"20 Yanvar Faciəsi ilə bağlı Azərbaycan cəmiyyətinə və dünyaya ilkin məlumatları hələ o dövrdə, məhz mətbuat çatdırıb. Belə demək mümkündürsə, faciənin mahiyyəti barədə ilkin həqiqətlərin tarixiləşməsində Azərbaycan mətbuatının böyük rolu var. Bu gün də həmin proses davam edir və etməlidir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Baş redaktor deyib: "İllər keçdikcə 20 Yanvar Faciəsinin səbəbləri, müqəssirləri ilə bağlı bu hadisənin hədəfi arxasında o zaman bizə görünməyən müəyyən mətləblərin açılması konteksində yeniliklər baş verir. Bunun açılmasında, cəmiyyətə çatdırılmasında Azərbaycan mətbuatının çox böyük rolu var. Ümumiyyətlə, 20 Yanvar Faciəsinin cəmiyyətimizə təkcə faciə tarixi kimi yox, qəhrəmanlıq, vətənpərvərlik hislərinin təbliğat mənbəyi kimi çatdırılmasında mətbuatın rolu danılmazdır. Eyni zamanda bu konteskdə elmi əsərlərin yazılması, konfransların keçirilməsi, dövlət orqanlarının, parlamentin verdiyi dəyər sözsüz ki öz növbəsində dəyərlidir. Amma medianın bu istiqamətdə fəaliyyəti, gündəlik olaraq cəmiyyətə müəyyən informasiyaların çatdırılması daha önəmlidir. Çünki, gündəlik informasiyaların gündəlik effektindən danışmaq mümkündür".A. Quliyev hesab edir ki, faciə ilə bağlı təbliğatın aparılmasında mətbuat bundan sonra da öz sözünün deməlidir: "Faciə ilə bağlı hələ də açılmayan məqamlar, mətləblər var. Xüsusilə də hadisənin müqəssirləri ilə bağlı. O zaman Rusiya hakimiyyətində təmsil olunan şəxslər bu hadisədə çox böyük məsuliyyət daşısalar da, bu günə qədər onların adları müqəssir kimi hallanmayıb. Hesab edirəm ki, Azərbaycan dövləti, xalqı gücünü 20 Yanvar Faciəsində əli olan şəxsləri məsuliyyətsiz və cinayətkar qərarına görə sözün həqiqi mənasında hüquqi sanksiyaya məruz qalmasına çalışmalıdır. Yəni, onların fəaliyyətinə ən azı məhkəmə qaydasında qiymət verilsin".
sia.az