PDF Oxu

Siyasət

  • 18

İnsanlıq amili üzərində qurulmuş uğurlu iqtisadiyyat faktoru

İnsanlıq amili üzərində qurulmuş uğurlu iqtisadiyyat faktoru

İlham Əliyev: "Azərbaycanda insan amilinə söykənən inkişaf strategiyası uğurla həyata keçirilir"

Bu gün Azərbaycan özünün sürətli inkişaf dövrünü yaşayır. Çünki Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş uğurlu siyasətə sadiq, uzaqgörən, praqmatik düşüncəli, ən əsası humanist dövlət başçısı Cənab İlham Əliyev rəhbərlik edir. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və daha da güclənmişdir. Məhz bu siyasətin uğurlu nəticəsidir ki, bu gün ölkəmizin ümumi daxili məhsulun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 11 ilə yaxın müddətdə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir.

İnsan amili dövlət siyasəti

Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili durur və sosial rifah dövlətinin qurulması istiqamətində çox ciddi addımlar atılmaqdadır. Son müddət ərzində dövlət başçısı İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin, eyni zamanda, əlillərin reabilitasiyası üçün mərkəzlərin və digər sosial əhəmiyyətli obyektlərin sayı bir daha Azərbaycanın sosial dövlət kimi mahiyyətini ortaya qoyur. Çünki insan amili dövlətin prioriteti olaraq gündəmdə qalır. Bununla yanaşı, Milli Məclisdə sosial sahə ilə bağlı vacib qanunlar qəbul edilir, müasir dövrün çağırışlarına müvafiq olaraq, qanunlara əlavə və dəyişikliklər edilir.

Bu mənada, görülən işlər nəticəsində Azərbaycanda 10 il ərzində yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalıb. Azərbaycan hökuməti 2015-ci ilədək ölkədə yoxsulluq problemini tamamilə həll etməyi planlaşdırır. Bunun üçün ölkədə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir. Həmçinin, vətəndaşların məşğulluqla təmin edilməsi üzrə iş yoxsulluğun səviyyəsinin azaldılmasına böyük töhfə verib. İşsizlik kimi ciddi problemin böyük hissəsi demək olar ki, həllini tapıb.

Ümumiyyətlə, dövlət başçısı tərəfindən verilmiş çoxsaylı fərman və sərəncamlarda, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmışdır. "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri buna misal kimi göstərmək olar.

Prezident İlham Əliyev demişdir: "Azərbaycanda insan amilinə söykənən inkişaf strategiyası uğurla həyata keçirilir. Ona görə də ölkəmizdə heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır". 2008-ci il sentyabrın 15-də isə Prezident tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial-müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirlərinin sistemli şəkildə davam etdirilməsi də əksini tapmışdır.

Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin uğurla reallaşdırılması nəticəsində ötən 11 ildə 1 milyon 300 mindən çox yeni iş yeri açılmş, ciddi sosial bəla kimi özünü göstərən işsizlik problemi əhəmiyyətli dərəcədə aradan qalxmışdır. Yoxsulluq həddi 47 faizdən 5,6 faizə enmişdir. Gənc ailələrin mənzillə təminatı üçün ipoteka sisteminin yaradılması, eləcə də, dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi olaraq artırılması bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Ölkə əhalisinin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər silsiləsi də 2003-cü ildən etibarən möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilmiş, beləliklə, müstəqil Azərbaycan iqtisadi-sosial inkişafın təminatı, əhalinin sosial müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər əldə etmişdir. Son 10 ildə milli iqtisadiyyatın 3 dəfədən çox artdığı, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizdən çox paya malik olan ölkədə yoxsulluq səviyyəsi kəskin şəkildə azalaraq 5,6 faizə enmişdir.

BMT İnkişaf Proqramının 2013-cü ilə dair "İnsan İnkişafı Hesabatı"na əsasən, ölkə insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görülmüşdür. Ümumiyyətlə, 2003-2013-cü illərdə İnsan İnkişafı İndeksinin artım sürətinə görə Azərbaycan orta dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin "top-15"-liyinə daxil olmuşdur. BMT yanında İnkişaf və Artım Komissiyasının son məruzəsinə görə, 1950-ci ildən sonra yalnız 13 ölkədə belə sürətli inkişaf müşahidə edilmişdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan, bütün sahələrdə olduğu kimi, sosial firavanlığın təmin olunması istiqamətində də böyük nailiyyətlərə imza atan bir ölkədir. Əldə olunan nailiyyətlər xalq-Prezident birliyinin daim möhkəmlənməsi ilə müşahidə olunur ki, bu da respublikanın gələcəkdə həyatın bütün sahələrdə daha möhtəşəm uğurlar qazanması üçün ən mühüm stimuldur.

Bütün bunlar isə o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər