"Ümumiyyətlə, "Azadlıq" radiosu Azərbaycanda xalqın və dövlətin mənafeyini fikirləşmir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov "Azadlıq" radiosunun ABŞ-nın ruporu olaraq Azərbaycana qarşı anti-təbliğat kampaniyası aparmasına münasibət bildirərkən deyib.YAP rəsmisinin sözlərinə görə, "Azadlıq" radiosu birbaşa ABŞ tərəfindən maliyyələşir: "Belə olan təqdirdə isə onlar müəyyən ölkələrdə özlərinə sərf edən insanları ələ alaraq Azərbaycan haqqında iftiralar yayırlar. Hesab edirəm ki, Azərbaycan dövlətinin qüdrətli və qüvvətli olması həmin dairələr tərəfindən həzm edilmir. Onlar hər zaman bu qısqanclıq hissləri ilə yaşayacaqlar. Bu gün möhkəm dayaqlara əsaslanan Azərbaycan dövlətçiliyi, dövləti, qanunları, Konstitusiyası və s. var. Biz bütün bunları rəhbər tutaraq qanunlarımıza, dövlət və milli maraqlarımıza zidd hərəkətlərin də qarşısını qətiyyətlə alacağıq".
sia.az