PDF Oxu

Siyasət

  • 37

Pensiyaların artırılması dövlətin insan amilinə verdiyi dəyərdir

Pensiyaların artırılması dövlətin insan amilinə verdiyi dəyərdir

İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində insan amili dayanır"

Ölkəmizdə insanların hüquq və azadlıqlarının qorunması dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Son on bir il ərzində bir milyon üç yüz minə yaxın yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artırılması dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından xəbər verir.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Dövlət başçısı çıxışlarında da bu məsələyə daim diqqət yetirdiyini, sosial siyasətin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır: "Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur".

Reallıqlar, perspektivlər

Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı bildirib ki, ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir: "Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Bu sahə daim prioritetdir, bu il də prioritet olaraq qalacaq. Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əməkhaqqı, pensiya artmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir".

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, əvvəlki illərdə olduğu kimi, ötən il də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatmışdır. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmişdir. Proqnozlara əsasən, 2014-2017-ci illərdə əhalinin gəlirləri, orta aylıq əməkhaqları da yüksələcək. Nəticədə növbəti dörd ildə əhalinin gəlirləri orta hesabla illik 4-7 faiz çoxalaraq 2017-ci ildə təxminən 56 milyard manata qədər artacaq. Həmin dövrdə orta aylıq əmək haqqı təxminən 41 faiz artaraq 618 manata çatacaq. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5,7 faizədək azaldılıb.

Xatırlatmaq yerinə düşərdi ki, insan inkişafı indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul olunur. BMT İnkişaf Proqramının 2010-cu il İnsan İnkişafı Hesabatından da aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa müvəffəq olmuşdur. Ötən ilin noyabr ayında açıqlanmış və Bakıda təqdimatı keçirilmiş hesabatdan aydın olur ki, son 5 ildə Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkədir. Bunun nəticəsidir ki, 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. Nəticədə Azərbaycan "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil edilmişdir.

Beləliklə də, bütün bu uğurlu nəticələr onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər