PDF Oxu

Siyasət

  • 22

Müxalifət partiyaları bu dəfə birləşmədən ayrıldılar

Müxalifət partiyaları bu dəfə birləşmədən ayrıldılar

Parlament seçkiləri müxalifətin son akkrodu olacaq

Sirr deyil ki, ölkəmizdə parlament seçkilərinin keçirilməsi vaxtı yaxınlaşdıqca, xüsusilə, radikal müxalifət düşərgəsində hər zamankı kimi, ənənəvi birləşmək, seçki birlikləri yaratmaq, təşkilatlanmaq kimi proseslər önə çıxmağa başlayır. Hətta uzun müddət ortada görünməyən, heç bir fəaliyyətləri ilə yadda qalmayan digər müxalifət partiyaları da ortaya çıxaraq, parlament seçkilərində iddialarını ortaya qoyacaqlarını bəyan edirlər. Lakin bütün bunlara rəğmən, indidən bəlli olur ki, istər "cırtdan" partiyalar, istərsə də radikallar seçkilərdə heç bir uğura imza atamağa nail ola bilməyəcəklər. Çünki ictimai rəy dəfələrlə müxalifət düşərgəsində yalnız seçkidən-seçkiyə canlanma müşahidə edib və hər dəfə də eyni nəticəni - seçkisonrası qarşılıqlı ittihamları, söz savaşlarını, qarşıdurmaları, qalmaqalları müşahidə edib. Bu gün siyasətlə məşğul olan istənilən adam deyə bilər ki, seçkidən əvvəl təmtəraqla yaradılan hər seçki blokunda 2-3 partiya təmsil olunur, ancaq seçkidən dərhal sonra həmin bloklardan əsər-əlamət belə qalmır.

Fikir ayrılığının, ideoloji fərqliliyin olduğunu deyərək seçkilərə birgə getməyin mümkünsüz olduğunu bəyan etdilər

Daha bir faktora diqqət yetirək. Öncəki seçkilərdən fərqli olaraq, müxalifət partiyaları artıq indidən ziddiyətli mövqelərə çəkiliblər. Məsələn, ilk belə olay 11 müxalifyönlü partiyanın təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində yaşanıb. Belə ki, adıçəkilən mərkəzdə təmsil olunan partiya rəhbərlərinin bəziləri seçkilərə hətta mərkəzdən daha geniş formatda getmək barədə fikirlər səsləndirsələr də, digər partiya rəhbərləri bunun əksini bildirdi və mərkəzdə təmsil olunan partiyalar arasında fikir ayrılığının, ideoloji fərqliliyin olduğunu deyərək seçkilərə birgə getməyin mümkünsüz olduğunu bəyan etdilər.

AXCP-Müsavat seçkilərdə birgə olmayacaq

Daha bir buna bənzər olay AXCP ilə Müsavat arasında yaşanıb. Belə ki, son prezident seçkilərindən bəri bir-birinə düşmən kəsilən hər iki partiya rəhbərləri arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə görüş keçirilsə də, həmin görüşün nəticələri elə nəticəsiz olaraq da qaldı. Daha dəqiq desək, Müsavat başqanı Arif Hacılı Əli Kərimli ilə görüş keçirdi və həmin görüşdə Əli Kərimli Müsvat başqanına həmin təklifin funksionerlərlə müzakirə ediləcəyini söz verdi. Amma həmin günün sabahısı Əli Kərimli Müsavatla hər hansı bir əməkdaşlığın olmayacağını bildirdi. Bununla da parlament seçkisində bu partiyaların birgə çıxış etməyəcəyi öz təsdiqini tapdı.

Beləliklə, bir daha belə nəticəyə gəlmək mümkündür ki, bu gün Azərbaycanın müxalifət partiyaları öz müxalifətçilik funksiyalarını lazımi şəkildə yerinə yetirə bilmirlər. Bu isə həm də belə deməyə əsas yaradır ki, əgər bu siyasi təşkilatlar siyasi müxalifətçiliklərini edə bimirlərsə, demək, siyasətdən də geri çəkilməlidirlər. Ancaq göründüyü kimi, onlar bundan sonra da rüsvayçı məğlubiyyət dövrlərini yaşamaq istəyirlər. Lakin belə yaşmaqdan, əslində, yaşamamaq daha yaxşıdır desək, heç də yanılmarıq. Çünki bu parlament seçkiləri müxalifətin son akkrodu olacaq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər