PDF Oxu

Siyasət

  • 43

Aydın Hüseynov: “Bu, sadə fikir deyil, reallıqda öz əksini tapmış önəmli və danılmaz faktdır”

Aydın Hüseynov: “Bu, sadə fikir deyil, reallıqda öz əksini tapmış önəmli və danılmaz faktdır”

Sevindirici və qürurverici haldır ki, Azərbaycan hər il keçirilən Davos Forumunda ən yüksək səviyyədə təmsil olunur". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Davos Forumunda ölkəmizin iqtisadi uğurlarla yanaşı, siyasi uğurlar da əldə etməsi barədə fikirlərini şərh edərkən deyib.

Aydın Hüseynov vuğulayıb ki, bu, ilk növbədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yürüdülən mütərəqqi və müstəqil siyasətin bariz nəticəsidir: "Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak edib. Dövlətimizin başçısı burada dünyanın ən tanınmış siyasi və iqtisadi elitaların nümayəndələrilə görüşlər keçirib, möhtəşəm çıxış edib və Azərbaycanın əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Əlbəttə ki, dövlət başçımızın çıxışında vurğulanan fikirlərdən də aydın görünür ki, bu gün ölkəmizdə yürüdülən tam müstəqil siyasət onun dünya dövlətləri sırasındakı nüfuzunun daha da artmasına səbəb olmaqdadır".

YAP rəsmisi bildirib ki, Azərbaycanın dünyanın qlobal iqtisadi və enerji layihələrindəki iştirakı, eyni zamanda əhəmiyyətli rolu həm də yürüdülən mükəmməl siyasətin ardıcıllığı əsasındadır: "Bu baxımdan, Azərbaycan dünya ölkələri sırasında söz sahibinə çevrilib. Ölkə başçımızın da dəfələrlə vurğuladığına görə, bu gün dünyada reallaşdırılan hər bir önəmli layihələrdə Azərbaycanın iştirakı vacib amil kimi qiymətləndirilməkdədir. Azərbaycanın iştirakı olmadan hər hansı bir layihənin gerçəyə çevrilməsi çətinləşir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycan bütün bu uğurlara yürütdüyü müstəqil siyasəti nəticəsində imza atıb, bundan sonra da atacaq".

Aydın Hüseynov eyni zamanda bildirib ki, digər xarici dövlət adamlarının, nəhəng şirkət rəhbərliklərinin, iqtisadiyyat nəhənglərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşməyə can atmaları sözsüz ki, həm Ona, həm də Azərbaycana olan inam və etibardan irəli gələn əhəmiyyətli faktordur: "Təbii ki, bütün bunlar Azərbaycana olan maraqdan irəli gəlir. Çünki Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir".

"Azərbaycanın bu cür üstünlükləri həm də nüfuzlu beynəlxalq təşkilatların rəylərində də özünü göstərir"-deyə qeyd edən YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir: "Dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağının əsasında dayanan daha bir fakt isə son dövrlər ərzində sürətlə inkişaf edərək, Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsidir. Bu, sadə fikir deyil, reallıqda öz əksini tapmış önəmli və danılmaz faktdır".

sia.az

Digər xəbərlər