"Ümumiyyətlə məni Abbas Abbasov haqqında heç nə və ətrafında baş verən heç bir hadisə maraqlandırmır. Ümumiyyətlə, belə adamların fəaliyyətlərini ictimailəşdirməsinin tərəfdarı deyiləm". Bu fikirləri SİA-ya millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "AzərRos"un ağsaqqallar şurasının sədri Abbas Abbasovun həm vəzifəsindən, həm də bütövlükdə təşkilatdan uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.Onun fikrincə, əslində onun "AzərRos"dan uzaqlaşdırılması bizim ictimaiyyətə də maraqlı deyil: "Çünki orada baş verən proseslər tamamilə anti-Azərbaycan fəaliyyəti üzərində qurulub. Müxtəlif cərəyanlar, müxtəlif hədəflər və müxtəlif məqsədlər uğrunda cəmləşənlər Azərbaycan maraqlarından çıxış etmirlər".Fəzail Ağamalı "AzərRos"un milli maraqlar mövqeyindən çıxış etmədiyini də deyib: "Sadəcə, Rusiya cəmiyyətində, biznesində öz yerlərini möhkəmləndirməkdən ibarət olan "AzərRos"un marağı bundan ibarətdir. Bu maraqların da toqquşması vahid mövqeyə deyil, parçalanmalara gətirib çıxarır. Çünki vahid əqidə, vahid məqsəd olmayan yerdə birlikdən söz gedə bilməz".
sia.az