"Davos İqtisadi Forumu dünyada xüsusi çəkisi olan bir qurumdur". BunuSİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətindən danışarkən deyib.Politoloqun sözlərinə görə, Davos İqtisadi Forumuna ilk növbədə dünyanın iqtisadi elitası toplaşır: "Bununla belə, Forumda dünyanın siyasi elitası da iştirak edir. Foruma gələn dövlətlər bir-birini zənginləşdirmək və bir-birinə töhfələr vermək iqtidarında olan tərəfdaşlardırlar. Hər bir dövlətin öz potensialını nümayiş etdirmək üçün Davos İqtisadi Forumu unikal bir şans və imkandır. Təbii ki, Azərbaycanda bu imkandan maksimum faydalanır. Məqsəd isə Azərbaycanın iqtisadi potensialını, ölkəmizdə inkişaf proseslərini və s. bütün dünyanın siyasi elitasının görməsidir. Beləcə rəsmi Bakı çalışır ki, Azərbaycana daha çox investisiyanın cəlb edilməsinə nail olunsun. Eyni zamanda bu, dövlətimiz üçün yeni bazarların əldə edilməsi baxımından unikal bir imkandır.Davos İqtisadi Forumunda Ermənistanın iştirak etməməsi məsələsinə gəlincə E.Nəsirli deyir ki, sadalanılan parametrlərin heç biri işğalçı ölkəyə uyğun gəlmir: "Çünki, dünya iqtisadi elitasına Ermənistanın bu Forumda iştirakı heç bir halda maraqlı deyil. Bildiyiniz kimi, onlar hər il ölkələrin iqtisadiyyata rəqabət qabiliyyətini müəyyən edirlər. Heç kimə sirr deyil ki, Ermənistan bu sıralarda 100-cü yerlərdən birini tutur. Nə iqtisadi potensialına, nə ölkədəki siyasi vəziyyətinə, nə də ki, siyasi rejiminə görə Ermənistan dövləti dünya birliyi üçün artıq maraqlı deyil. Yəni belə bir ölkəyə investisiya qoymaq son dərəcə riskli bir hadisədir. Təbii ki, bu gün erməni ekspertlər bu haqda özləri də yazır. Bu mənada hesab edirəm ki, Davos İqtisadi Forumu həm də Ermənistana dünyanın, dünya birliyinin, iqtisadi güclərin və s. necə yanaşdığının bir indikatorudur (göstəricisidir)".
sia.az