PDF Oxu

Siyasət

  • 34

20 YANVAR-QAN YADDAŞIMIZ

20 YANVAR-QAN YADDAŞIMIZ

YAP Tərtər rayon təşkilatında 20 Yanvar faciəsinin 25-ci ildönümü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatı gənclər birliyinin və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon təşkilatı gənclər birliyinin üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, YAP üzvü olan fəal gənclər, orta məktəblərin yuxarı sinif şagirdləri və yerli mətbuat nümayəndələri iştirak edib. Tədbir iştirakçıları öncə 20 Yanvar faciəsi qurbanlarının və bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, xalqımıza qarşı törədilən qanlı Yanvar faciəsinin başvermə səbəbləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində dağılmaqda olan sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib. Həmin vaxt müstəqillik arzusu ilə meydanlara çıxan əliyalın, günahsız insanlara qarşı sovet ordusu birləşmələri tərəfindən bəşəri cinayət törədilib: "Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olub. Belə ki, Ümummilli Lider Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ulu Öndər Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib".

YAP Tərtər rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov xalqımıza qarşı törədilən qanlı Yanvar faciəsinin başvermə səbəbləri barədə danışaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktına Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş hüquqi qiymətin önəmini qeyd edib.

YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Yadigar Səfərov 20 Yanvar faciəsinin tarixindən, həmin dövrdə Azərbaycan xalqının milli azadlıq ideyaları uğrunda apardığı mübarizədən, o vaxtkı sovet rəhbərləri tərəfindən gülləbaran edilərək yüzlərlə insanların qətlə yetirilməsi, yaralanması və itkin düşməsi faktlarını xatırladaraq, bu tarixi faciədən Azərbaycan xalqının çıxarmalı olduğu nəticələrdən danışıb: "Müstəqillik qazanmış Azərbaycan xalqı öz dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi yolunda Ulu Öndər Heydər Əliyev bizə miras qoyub getdiyi ideyaların bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Cənablarının rəhbərliyi altında uğurla həyata keçirilməsi gələcəyimizin daha da işıqlı olacağından xəbər verir".

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov, Heydər Əliyev mərkəzinin direktoru Səlimə Yusifova, şəhər 1 saylı tam orta məktəbinin şagirdləri Zəhra Hüseynzadə, Şəbnəm İsmayılzadə, Əmirzadə Sevda, Kəmalə Yaqubzadə və başqaları bildiriblər ki, Azərbaycan xalqı işğal altında olan torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcək. Çıxışlarda o da vurğulanıb ki, hər bir nailiyyətimiz, hər bir uğurumuz bizi Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda qələbəyə daha da yaxınlaşdırır. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc, ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşməli, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa və torpağlarımızı erməni işğalçılarından azad etməyə hər an hazır olmalıdır.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş videorolikə baxıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər