PDF Oxu

Siyasət

  • 39

Con Kerrinin iç üzü

Con Kerrinin iç üzü

və ya ABŞ-ın ikiüzlü siyasətinin sübut mənbəyi

Bəlli olduğu kimi, bu günlərdə Con Kerri də daxil olmaqla, bir qrup amerikalı senatorun 20 yanvar 1990-cı il ərəfəsində əli azərbaycanlıların qanına bulaşmış SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçova ünvanladığı ermənipərəst müraciəti ortaya çıxıb və həmin müraciətdə bir daha sübut olunub ki, əslində, ABŞ-ın ikiüzlü siyasəti hələ uzun illər bundan öncəyə qədər gedib çıxmaqdadır. Daha dəqiq desək, ABŞ siyasi dairələri daim erməni xislətini və məkrini dəstəkləmək siyasətini indi də davam etdirir. Hətta pərdəarxası vəziyyətdə olsa belə.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər ortada ola-ola...

Beləliklə, tarixin əsl həqiqətlərini gizlətməyərək, zamanı gəldikcə, ictimaiyyətə çatdırmağın vacibliyini bir daha əminliklə qeyd edə bilərik. Məsələn, hələ münaqişənin ilik illərində ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qanlı cinayətlər ortada ola-ola, Azərbaycanda terror hadisələrinin törədildiyi bir zamanda, Bakıda, eləcə də bölgələrimizdə avtobuslar, qatarlar, metro stansiyaları və bərələr erməni daşnakları tərəfindən partladıldığı ərəfədə istər SSRİ rəhbərliyinin, istərsə də beynəlxalq aləmin birmənalı olaraq, yenə də Azərbaycanı ittiham edib, Ermənistanı müdafiə etmələri bir daha sübuta yetirilmiş olub. Yəni Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı bu kimi yeni faktların ortaya çıxması da həmin dəlili kifayət qədər təsdiq etmiş olur.

Maraqlıdır ki, bu gün Minsk Qrupunun həmsədr ölkəsi olan ABŞ siyasi dairələri yenə də müxtəlif məsələlərdə Azərbaycana qarşı qərəz və böhtanını atmaqda davam edir. Halbuki bu gün Ermənistanda hökm sürən Sarkisyan rejimi öz xalqına divan tutur və bu ölkə sosial partlayış həddinə çatıb.

Məgər bu faktorun özü ABŞ-ın Azərbaycana qarşı yürütdüyü siyasi gedişlərindəki ikiüzlülük amili deyilmi?!

Ancaq ABŞ-ın siyasi dairələri nəinki Ermənistandakı bu vəziyyəti hesabatları vasitəsilə pisləmir, əksinə, Sarkisyan rejimi başda olmaqla, hətta separatçı Qarabağ rejiminə hər il milyonlarla pul ayırmaqda davam edir. Məgər bu faktorun özü ABŞ-ın Azərbaycana qarşı yürütdüyü siyasi gedişlərindəki ikiüzlülük amili deyilmi?! Yəni ABŞ bununla dolayısı ilə Azərbaycana qarşı yürüdülən işağlçılıq və separatçılıq rejiminə dəstək vermirmi?! Təəssüflər olsun ki, bu, belədir və uzun illərdir ki, belə də davam etməkdədir! Beləliklə, biz bir daha əminliklə bu qənaətə gələ bilərik ki, bu gün ABŞ-ın dövlət katibi vəzifəsini daışıyan Con Kerrinin 1990-cı ildə Qorbaçova Azərbaycana qarşı qəti tədbirlər görmək çağırışındakı müraciətə imza atması onun ölkəsinin siyasətində heç bir dəyişikliyinin olmadığını isbat edir. Çünki həmin müraciət məktubunda Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq, Ermənistana birləşdirilməsi tələbi açıq-aydın şəkildə qeyd olunub. Məsələn, Con Kerri də daxil olmaqla amerikalı senatorların müraciətində son 6 gün ərzində (burada Kremlin və xarici kəşfiyyatın Bakıda yaşayan ermənilərə qarşı düzənlədikləri təxribat hadisələri nəzərdə tutulur - R.N.) azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda "erməni əhalinin qətlə yetirilməsi", Bakının erməni əhalisinin əmlakının "qarət edilməsindən" ciddi narahatlıq (ABŞ indi də Azərbaycana görə "narahat" olamqda davam edir, lakin Qarabağın işğal olunması görə yox, özünə sərf etməyən müstəqil siyasətinə görə! - R.N.) ifadə olunur.

Görünür, Con Kerri Ermənistanda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göndərdiyi yardım və könüllü xilasedicilər təyyarəsinin ermənilər tərəfindən vurulmasından "xəbərsiz" olub

Həmin sərsəm müraciətdə deyilir ki, Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər: "Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz".

Görünür, həmin zamanlarda Qorbaçova müraciət edən o zamankı senator, hazırkı dövlət katibi olan Con Kerri Ermənistanda baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göndərdiyi yardım və könüllü xilasedicilər təyyarəsinin ermənilər tərəfindən vurulmasından "xəbərsiz" olub. Sual yaranır: nəyə görə? Ona görə ki, həmin hadisə, əslində ermənilərin azərbaycanlılara qarşı nə qədər hiddət və nifrət bəsləməsini təsdiq edən danılmaz sübutdur!

Onun qarşısına həmin müraciətin qoyulması vacibliyi reallaşdırılmalıdır

Azərbaycanlıları "qəddar", "qaniçən" kimi təqdim edən amerikalı senatorlar həmin müraciətləri ilə, əslində Azərbaycanda törədiləcək növbəti çoxsaylı qətliamlara yol açmış oldular. Hansı ki, həmin olaylara qədər də istər Qarabağda, istərsə də digər bölgələrimizdə ermənilər xalqımıza qarşı qanlı əməllərini törətmişdilər. Lakin az keçmədi ki, həmin qanlı əməllər davamlı xarakter almağa başladı. Bakıda qanlı yanvar hadisəsi törədildi, tanınımış dövlət admalarımıza qarşı vertolyot olayı düzənləndi, Qazağın Bğanıs Ayrım kəndi bütünlüklə əhli ilə birgə yandırılaraq külə döndərildi və çoxsaylı bu kimi hadisələr 20-ci əsrin ən qanlı qətliamı - Xocalı soyqırımı ilə nəticəsini tapdı. Üstəlik, bədnam "907-ci düzəliş" də Azərbaycanın üzərinə qoyuldu! İşğal siyasəti isə indiyə qədər davam etməkdədir. Özü də Con Kerrinin gözü qarşısında...

Ona görə də bu həqiqəti araşdırarkən və təhlil edərkən, bir daha belə qənaətə gəlməyə zəmin yaranır ki, əgər bu gün Con Kerri, yaxud da digər amerikalı diplomat "xalaxətrin qalmasın" üsulu ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə danışarsa, onun qarşısına həmin müraciətin qoyulmasının vacibliyi reallaşdırılmalıdır. Çünki ikibaşlı siyasət oynayanlara, ikiüzlülük edərək, həqiqəti gizlətməyə çalışanlara bundan layiqli cavab ola bilməz!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər