"Ümumiyyətlə hesab edirəm ki, ABŞ dövlət katibi Con Kerri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması istiqamətində düzgün mövqe sərgiləyə bilməz". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev ABŞ-ın indiki dövlət katibi Con Kerrinin o zaman Dağlıq Qarabağın Ermənistana verilməsi uğrunda fəallıq göstərməsinə və hətta bununla bağlı SSRİ prezidenti Mixail Qorbaçova müraciət ünvanlanmasına münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, artıq C.Kerrinin öncədən mövqeyi və maraqları bəllidir: "Hələ o senator olarkən orada olan erməni lobbiçilər tərəfindən "maraqlandırılmış" və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə müraciət edən və onlara dəstək verən insanlardan biri olub. Bu gün onun hansı vəzifə tutmasından və hansı sözlər deməsindən asılı olmayaraq təbii ki, C.Kerrinin daxilində ədalət hissi pozulub. Bu mənada hesab edirəm ki, ya C.Kerri, ya da digər başqa bir ABŞ siyasətçisi olsun o, öz mövqeyini bildirə bilər. Amma bu mövqe ədalətli mövqe olmayacaq. Bu kimi insanların ABŞ-da olması və belə düşüncə sahiblərinin hələ də Amerikada müxtəlif siyasi vəzifələrdə qalmaları təbii ki, ABŞ-ın özünün DQ-nın Minsk qrupunda həmsərlərdən biri kimi fəaliyyətinə kölgə salır".
sia.az