanın başaq ölkələrində də Azərbaycana qarşı çirkli kampaniya gedir. Biz bir araya gələrək özümüzü bu çirkin kampaniyadan müdafiə etməliyik və bu dinləmələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir".
Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, bu gün ABŞ-dan terrorist dövlət kimi qorxulur: "Azərbaycanın aparıcı partiyalarından birinin sədrinin bu yaxınlarda çıxan müsahibəsində qeyd olunur ki, gördünüz ABŞ Uqa Çavesi, Səddam Hüseyni nə günə saldı? Deməli ABŞ-dan bir terrorist dövlət kimi qorxulur. Yəni bu gün belə bir vəziyyət yaranıb".
Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasında ABŞ-ın oynadığı roldan danışan A.Nağı deyib: "Münaqişənin həll olunmamasında Rusiyanın "rolunu" inkar etmirəm. Amma, ABŞ-ın bu məsələdə oynadığı neqativ rol həmişə pərdə arxasında qalıb. Sadalacayağım faktlardan sonra məlum olacaq ki, nə üçün Dağlıq Qarabağ münaqişəsi indiyədək həll olunmur. 1989-ci il 19 iyunda Dağlıq Qarabağla bağlı ABŞ Senatında qətnamə qəbul olundu. Halbuki o zaman məsəl hələ yenicə alovlanırdı. Qətnamədə Azərbaycan Dağlıq Qarabağdakı ermənilərin haqlarını tapdamaqda ittiham olunurdu. 1989 17 noyabr ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qərar qəbul olundu ki, Dağlıq Qarabağa hərtərəfli dəstək verilməlidir. Məhz Dağlıq Qarabağ xalqı ifadəsi ilk olaraq həmin qərarda əks olunmuşdu. Bundan ruhlanan Ermənistan Ali Soveti 1989-cu ilin dekabr ayının 1-də Dağlıq Qarabağın Ermənistana birləşməsi ilə bağlı qərar qəbul etdi. Budur ABŞ-ın münaqişə ilə bağlı oynadığı rol. Hesab edirəm ki, münaqişənin həll olunmamasında əsas aparıcı qüvvələrdən biri kimi məhz ABŞ-ı görməliyik və buna uyğun mövqeyimizi tutmalıyıq. Belə bir məsələdə ikili standartlar, yalançı, riyakar mövqe tutan dövlətin tənqidlərini qəbul etməməliyik".
Dinləmələr müzakirələrlə yekunlaşıb.
sia.az