PDF Oxu

Siyasət

  • 38

Gözlənilən birlik baş tutmadı

Gözlənilən birlik baş tutmadı

Müsavatçılar AXCP-ni hədəfə aldılar

Həmişə olduğu kimi, yenə də seçki ərəfəsi eyni ssenari, eyni gediş. Həmişəki kimi, bu dəfə də köhnə metodlarını işə salmaqla seçkilərə birgə və ya blok şəklində getmək barədə bəyanatlar səsləndirirlər və hətta bir sıra partiyalar bu istiqamətdə görüşlərə də başlayıblar. Bir müddətdir ki, gözə dəyməyən müxalifət partiyaları yenidən fəallaşaraq canfəşanlıqla parlament seçkilərinə hazırlıqlara başlayıblar.

İlk baxışdan deyə bilərsiniz ki, burada qeyri-adi nə var? Siyasi partiyaların seçkiqabağı fəaliyyəti elə belə də olmalıdır. Ancaq məsələ burasındadır ki, biz müxalifət düşərgəsində yalnız seçkidən-seçkiyə canlanma müşahidə edirik və hər dəfə də eyni qaydada. Seçkidən əvvəl hər blokda 2-3 partiya olmaqla bir neçə blok yaradırlar, seçkidən sonra isə başlayırlar bir-birilərini uğursuzluqda günahlandırmağa...

Lakin ictimai rəy isə öz seçimində qalaraq dəfələrlə müxalifət düşərgəsində yalnız seçkidən-seçkiyə canlanma müşahidə edildiyinin şahidi olub və hər dəfə də eyni nəticəni - seçkisonrası qarşılıqlı ittihamları, söz savaşlarını, qarşıdurmaları, qalmaqalları müşahidə edib. Növbəti canlanma isə zaman-zaman birləşib və ayrılan Müsavat partiyası ilə AXCP arasında baş verdi. Son prezident seçkilərindən bəri küsülü olan iki partiya rəhbərləri arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə görüş keçirildi. Lakin görüşün keçirilməsindən az müddət keçməmiş AXCP təmsilçiləri bu görüşün elə görüşdən uzağa gedəcək bir şey olmadığını bəyan etdilər. Xüsusilə də, görüşdən bir müddət sonra "Azadlıq" qəzeti saytının 18 yanvar saat 18.16-da görüşlə bağlı açıqlama xəbərinin mətni yayıldı. Belə ki, AXCP funksionerləri Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə Əli Kərimli ilə baş tutan görüşü şərh edərkən, Müsavat haqda işlətdikləri ifadələr bir batman balla həzm ediləcək deyildi. Həmin mətndə bildirilirdi ki, AXCP sədri Müsavat başqanı ilə görüşmək üçün bir lütf etmiş, "mədəni insan kimi" onun xahişini geri rədd etməmiş, lakin Müsavatla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. AXCP funksionerlərinin bu fikirləri Müsavatda qəzəbə səbəb olub.

Tural Abbaslı: "AXCP rəhbərliyinə məsləhət bilərdim ki, şəxsi eqoları kənara qoymaq zamanıdır"

Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı AXCP ölkədə müxalifətin əməkdaşlığını, əməkdaşlıq mühitinin yaranmasını istəmədiyini bildirib: "Sabah seçkidə ümumi müxalifətin uğursuzluğu olanda və bu uğursuzluq müxalifət partiyalarının pərakəndə fəaliyyəti ilə əlaqələndiriləndə AXCP rəhbərliyi xalqa, öz partiya üzvlərinə bunun hesabını verməli olacaq. Burdan AXCP rəhbərliyinə məsləhət bilərdim ki, şəxsi eqoları kənara qoymaq zamanıdır. Ümumi maraqlar nəyi tələb edirsə, onu etmək lazımdır. Kimlərsə ümumi maraqlar naminə şəxsi eqosunu kənara qoymaq cəsarətində deyilsə, gələcəkdə xalqa hesab verməli olacaqlar".

Mustafa Hacıbəyli: "AXCP özünütəcrid siyasəti yürüdür"

Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli hesab edir ki, siyasi partiya özünü təcrid xətti seçməməlidir: "Bu baxımdan Müsavat başqanının bütün müxalif partiyalarla əməkdaşlıq istiqamətində təşəbbüsləri yüksək qiymətləndirilməlidir. Hər bir siyasi partiya, xüsusən seçki ilində əməkdaşlığın müxtəlif formalarını nəzərdən keçirməlidir. Əgər AXCP özünütəcrid siyasəti yürüdürsə, bu, yanlış görsənir. Amma bu, onların öz seçimidir. Digər tərəfdən, "etika xatirinə görüşdü" kimi ifadələrin özü bir az etik səslənmir. Əgər etika xatirinə görüş olubsa, bunu bu formada təqdim eləmək özü qeyri-etik səslənir. Hesab edirəm ki, siyasi partiyaların əməkdaşlığı zərurəti özünü daha ciddi surətdə büruzə verəcək. Mən şəxsən bunun tərəfdarıyam ki, Müsavat seçkilərdə öz namizədləri ilə iştirak etsin. Amma bu, o demək deyil ki, Müsavatın müşahidə missiyası digər partiyaların müşahidəçiləri ilə əməkdaşlıq eləməməlidir. Bu əməkdaşlıq olmalıdır və bunun formaları məhz indi müzakirələr sayəsində ortaya çıxmalıdır. Mən arzu edərdim ki, AXCP təkbaşına yüz minlərin iştirakı ilə mitinqlər keçirsin, Azadlıq meydanını tutsun, təkbaşına hakimiyyətə gəlsin. Amma təəssüf ki, biz bu arzuların reallaşmasını görmürük. AXCP-nin bu arzuları reallaşdırmağa yetərli gücü olduğu görünmür".

Göründüyü kimi, hələ parlament seçkilərinə müəyyən vaxt qalmasına baxmayaraq bu gün Azərbaycanın müxalifət partiyaları öz müxalifətçilik funksiyalarını lazımi şəkildə yerinə yetirə bilmirlər. Çünki 25 il ərzində hələ müxalifətçiliyin əsas mahiyyətini bilmədikləri üçün bu günə kimi, mövcud hökumətin yürütdüyü siyasətə alternativ və daha səmərəli siyasət, səmərəli idarəçilik konsepsiyası ortaya qoymayıblar.

R.HÜSEYNOVA

Digər xəbərlər