Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu mövzuda tədbir keçirib
Bu gün Park İnn otelində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "20 Yanvar-Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, tarixçi alimlər, yazıçı və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüsynova çıxış edərək 20 Yanvar tarixinin Azərbaycanın müstəqillik uğrunda atdığı şərəfli addım olduğunu bildirib: "Bu tarixdə xalqımız ağır imtahandan keçərək bu sınaqdan qalib çıxdı. Həmin zaman SSRİ rəhbərliyi xalqımızın azadlıq mübarizəsinin qarşısını almaq istəsə də, bu cinayətkar siyasət öz mahiyyətini göstərdi. Belə ki, öz qanları hesabına şəhidlik zirvəsinə yüksələn oğul və qızlarımız bu torpağa azadlıq salnaməsi yazdılar".Daha sonra çıxış edənlər - millət vəkilləri Yaqub Mahmudov, Nizami Cəfərov, Musa Quliyev və Prezident Administrasiyasının nümayəndəsi Elman Paşayev, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmisi Fərasət Qurbanov, yazıçı-şair Nəriman Həsənzadə çıxış edərək qeyd ediblər ki, 20 yanvar hadisəsi ölkəmizdə milli-azadlıq hərəkatına və demokratik proseslərə ağır zərbə vursa da, xalqımızın iradəsini qıra bilmədi. Azadlıq uğrunda verilən mücadiləyə qarşı törədilən bu terror hadisəsi əslində müstəqillik uğrunda aparılan hərəkata güclü təkan verdi. Azərbaycan xalqı siyasi mübarizəsi ilə yeni dövrə qədəm qoydu.Tədbir QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək" İctimai Birliyi tərəfindən çəkilmiş "Ölümə qənşər" bədii-sənədli filminin təqdimatı ilə sona çatıb.
sia.az