Daşaltı əməliyyatı yanvarın 25-də başlanıb və 26-da uğursuzluqla başa çatıb
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 23 il ötür. Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib. Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak ediblər. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycan əsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Tacəddin Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvarda Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itiriblər.
Qeyd edək ki, Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə bilərdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər. Çünki 1992-ci ildə Azərbaycanda birlik yox idi, iqtidarla müxalifət arasında hakimiyyət uğrunda ölüm-dirim mübarizəsi gedirdi. Düşmən bundan məharətlə istifadə edərək bir-birinin ardınca torpaqlarımızı işğal edir, rayonlarımızı, kəndlərimizi, qəsəbələrimizi viranəyə çevirir, dinc əhalini qırıb-çatır, öz doğma yurdlarından qovurdular. Məhz uğursuz keçən Daşaltı əməliyyatından sonra Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlarda erməni quldurları tərəfindən azərbaycanlıların etnik təmizlənməsi prosesi daha da sürətləndi. Daşaltıda məğlubiyyət, həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna da ciddi təsir etdi. Lakin Daşaltıdakı döyüş Azərbaycan əsgərlərinin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yadda qaldı.
Ü.ƏSGƏROV