"Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin keçirdiyi bu terror aktını xalqımız təkcə hüzn hissi ilə deyil, həm də böyük fəxarət hissi ilə qeyd edir. O qanlı faciə göstərdi ki, xalqımız milli istiqlal və dövlətçilik ideyalarına sıx bağlıdır". Bu fikirləri SİA-ya AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov 20 Yanvar faciəsindən danışarkən deyib.Millət vəkili qeyd edib ki, bu hadisə sovet imperiyasının qaniçənliyini təsdiqləməklə yanaşı, həm də xalqımızın azadlıq əzminin sarsılmaz olduğunu sübuta yetirdi: "Qanlı hadisəyə kəskin etiraz olaraq 1990-ci il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, mətbuat konfransı keçirdi, hadisəyə siyasi qiymət verdi. Məhz həmin qətiyyətli mövqe respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə vurdu. O zaman nə Kreml rəhbərliyinə etiraz etmək, nə də 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi üçün təşəbbüs göstərilməsinə Ulu Öndərdən başqa heç bir siyasətçinin cəsarəti və qüdrəti çata bilməzdi. Bütün bunları yalnız Dahi Şəxsiyyət xalqı uğrunda etməyi bacardı. 20 Yanvar xalqımızın milli mənliyinə, milli-azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına həkk olunmuş faciə tariximizin qəhrəmanlıq səhifəsidir".
sia.az