"Premyakov Rusiya əsgəri olsa da, Rusiya qanunları ilə mühakimə edilə bilməz". Bu fikirləri SİA-ya millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə Gümrüdə baş verən qətl olayında rusiyalı əsgərin Ermənistana verilməməsi məsələsinə münasibət bildirərkən deyib. Çingiz Qənizadə qeyd edib ki, Premyakov hərbi hissədən kənarda, ermənilərin yaşadığı ərazidə cinayət törədib və buna görə də istintaq Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən aparılmalı və onların öz qanunları ilə mühakimə edilməlidir: "Əsgərin təhlükəsizliyinin qorunması baxımınmdan Rusiya tərəfi hər hansı bəyanatlar versə də, bu hüquqi baxımından qanunlara ziddir. Sadəcə, istintaqın gedişi zamanı Rusiya hüquq-mühafizə orqanları Ermənistanla müəyyən məsələlərin araşdırılmasında, obyektivliyin qorunmasında qeyri-rəsmi əməkdaşlıq edə bilər".Çingiz Qənizadə həmçinin bildirib ki, bütün bunlara rəğmən, Ermənistan daim Rusiyanın nökəri rolunda çıxış edib: "Ermənistan Rusiyanın qoltuqaltı, oyuncaq bir rejimi olduğundan istər Sarkisyan istərsə də hökumətdə olanlar hər an Rusiyanın çaldığı havanı oynamağa hazırdır. Rusiyada və eləcə də Ermənistanda sözügedən məsələyə qarşı xalqın etirazı baş qaldırdığından Sarkisyan Rusiya ilə gizli sövdələşmə qurmağa məcbur olacaq. Belə ki, istintaqı Ermənistan aparsa da, istintaqın gedişatında Rusiyanın bütün fikirləri hörmətlə dinləniləcəyinə dair sövdələşmə qaçılmazdır. Buna nail ola bilməsə xalqın etirazı dayanmayacaq. Bu yalnız xalq etirazını yatızdırmağa hesablana biləcək addımdır. Çünki Sarkisyanda dövlətinin maraqlarından çxış edərək Rusiya hökumətinə qarşı çıxacaq kişilik, cəsarət yoxdur".
sia.az