PDF Oxu

Siyasət

  • 16

ABŞ-ın bəzi dairələrinin qərəzli mövqeyi Azərbaycana qarşı haqsızlığın bariz nümunəsidir

ABŞ-ın bəzi dairələrinin qərəzli mövqeyi Azərbaycana qarşı haqsızlığın bariz nümunəsidir

Artıq bir müddətdir ki, ABŞ-ın bəzi siyasi dairələri və ayrı-ayrı institutları, o cümlədən, insan hüquqları üzrə fəaliyyət göstərən təşkilat rəhbərləri ölkəmizdə mövcud olan demokratik mühitə və dövlətimizin tam müstəqil siyasət yürütməsinə qarşı qərəzli və qeyri-ciddi fikirlər, bəyanatlar, açıqalamalar səsləndirirlər. Söz yox ki, dəfələrlə ölkəmizə qarşı bu kimi fikirlərin səsləndirilməsi ictimai rəydə birmənalı qarşılanmamaqla yanaşı, həm də qınaq obyektinə çevrilir. Eyni zamanda, Azərbaycanın dünyanın ən mühüm geostrateji coğrafi məkanlarından birində yerləşməsi, ölkəmizin yeraltı və yerüstü təbii sərvətlərinin mövcudluğu, həmçinin, bir sıra əhəmiyyətli beynəlxalq layihələrdə söz sahibinə çevrilməsi də qərbin, xüsusilə, ABŞ-ın bir sıra dairələrini nədənsə narahat edir. Çünki burada ilk baxışdan görünən budur ki, Azərbaycanın dövlət rəhbərliyi yürütdüyü müstəqil siyasəti nəticəsində digər post sovet ölkələrindən fərqli olaraq, diktə altında fəaliyyət göstərmədiyini dəfələrlə bəyan edib. Görünür, bu baxımdan, Azərbaycan hakimiyyətinə qarşı təzyiq metodlarından istifadə etməyə çalışan Qərb dairələri bu əməlləri reallaşmadığına görə daha da qıcıqlanaraq, hücumlarını artırmağa cəhd göstərirlər. Hansı ki, hazırda ABŞ-ın özündə insan haqlarının pozulması halları, irqçilik, dini dözümsüzlük və s. bu kimi hallar demək olar ki, gündəlik hadisəyə çevrilib.

ABŞ-ın özündə insan haqlarının vəziyyəti normal deyil

Bu arada qeyd etmək vacibdir ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları, siyasi partiyalar da Amerikanın bu yöndəki siyasi gedişlərini pisləyir, bunu ölkəmizin müstəqli siyasətinə qarşı müdaxilə kimi qiymətləndirirlər. Belə ki, ötən gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda dinləmələr keçirilməsi də yuxarıda qeyd olunan fikirləri kifayət qədər təsdiq edir."

Bu arada adıçəkilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin açılış nitqinə də diqqət yetirsək görərik ki, vurğulanan fikirlərin hər birində bir həqiqət amili dayanır: "Azərbaycan ictimaiyyətində bununla bağlı bir narahatlıq var. Bizə münasibətin səbəbləri ilə bağlı şuraya müraciətlər daxil olub. Biz də qərara gəldik ki, şura belə dinləmə keçirsin, ABŞ-ın özündə insan haqlarının vəziyyətini müzakirə edək. Tədbirə QHT rəhbərləri ilə bərabər, siyasi partiya liderləri, millət vəkilləri, analitik qurumların rəhbərləri dəvət olunub. Bu müzakirələrdə istərdik ki, təkcə ABŞ-da insan haqları ilə bağlı vəziyyətə yox, ABŞ-ın Azərbaycana qarşı siyasətində paradokslara aydınlıq gətirək. Bir halda da ki, Quantanamo həbsxanası fəaliyyət göstərir, Ferqüssonda insan haqları pozulur, nə üçün ABŞ-ın beyin mərkəzləri Azərbaycanı hədəf seçirlər?"

Nəyə görə ABŞ Ermənistanın Avrasiya İttifaqına qəbulla bağlı strateji qərarına qarşı çıxış etmədi?

Məhz bu fikirləri təhlil edərkən həm də belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycan strateji tərəfdaş kimi bütün öhdəliklərini yerinə yetirib. Ona görə də ABŞ siyasi dairələrinin belə bir mövqedən çıxış etmələri anlaşılmazdır. Hansı ki, Azərbaycanın üzdəniraq qonşusu - işğalçı Ermənistana qarşı ABŞ dairələri tərəfindən ağızucu da olsa ittihamlar irəli sürülmür. O cümlədən, hazırda ABŞ-ın yürütdüyü siyasətə baryer rolu oynayan təşkilatın yaradılması, həmin təşkilata Ermənistanın da tamhüquqlu üzv seçilməsi nədənsə, Amerikanın dırnaqarası siyasətçilərini narahat etmir. Məsələn, Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı strateji qərar qəbul etdi, ABŞ isə buna etiraz etmədi. Bu gün Azərbaycanı "siyasi məghbus"" timsalında ittiham hədəfi seçmiş ABŞ nəyə görəsə Ermənistan QHT-lərinin 78 nəfəri, Gürcüstanda isə QHT-lərin 102 nəfəri siyasi məhbus elan etməsinə göz yumur.

Nədənsə, ABŞ-da baş verən hüquq pozuntuları prosesləri Kozlariç, Kramer kimilərinin və onları danışdıranların nəzərindən yayınır

Digər tərəfdən, o da vacibdir ki, ABŞ-ın siyasi dairələri bu gün ölkəmizi ittiham etmək üçün məhz eks-diplomatlarından istifadə edirlər. Buna misal kimi ABŞ-ın Azərbaycandakı kemiş səfiri Kozlariçi, "Freedom Hosue"" təşkilatının keçmiş sədri, hazırda Makkeyn İnstitutunun direktoru Krameri göstərmək olar. Məhz burada da ciddi pozuntuların ABŞ tərəfindən baş verdiyi göz önündədir. Çünki bildiyimiz qədər Azərbaycana qarşı açıq-aşkar çağırışlar edənlər keçmiş diplomat olduqlarına görə, bu tipli fikirlər səsləndirmək hüququnda deyillər!

Nədənsə, ABŞ-da baş verən hüquq pozuntuları prosesləri Kozlariç, Kramer kimilərinin və onları danışdıranların nəzərindən yayınır. Məsələn, nəzərlərdən yayınır ki, by gün ABŞ-da milli, dini, etnik zəmində problemlər qalmaqdadır və qaradərililər yalnız 20-ci əsrin ikinci yarısından başlayaraq - 1968-ci ildən səsvermə hüquqlarını əldə etməyə nail olublar.

Azərbaycanda yürüdülən hərtərəfli və uğurlu siyasət faktoru istənilən qərəzi yox etmək iqtidarındadır

Bu barədə sözügedən tədbirdə çıxış edən millət vəkili Zahid Oruc da ciddi faktları ortaya çıxarıb. Məsələn, onun bildirdiyinə görə, ABŞ-da 7 milyona qədər müsəlman var və onlar 11 sentyabr hadisəsinin zərbəsini hələ də üzərilərində yaşamaqdadır: "Müsəlmanları terrorçularla eyniləşdirirlər. ABŞ-ın elə bir resepti yoxdur ki, insan haqları problemini bütünlüklə həll etsin".

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı olduğunu, lakin bu ölkənin bir sıra QHT və insan hüquqları mərkəzinin Azərbaycanı özlərinə əsas hədəf seçdiyini söyləyib.

Politoloq Elman Nəsirli isə ABŞ prezidentinin özünü tamamilə korrupsiya siyasətinə uyğun apardığını vurğulayıb: "2012-ci ildə səfir vəzifəsinə getmək üçün Barak Obamanın seçki kampaniyasına 550-700 min dollar məbləğində maliyyə yardımı göstərmək lazım gəlib. ABŞ siyasi kursunu həyata keçirmək üçün korrupsiya elementlərinə əl atmalı olub. Lobbiçilik bunun üçün əlverişli institut hesab edilir".

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxışında xatırladıb ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra ABŞ dünyada yeganə fövqəlgücə çevrilib: "Bundan sonra ölkədə başgicəllənməsi baş vermişdi və onların həyata keçirdiyi siyasətdə hər hansı maneə görünmürdü. Bununla onlar beynəlxalq hüquqa ciddi zərbə vurdular".

SAM-ın direktoru onu da xatırladıb ki, ABŞ 45 ölkəyə hərbi müdaxilə edib: "BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına əsasən 10,5 milyon qaçqının yarısı ABŞ-ın müdaxiləsi nəticəsində formalaşıb".

Onun sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşma sərgiləyib, Dağlıq Qarabağ separatçılarına yardımlar göndərib, ATƏT-in Minsk Qrupuna təcrübəsiz diplomatları həmsədr təyin edib, "907-ci düzəlişi" ləğv etməyib."

Millət vəkili Musa Qasımlı qeyd edib ki, ikili standart siyasəti ABŞ-ın Ermənistan-Azərbaycan məsələsindəki mövqeyində aydın görünür. O, deyib ki, ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviya və Liviyanı bombardman edib: "Soruşmaq lazımdır ki, terroru himayə edən Ermənistana rəğbətin səbəbi nədir?"

Göründüyü kimi, ortaya qoyulan bütün faktlar onu göstərir ki, bu gün, xüsusilə Azərbaycanı hədəfə alaraq, ölkəmizdə yürüdülən müstəqil və demokratik siyasəti kölgəyə sıxışdırmağa can atan ABŞ-ın bəzi dairələri öz gözlərindəki tiri görməyərək, bizim gözümüzdə qıl axtarmağa çalışır. Lakin bu kimi cəhdlər heç vaxt nəticə vermədiyi kimi, bu dəfə də nəticəsiz qalacaq. Çünki Azərbaycanda yürüdülən hərtərəfli və uğurlu siyasət faktoru istənilən qərəzi yox etmək iqtidarındadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər