PDF Oxu

Siyasət

  • 36

Xalqın milli azadlıq və müstəqilliyinə gedən yol

Xalqın milli azadlıq və müstəqilliyinə gedən yol

Dünən Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları tərəfindən ilk olaraq 20 Yanvar faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, həmin zaman xalqımız müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirib. 20 Yanvar hadisələri Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biridir: "1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən mühüm hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Hadisələr zamanı dinc əhaliyə qarşı kütləvi terror aktı həyata keçirilmişdir. 20 Yanvar hadisələrində Bakıya yeridilmiş qoşun kontingentinin sayı bəzi məlumatlara görə 60 min nəfərə çatırdı. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək adam yaralandı, 800-dən çoxu isə qanunsuz həbs edildi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı".

H.Kərimov bu gün ölkəmizdə Azərbaycanın azadlığı uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsininin çox böyük hörmət və ehtiramla yad olunduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dövlət tərəfindən 20 Yanvar faciəsində şəhid olanların ailələrinin, əlillərinin, veteranların sosial təminatının gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu bildirib.

YAP Quba rayon təşkilatı qadınlar şurasının sədri Aysel Şeydayeva çıxışında 20 Yanvar faciəsi zamanı törədilən vəhşilikdən danışaraq, qeyd edib ki, həmin zamanda Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. O, həmin gün şəhid olan oğul və qızlarımızın xalqın müstəqillik tarixində rolu olduğunu bildirib və hər il xalqımızın 20 Yanvar faciəsində şəhid olanların ruhunu etiramla yad etdiyini diqqətə çəkib.

Anım mərasimində çıxın edən YAP Quba rayon təşkilatı gənclər birliyinin sədri Habil Bayramlı və Quba Müəllimlər İnstitunun tələbəsi Rahid Məmmədov, rayon Gənclər Mərkəzinin fəal gəncləri Aydan Fərzəliyeva, Nurlan Yunisov və başqaları çıxış edərək həmin tarixi gündən danışaraq, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident Cənab İlham Əliyevin 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına xüsusi diqqət göstərməsini, şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması üçün mühüm sənədlər imzaladığını vurğulayıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər