PDF Oxu

Siyasət

  • 39

İlham Əliyev: “Ölkəmizdə siyasi islahatlar uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür”

İlham Əliyev: “Ölkəmizdə siyasi islahatlar uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür”

Prezident İlham Əliyev Davosda bir sıra mühüm görüşlər keçirib

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda "Airbus Group International" şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Söhbət zamanı "Azərbaycan Hava Yolları" QSC ilə "Airbus Group International" şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edildi.

Prezident İlham Əliyevin yanvarın 22-də Davosda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü olub. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Azərbaycanın Avropanın enerji təminatında artan rolunun önəmi vurğulandı, bu sahədə "Cənub" qaz dəhlizinin əhəmiyyəti qeyd edildi. Söhbət zamanı gələn ay Bakıda keçiriləcək "Cənub" qaz dəhlizinin nazirlər səviyyəsində birinci məşvərət şurasına dair məsələlər müzakirə edildi, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev dünən həmçinin Davosda "Swiss Re Global Partnership" şirkətinin sədri Martin Parker ilə görüşüb.

Görüşdə Azərbaycan ilə "Swiss Re Global Partnership" şirkəti arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə olundu.

Prezident İlham Əliyev ilə ötənilki görüşdən keçən dövr ərzində şirkətin Azərbaycanın bir sıra dövlət qurumları - Maliyyə, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə görüşləri nəticəsində hazırlanmış, ölkəmizdə baş verə biləcək təbii fəlakətlərin qarşısının alınması ilə bağlı sığortanın təşkilinə dair Anlaşma Memorandumu ətrafında müzakirələr aparıldı. Dövlətimizin başçısına bu istiqamətdə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Martin Parker bu sahədə işlərin davam etdiriləcəyinə əminliyini vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiya Federasiyası "Sberbank"ının sədri German Qref ilə görüşüb. Görüşdə "Sberbank"ın sədri Azərbaycanda gedən inkişaf proseslərinin maraqla izlənildiyini bildirdi, ölkəmizin müvafiq maliyyə və bank strukturları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevrildiyini deyən G.Qref rəhbərlik etdiyi bankın Azərbaycanın müvafiq qurumları ilə bundan sonra da səmərəli əməkdaşlıq aparacağına ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Azərbaycanda iqtisadi inkişaf proseslərindən danışdı, ölkəmizin bank, maliyyə, energetika sistemlərində mühüm islahatların, eləcə də investisiya sahəsində uğurlu siyasətin həyata keçirildiyini dedi.

Dövlətimizin başçısı Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli şəraitin yaradılmasının önəmini qeyd edərək Azərbaycanın da xarici ölkələrə fəal sərmayə yatırdığını vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın maliyyə qurumları ilə "Sberbank" arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Davosda Niderlandın "Damen Shipyards Group" şirkətinin sədri Kommer Damen ilə görüşüb.

Görüşdə "Damen Shipyards Group" şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında artıq səmərəli əməkdaşlığın başlandığı vurğulandı. Kommer Damen rəhbəri olduğu şirkətin Azərbaycanda hərbi, mülki və xidməti gəmilərin istehsalına maraq göstərdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Simonetta Sommaruqanın görüşü olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edildi və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırıldı. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulandı. Söhbət zamanı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmi qeyd olundu, Azərbaycanın və İsveçrənin həyata keçirəcəyi birgə layihələrin qarşılıqlı faydalı olduğu bildirildi, mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dünən Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi. Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev yanvarın 22-də Davosda "Soros Fondu"nun təsisçisi Corc Soros ilə görüşüb. Görüşdə Azərbaycanda gedən inkişaf prosesləri ətrafında fikir mübadiləsi aparıldı.

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub. Görüşdə "Cənub" qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti və Azərbaycanın bu sahədə rolu yüksək dəyərləndirildi. Söhbət zamanı bp ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Regionların transformasiyası: Avrasiya" mövzusunda sessiyada iştirak edib. Sessiyanın aparıcısı iştirakçıları təqdim etdikdən sonra mövzu ilə bağlı sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi. Dövlətimizin başçısı ölkəmizin 1991-ci ildən bəri keçdiyi inkişaf yolunu ətraflı xarakterizə etdi. Bildirdi ki, ilk növbədə, siyasi transformasiyanı uğurla həyata keçirən ölkəmiz müstəqillik dövründə açıq qapı siyasəti yürüdüb və planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına müvəffəqiyyətlə keçib. Ölkə iqtisadiyyatının şaxələndirilməsi hazırda da uğurla davam etdirilir. Artıq Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyir.

Prezident İlham Əliyev Azərbaycanın mötəbər beynəlxalq maliyyə qurumları, o cümlədən Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də səmərəli əməkdaşlıq etdiyini və çoxlu sayda infrastruktur layihələrini həyata keçirdiyini bildirdi. Prezident qeyd etdi ki, artıq Azərbaycan özü donor ölkəyə çevrilib və xeyli xarici ölkədə bir sıra layihələri maliyyələşdirir. Azərbaycanın enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin hasil etdiyi təbii qazı hazırda reallaşdırılan "Cənub" qaz dəhlizi vasitəsilə Avropaya nəql edəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycanın zamanın çağırışlarına, o cümlədən terrorizmə qarşı da fəal mübarizə apardığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizin həyata keçirdiyi enerji layihələri regional əməkdaşlıqla yanaşı, beynəlxalq əməkdaşlığa da geniş imkanlar açır və bütün tərəfdaşların həmin layihələrdən bəhrələnmələrinə hərtərəfli imkanlar yaradır. Dövlətimizin başçısı neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda xərclərə nəzarətin gücləndirilməsi, israfçılığa yol verilməsi hallarının qarşısının alınması və digər vacib tədbirlər görüldüyünü dedi. Sonra dövlətimizin başçısı sualları cavablandırdı. Geosiyasi vəziyyətlə bağlı sualın cavabında Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz artıq 20 ildən çoxdur Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir və ötən müddətdə aparılan sülh danışıqları heç bir nəticə verməyib. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də keçmiş SSRİ məkanındakı bütün münaqişələr eyni yanaşma yolu ilə həll olunmalıdır. Belə münaqişələrin həll olunmaması yeni münaqişələrə də yol açır. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində həllini tapmasa, bunun digər ölkələrə də öz mənfi təsirini göstərəcəyini dedi. Dövlətimizin başçısı qeyd etdi ki, beynəlxalq hüquq normaları BMT-nin Nizamnaməsində, ATƏT və digər beynəlxalq təşkilatların sənədlərində konkret şəkildə əksini tapıb. Yalnız beynəlxalq hüquq normalarına əməl edildikdə ikili standartların və belə problemlərin regionda artmasının qarşısı alınar. Sessiyada səslənən digər məsələlərlə bağlı Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı diqqət mərkəzindədir. Ölkəmiz "qara qızıl"ı insan kapitalına çevirmək istiqamətində ardıcıl addımlar atır. Respublikamızda təhsilin inkişafına mühüm əhəmiyyət verilir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin əsaslı şəkildə inkişafı üçün müvafiq işlər həyata keçirilir və artıq ölkəmiz iki peykini orbitə çıxarıb.

Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə siyasi islahatlar da uğurla reallaşdırılır, insanların daha yaxşı yaşayışı üçün ardıcıl işlər görülür. Ölkəmizin infrastrukturun təkmilləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirdiyini və Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun bunun bariz nümunəsi olduğunu vurğuladı. Sessiyada Avropa Komissiyasının sabiq sədri Joze Manuel Barrozu və digər çıxış edənlər də Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolu keçdiyini, ölkəmizin qazandığı nailiyyətlərin nümunə xarakteri daşıdığını bildirdilər. Sessiyada geosiyasi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi məsələləri, neftin qiymətinin aşağı düşməsi ilə bağlı dünya iqtisadiyyatı və bir sıra ölkələrin iqtisadiyyatının perspektivləri və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən "Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst" mövzusunda sessiyada iştirak edib. Yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, "Cənub" qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışdı.

Digər xəbərlər