PDF Oxu

Siyasət

  • 34

Fəzail İbrahimli: “20 Yanvar Azərbaycan tarixinin şərəf və faciə tarixidir”

Fəzail İbrahimli: “20 Yanvar Azərbaycan tarixinin şərəf və faciə tarixidir”

"20 Yanvar Azərbaycan tarixinin şərəf və faciə tarixidir". Bunu SİA-ya Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.Deputat deyib ki, bu olay faciə kimi qeyd edilsə də, burada şərəf və ləyaqət hissi yatır: "Çünki, bu hadisədən öncələr zaman Azərbaycan xalqını sınağa çəkib. Ya ayağa qalx öz dövlətini qur, dünya millətləri sırasında dayan, dövlətini bərpa et, ya da məhv ol ayrı-ayrı dövlətlərin payına çevril. 1918-ci il 28 mayda da bu sual dayanmışdı. O vaxt Avropanın qabaqcıl düşüncələrinə yiyələnmiş bir qrup şəxsiyyət başa düşdü ki, bu tarixi missiyanı üzərlərinə götürə bilərlər. Onlar bu missiyanı yerinə yetirərək Azərbaycan Xalq Cümhuriyyəti adlanan dövlət qurdular. Bu dövlət 23 ay yaşadıqdan sonra sovet işğalına məruz qaldı. Həmin tarixi məsuliyyət yenidən 1990-cı illərdə Azərbaycan xalqını sınağa çəkdi. O vaxt millətin ayağa qalxmasına səbəb Dağlıq Qarabağ məsələsinin gündəmə gəlməsi idi. Çünki, tarixi ərazilərimizin əlimizdən çıxma təhlükəsi yaranmışdı. Ona görə də xalq Topxanada kəsilən ağacın təəssübkeşi kimi ayağa qalxdı. Bu xalqın iradəsinin ifadəsi idi. Xalq yenə də özünün ləyaqətini, şərəfini, torpağını qorumaq üçün Azadlıq Meydanına toplandı. Bu, SSRİ adlı imperiyanın laxlaması dövründə baş verdi".Millət vəkili qeyd edib ki, SSRİ-nin o dövrdəki rəhbərliyi bilərəkdən və ya bilməyərəkdən millətlər arasında nifaq salmaqla imperiyanı dağıtmağa başladı: "İmperiyanın dağılmasına ermənilər xüsusi rəvac verdilər. Azərbaycan xalqının milli iradəsini qırmaq üçün 20 Yanvar faciəsi öncəsi Sumqayıt hadisələri törədildi. 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsidir. Bu faciə imperiyanın əsl sifətini açıb göstərdi. Yaşadığımız qanlı tarixi göstərdi ki, Sovet imperiyası uzun müddət yaşaya bilməz. 20 Yanvar faciəsindən təxminən bir il sonra SSRİ məhv oldu"."Bu faciədə müəyyən avantürist siyasi qüvvələr var idi. Amma, həmin qüvvələr heç də bu hadisələrin məna və mahiyyətini azaltmadı. Xalq ayağa qalxdı və imperiyanın qərarının üzərindən xətt çəkdi. 20 Yanvar şəhidlərini Bakının ən görkəmli yerində dəfn etdi. Bununla da sübuta yetirdi ki, xalqın iradəsi qırılmazdır, xalq bir olanda hər şeyə qadirdir. 20 Yanvar hadisəsi ilə dəfn edilməkdə olan Sovet İmperiyasının tabutuna sonuncu mıx vuruldu. Bu mıxı da vuran Azərbaycan xalqı oldu" – deyə, F. İbrahimli bildirib.

sia.az

Digər xəbərlər