PDF Oxu

Siyasət

  • 41

Zahid Oruc: “Növbəti Permyakovlar meydana çıxacaq”

Zahid Oruc: “Növbəti Permyakovlar meydana çıxacaq”

"Rusiyanın Gümrü hərbi bazasının əsgəri Yevgeni Permyakovun cinayətini araşdırmaq üçün Ermənistan prokurorluğunun da işə qoşulması çox güman ki, hazırki gərginlikdən çıxmaq üçün edilən manevrdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, tezliklə Yevgeni Permyakovun Rusiyada mühakiməsi ilə bağlı addımlar atılacaq və beləliklə də, Ermənistan növbəti dəfə müstəqil olmadığını öz xalqı qarşısında sübut edəcəkdir: " Bu məsələ mənə vaxtilə Sovetlər Birliyi dövründə Kreml qarşısında hansısa bir işin kolxozlar və sovxozlar səviyyəsində həll edilməsi üçün hüquq əldə edən sovet milisinin durumunu xatırladır. Halbuki Ermənilər dünyaya azad və müstəqil bir ölkə olduqlarını bəyan edirlər. Bəs necə olur ki, cinayət törətdiyini etiraf edən bir şəxsi mühakimə etmək iqtidarında deyillər? Əvəzində isə bütün dünyaya bu yaxınlarda Azərbaycana qarşı,onun vətəndaşlarının əməllərini mühakimə edən saxta bir mənzərə göstərmişdilər. Ancaq hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı öz təsirli zərbələrini vuracaqdır və öz vətəndaşlarını azad edəcəkdir.

Yevgeni Permyakovun həyata keçirdiyi qətl Rusiya-Ermənistan birliyinə böyük bir zərbə oldu. Bu hadisə yüz illər ərzində hökm sürən həmin ortaqlıq və qardaşlığın kökünə balta çaldı. Onu bundan sonrakı dövrdə həmin hərbi bazaya yeni funksiyalar verərək, Türkiyə və Azərbaycan əleyhinə yeni təxribatlarda istifadə edərək, oradakı hərbçiləri erməni cəmiyyətinə təqdim etməklə aradan qaldırmaq mümkün olmayacaq. Yəni bu hadisə cəmiyyətin yaddaşında çox böyük izlər buraxacaqdır.Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, bu hadisə Rusiya əleyhinə böyük bir hərəkata çevrildi. Həmin aksiyaya çıxmayanların özləri də dərk edirlər ki, bu hərbi baza orada heç bir funksiya yerinə yetirmir. Odur ki, oradakı əsgərlər də öz misiyalarını dərk etmirlər. Məxfi sənədlərdə hərbi bazanın buradakı funksiyası guya qərbin təhlükəsini önləmək üçün nəzərdə tutulub. Sual yarana bilər ki, nəyə görə bu baza Rusiya ərazisində deyil məhz Ermənistan ərazisindədir? Məhz bu məsələni dərk edən vətəndaşlar o aksiyada iştirak etmirlər.

Düşünürəm ki, erməni tarixinin ifşası üçün bu hadisə çox böyük əhəmiyyətə malikdir. Dünənə qədər Rusiya tərəfindən atılan hər bir addımı ermənilər öz ölkələrində bayram kimi qeyd edirdilər. O dövlət öz varlığına görə məhz Rusiyaya borcludur. Bu gün hətta ən qatı ermənipərəst Modest Kolerov da bəyan edir ki, onlar bu yüz il ərzində elə bir tarixi kitablar ortaya qoymuyublar ki, onunla tanış olsunlar və bu ölkənin müdafiəsinə qalxsınlar. Uzun onillər boyu elə Azərbaycan tarixçiləri də məhz bunu deyirlər. Məhz Modest Kolerov bu sözləri ilə bir daha təsdiqlədi ki, ermənilər heç bir tarixə malik deyillər. Bu gün isə Rusiya əleyhinə verilən bəyanatlar fonunda həqiqəti dilə gətirməyə məcbur olurlar. Ona görə də, bu hadisə əslində çox mühüm bir indekator oldu. Zəif mövqe sahibləri olan qərbpərəstlər, eləcə də regionda Azərbaycanla Ermənistanın, Türkiyə ilə Ermənistanın əlaqələrini yaxşı görməyə çalışanlar bu hadisədən sonra gücləndilər və cəsarətləndilər. Xüsusilə də hakimiyyət əleyhdarları bu olaylardan öz maraqları üçün istifadə edəcəklər. Mən düşünürəm ki, Ermənistanın bu hadisələr fonunda həmin bazaya hansısa səlahiyyətlər, statuslar vermək əvəzinə, öz təhlükəsizliyini xarici əsgərlərə bağlamaqdansa Azərbaycana və Türkiyəyə müraciət etməlidir. Bu iki ölkə Ermənistanın varlığına və siyasi mövcudluğuna zəmanət verə bilər ancaq o şərtlə ki, ərazi iddialarından daşınsınlar və təcavüzkarlıq aksiyalarından geri dursunlar. Əks halda növbəti Permyakovlar meydana çıxacaq. Çünki həmin bazada olan əsgərlər heç bir funksiya yerinə yetirmirlər və bu da onlara çox mənfi təsir göstərir. Bunu nəzərə alaraq deyə bilərik ki, orada bu tipli hadisələrin yenidən baş vermə ehtimalı çox yüksəkdir. Ümumiyyətlə sözü gedən olay ermənilərin tarixini ifşa etmək üçün bir çox faktları ortaya çıxardı".

sia.az

Digər xəbərlər