Ulu Öndər: "Biz 20 Yanvar faciəsini təkcə faciə kimi deyil, həm də müasir tariximizin şanlı səhifələrindən biri kimi xatırlamalıyıq"
Tarixi unutmamaq üçün, bizlər bir vətəndaş olaraq, 20 Yanvar, Xocalı və Qarakənd faciələri barədə hər zaman, hər vaxt danışmalı, o hadisələri xatırlamalıyıq. Çünki bütün bunların hər birisi ayrı-ayrılıqda bir fakt, bir tarixi olaylardır. Belə ki, Azərbaycanımızın müasir tarixi, həmin qanlı səhifələr əsla unudulmamalıdır!
Digər tərəfdən, bizim hər birimizin önündə böyük dövlət və siyasət xadimi, Ulu Öndər Heydər Əliyevin tarixi hadisələrə yanaşma nümunəsi vardır. Həmin örnək, həmin nümunə adıçəkilən faciələrin gənc nəslin yaddaşına yazılması prosesində hər birimizə bir dərsdir, tarixi dərs.
Biz bu gün xarabalıqları gülüstana çevrilən Azərbaycan haqqında danışarkən bu günlərimiz üçün öz canlarını əsirgəməyən 20 Yanvar şəhidlərinin cəsarətini, qanlı faciənin ertəsi günü Moskvada - faciənin baiskarı, əli azərbaycanlıların qanına batmış Mixail Qorbaçovun gözünün qabağında Kremlin ayrı-seçkilik siyasətini lənətləyən və dünyaya səs salan bəyanatla çıxış etmiş Böyük Liderimizin qətiyyətini yada salmalıyıq. Biz Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrlik etdiyini fəxrlə qeyd etdiyimiz zaman xatırlatmalıyıq ki, məhz 1990-cı ilin yanvarında böyük əksəriyyəti uşaqlardan, qadınlardan və qocalardan ibarət olan günahsız insanlarımızın qanı tökülərkən həmin BMT-də oturan insanların heç biri bizim fəryadımızı eşitmirdi.
O da sirr deyil ki, 20 Yanvar hadisəsi həm də Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını almaq üçün törədilmişdi. Qurulmuş plana görə həmin hərəkatın qarşısı mütləq alınmalıydı. Əlbəttə ki, əgər Heydər Əliyev faktoru ortaya çıxmasaydı, Kremlin bu istəyi mütləq baş tutacaqdı. Ancaq Mixail Qorbaçovun gözlədiyinin əksinə olaraq Heydər Əliyev faktoru öz sözünü dedi və Azərbaycan milli azadlıq hərəkatı nəinki boğulmadı, əksinə öndə getməyi bacaran bir Liderin gözlənilmədən ortaya çıxmasına görə bu hərəkat daha da genişləndi və dönməz xarakter aldı. Azərbaycan xalqının ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində yenidən Heydər Əliyev siyasətinin davamçısına səs verməsinin təməlində dayanan əsas məqamlardan biri də məhz həmin tarixi fakt idi. Yəni 20 Yanvar faciəsinin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, Qorbaçovu qətiyyətli və kəskin şəkildə tənqid edən Heydər Əliyev həmin addımıyla müstəqilliyə gedən yolumuzun yarıda qırılmasının qarşısının almışdı.
Bakı qırğınında o zamankı SSRİ rəhbəri Mixail Qorbaçovun birbaşa günahkar olması barədə söylənilənlər kiminsə subyektiv fikiri deyil, tarixi fakt idi. Qorbaçov özü də sonralar bunu etiraf etmişdi. O, 1995-ci ildə Türkiyədə olarkən 20 Yanvar qırğını ilə bağlı suala verdiyi cavabında özünün günahkar olduğunu açıq şəkildə boynuna almışdı. Amma Qərbdə belə bir cəllada Nobel mükafatı vermişdilər. Kiminsə qəsdindən-qərəzindən asılı olmayaraq ölkəmizdə hər il yanvar ayının 20-si Azərbaycan xalqı tərəfindən hüzn və kədərlə, həm də azadlıq mübarizəsinin şərəf və qürur zirvəsi kimi yad edilir. Bu hadisə haqqında çox yazılıb və hələ çox yazılacaq. Bizim də məqsədimiz bu qanlı faciə ərəfəsində o günlərə bir daha qayıtmaq və başımıza gətirilənləri analiz etmək, ondan ibrət götürmək, səhvlərimizdən nəticə çıxarmaqdır. Ən başlıcası isə faciəyə aparan yol dəqiqliklə qələmə alınmalıdır. Qeyd etməliyik ki, ötən əsrin 80-ci illərində SSRİ-də baş verən hakimiyyət dəyişikliyi nəticəsində Qorbaçovun SSRİ-ni idarə etməyə başladığı gündən həmin böyük ölkəni silkələyən qarşıdurmalar və İttifaq respublikalarında münaqişələr başlandı.
1988-ci il fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin plenumunda "Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi" barədə qərar qəbul edildi. Bunun ardınca Ermənistandakı azərbaycanlıların doğma dədə-baba yurdlarından deportasiyası başlandı. Bütün bunlar isə Azərbaycanda geniş əks-səda verdi. Bunu görən ermənilər öz iddialarına haqq qazandırmaq üçün Sumqayıt qırğınını hazırladılar. Onlar Sumqayıtda 5-10 nəfər ermənini qurban verməklə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün əsaslı bəhanə əldə edəcəklərinə əmin idilər. Amma onların bu planı da baş tutmadı. Bununla belə, Qorbaçov və onun ətrafındakı erməni mafiyası Dağlıq Qarabağ ətrafındakı oyunları davam etdirdilər. Bu baxımdan1988-ci ilin mart ayında Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin "Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında" qəbul etdiyi xüsusi qərar vilayətin Azərbaycandan alınaraq Ermənistana verilməsi yolunda atılan növbəti addım oldu. Bu məsələyə Azərbaycanın o zamankı rəhbərliyinin qətiyyətli münasibət bildirməməsinə baxmayaraq hadisələrin inkişafı Qorbaçovun və ermənilərin arzuladığı istiqamətdə getmirdi. Ona görə də Kreml rəhbərinin və ermənilərin həyasızlığı görünməyən bir həddə çatdı. Belə olanda isə Azərbaycan xalqı öz torpaqlarının müdafiəsi uğrunda ayağa qalxdı. Hadisələrin bu məcraya yönəlməsi isə Qorbaçova və erməni mafiyasına Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını həyata keçirməyə imkan vermədi. Nəticədə onlar öz məkrli planlarını reallaşdırmaq üçün başqa yollar axtarmağa məcbur oldular. Məsələn, 1989-cu il yanvar ayının 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən muxtar vilayətdə xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında verilən fərman Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarılması üçün növbəti cəhdlərdən biri oldu. Bu məqsədlə də Dağlıq Qarabağda ermənilərin öz adamı hesab edilən Arkadi Volski Xüsusi İdarə Komitəsinin rəhbəri təyin edildi. Lakin hadisələrin gedişi göstərdi ki, Moskva Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaratmaqla belə, bu ərazinin Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsinə nail ola bilməyəcək. Ona görə də Ermənistan SSR Ali Soveti 1989-cu il dekabr ayının 9-da "Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqda" qərar qəbul etdi. Bu da, öz növbəsində, Azərbaycanda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardı. Tarixi sənədlər də göstərir ki, regionda yaranmış gərgin vəziyyətdən ermənilərin xeyrinə istifadə etməyə çalışan qüvvələr Azərbaycan xalq hərəkatını parçalamaq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq məqsədi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin göstərişi ilə 1989-cu il oktyabrın 7-də Azərbaycan SSR DTK-nın 12 zabitindən ibarət "Böhran qrupu" yaratmışdı. Qrupun vəzifəsi xalq hərəkatına rəhbərlik edənlər arasında nifaq, fitnə-fəsad toxumları səpmək, azərbaycanlı-erməni qarşıdurmasını daha da körükləmək idi. 1990-cı il yanvar ayının 13-14-də DTK Bakıda iğtişaş təşkil etdi. Məqsəd bu yolla Moskvanın Azərbaycana qoşun yeritməsinə və bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə zəmin hazırlamaq idi. Hadisələrin sonrakı gedişi isə hamıya məlumdur. Mixail Qorbaçov Bakıda günahsız insanların qırılmasına başlanandan xeyli sonra Azərbaycan paytaxtında fövqəladə vəziyyətin elan edilməsi haqqında fərman imzaladı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də, səhər saat 7-də respublika radiosu ilə çatdırılmışdı. Ermənilər Mixail Qorbaçovu o qədər şirnikləndirmişdilər ki, o, Azərbaycan xalqının gözünü qorxutmaq üçün heç nədən çəkinmirdi. Hətta Bakıya qoşun yeridiləndə dünya müharibələrində istifadə olunmuş hərbi taktikaların tətbiqini də məqsədəuyğun saymışdılar. Azərbaycan paytaxtına hücum eynilə müharibədə olduğu kimi 5 istiqamətdən - Binə-Qala, Salyan kazarması, "Qurd qapısı", Sumqayıt-Nasosnı və Xəzər dənizi tərəfindən başlamışdı. Şəhərə yeridilən tanklar və digər hərbi texnika dinc əhaliyə atəş açır, heç kəsə aman vermirdi. Nəticədə qısa müddətdə 131 nəfər öldürüldü, 700-dək dinc sakin yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Yaralananların bəziləri sonradan öldüyünə görə 20 Yanvar şəhidlərimizin sayı 147-yə çatmışdı. Bu hadisələr hətta bölgələrimizə qədər gedib çıxdı. Təkcə Lənkəranda baş verən qırğını da xatırlasaq, Kremlin 20 yanvar hadisəsinə nə qədər ciddi və qəzəblə hazırlaşdığını görmüş olarıq.
20 Yanvar qırğınını, həmçinin sovet ordusunun Bakıda və Vilnüsdə dinc əhaliyə qarşı törətdiyi qırğınları araşdıran "Şit" hüquq-müdafiə təşkilatının eksperti Gennadi Melkov bir neçə il əvvəl Azərbaycan mətbuatına verdiyi açıqlamasında qeyd etmişdi ki, "Mixail Qorbaçov hərbi canidir. Onun yeri bu saat rəhbəri olduğu fond deyil, həbsxanadır. O, SSRİ-nin ilk və son prezidenti kimi öz xalqının qanına bais olmuş bir şəxsdir". Həmin ekspertin fikrincə, Bakı qırğınında bir çox adamlar günahkar olsa da, əsas günahkar məhz Mixail Qorbaçovdur. Bütün bunlar az imiş kimi, hətta SSRİ dağılandan sonra da bəzi anti-Azərbaycan, antitürk qüvvələr 1990-cı ilin 20 yanvarında Bakıda və respublikamızın başqa şəhər və rayonlarında törədilmiş qanlı faciələrə görə ədalətsizcəsinə bizim özümüzü günahlandırırdılar. Nə yaxşı ki, xalqın böyük əksəriyyətinin təkidli xahişi və israrlı təklifi ilə Ulu Öndər Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtdı. Məhz həmin qayıdışdan sonra 20 Yanvar faciəsinə hüquqi və siyasi qiymət verildi. Elə, "biz 20 Yanvar faciəsini təkcə faciə kimi deyil, həm də müasir tariximizin şanlı səhifələrindən biri kimi xatırlamalıyıq" ifadəsini də ilk dəfə məhz Heydər Əliyevdən eşitmişik. Nə yaxşı ki, ölkəmizdə Heydər Əliyev siyasəti davam edir və biz milli tariximizin bütün səhifələrini məhz olduğu kimi, öyrənir və öyrədirik.
Bu gün Azərbaycan dövləti 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların ailələrinə, sağlamlığını itirərək əlil olmuş insanlara lazımi səviyyədə diqqət və qayğı göstərir. Yəni bütün bunlar üçün dövlətimiz özündən asılı olan hər şeyi edir. Bu qayğının əsasını da zamanında Ulu Öndər Heydər Əliyev qoyub. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin Ulu Öndərimiz tərəfindən verilməsindən başlayaraq bu günə qədər dövlətimiz şəhidlərin adının əbədiləşdirilməsi üçün addımlar atır. Bu addımı isə məhz Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev davam etdirir. Eyni zamanda, şəhid ailələrinə, o hadisələr zamanı əlil olmuş insanlara dövlətimizin diqqət və qayğısı yüksək səviyyədədir. Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev 20 Yanvar faciəsində şəhid olmuş insanların ailəsinə, əlil olmuş insanlara yüksək qayğı göstərir. Bu təbəqəyə aid olan bütün insanlar dövlətimizin başçısı üçün çox əziz və qiymətli insanlardır. Son olaraq daha bir mühüm məsələni də qeyd etmək yerinə düşərdi ki, bu gün Azərbaycan dövləti öz müstəqilliyi yolunda göstərdiyi qətiyyəti ilə bir daha sübut edir ki, bu müstəqil dövlətin rəhbəri olan Prezident İlham Əliyev Cənabları müstəqilliyimizin əbədiliyini qoruyan güclü, mütərəqqi, müdrik siyasətçi kimi hər zaman öndə olan Lider kimi, bu mövqeyini qoruyub saxlayacaq. Çünki Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşib.
RƏFİQƏ KAMALQIZI