PDF Oxu

Siyasət

  • 54

20 Yanvar xalqımızın hüzn və şərəf günüdür

20 Yanvar xalqımızın hüzn və şərəf günüdür

Suraxanı rayon səhiyyə işçiləri 20 Yanvar faciəsini qeyd ediblər

20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı Suraxanı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər davam etməkdədir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 13 saylı Birləşmiş şəhər Xəstəxanasında keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun səhiyyə işçiləri, ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova Azərbaycan xalqının tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi beş il keçdiyini bildirib. O, qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq:"Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış sovet ordusu, erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Bir gün ərzində Bakıda 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi".

Natiq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bu tarixin Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardığını vurğulayıb. O bildirib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

S. Hüseynova tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

S.Hüseynova xüsusi vurğulayıb ki, bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.

Anım mərasimində çıxış edən 13 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkimi Zümrüd Məhərrəmli, 20 Yanvar əlili Səttar Bədəlov, Suraxanı rayon 20 Yanvar cəmiyyətinin sədri Bəxtiyar Ağayev, 13 saylı BŞX-nın şöbə müdiri Camal Məlikov qeyd etdilər ki, Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq, başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər