PDF Oxu

Siyasət

  • 61

Yetkin və siyasi gücə malik Azərbaycan diasporu formalaşıb

Yetkin və siyasi gücə malik Azərbaycan diasporu formalaşıb

Müasir dövrümüzdə Azərbaycan diasporunun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir etmək qüdrətindədir

Diaspor quruculuğu ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyindən Azərbaycan diasporu dünya ölkələrində yetkin və formalaşmış şəkildə fəaliyyət göstərir. Milli düşüncəmizin parlaq ifadəsi Azərbaycan diasporunun simasında dünya ictimaiyyətinə çatdırılır. Bu gün Azərbaycan diasporu ABŞ, Fransa, Misir, Avstraliya, Gürcüstan, Moldova, Avstriya, İslandiya, Niderland, Almaniya, İspaniya, Norveç, Belarus, İsveç, Özbəkistan, Belçika, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirliyi, İsveçrə, Qazaxıstan və İtaliya kimi onlarla dövlətlərdə fəaliyyət göstərir. Belə ki, dünya ölkələrində "Azərbaycan Evi" Cəmiyyəti, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Azərbaycan Kültür Mərkəzi, Azərbaycanlı Tələbələr Assosiasiyası, Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, Avstaliyada Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi, Azərbaycan-İsveçrə Türk Cəmiyyəti, İsveçrə Azərbaycan Türkləri Kültür Dərnəyi, İsveçrə-Azərbaycan Dərnəyi, Azərbaycan Türk Kültür Dərnəyi, Azərbaycan-İsveçrə Əməkdaşlıq Cəmiyyəti, İsveçrədə Azərbaycanın Demokratik Tələbə və Gənclər Birliyi, Vaşinqton-Azərbaycan Mədəniyyət Mərkəzi, Amerika-Azərbaycan Ticarət Palatası, Hyuston Azərbaycanlıları Cəmiyyəti, Amerika-Azərbaycan Şurası, Qafqaz Yəhudiləri Cəmiyyəti və onlarla belə qurumlar müstəqillik dövründə təşəkkül tapmışdır. Bu və ya digər qurumlar dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqda əhəmiyyətli rola malikdir. Bu gün statistik göstəricilərə əsaslanaraq deyə bilərik ki, dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

XARİCDƏKİ AZƏRBAYCANLILARIN YAŞADIQLARI ÖLKƏLƏRİN İCTİMAİ-SİYASİ HƏYATINDA İŞTİRAK SƏVİYYƏSİ ARTIRILIB

Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirmişdir. Diasporla İş üzrə Dövlət Komitəsinin 2014-cü ilin yekunlarına dair hesabatında təkcə bir il ərzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən 557 tədbir və layihə həyata keçirildiyi göstərilir. Bu tədbirlər əsasən xaricdəki azərbaycanlıların təşkilatlanması, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iştirak səviyyəsinin artırılması, Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, habelə diaspor təşkilatları arasında Azərbaycan naminə əməkdaşlığın daha da gücləndirilməsi və inkişafı, lobbi quruculuğu kimi istiqamətləri əhatə edib.

Dövlət Komitəsinin hesabatında bildirilir ki, 2014-cü ildə keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlərin ən önəmlisi Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və digər təşkilatlarla əməkdaşlıq çərçivəsində II Qlobal Açıq Cəmiyyətlər Forumudur. Əksəriyyəti sabiq ölkə və hökumət rəhbərləri olan 54 ölkədən 150-dən çox nümayəndənin iştirak etdiyi forumda dünyanı narahat edən problemlər və onların həlli yolları müzakirə olunub. Andorra paytaxtında Dövlət Komitəsinin və Andorra hökumətinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən "Avropada etimadın bərpa olunması" mövzusunda keçirilən beynəlxalq konfransda regionda təhlükəsizlik məsələləri, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ, Abxaziya, Osetiya, Ukraynadakı böhranın müzakirəsinə də xüsusi diqqət ayrılıb.

Ötən il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə 189 layihə reallaşdırılıb. ABŞ, Kanada, Almaniya, Türkiyə, BƏƏ, İsveç, Litva, Gürcüstan, Rusiya və digər ölkələrdə diaspor təşkilatlarımız tərəfindən müxtəlif məzmunlu tədbirlər, kütləvi etiraz aksiyaları, konfrans və seminarlar təşkil olunub.

Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı 100-ə yaxın tədbir təşkil olunub, xarici KİV-də faciə ilə bağlı materiallar verilib, soydaşlarımız yaşadığı ölkələrin dövlət və hökumət strukturlarında görüşləri olub, onlara müraciət və məktublar ünvanlanıb. Diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət" kampaniyasına fəal şəkildə dəstək verməyə çalışıb.

Ötən il xaricdəki diaspor təşkilatları və burada yaşayan həmvətənlərimiz tərəfindən Azərbaycan xalqının zəngin mədəniyyətinin, adət və ənənələrinin təbliğ olunması istiqamətində 181 mədəni-kütləvi tədbir təşkil olunub. Azərbaycanın görkəmli şəxsiyyətlərinin yad edilməsi məqsədilə tədbirlər, konsert proqramları təşkil edilib, soydaşlarımız dünya festivallarında və sərgilərdə iştirak edərək, ölkəmizin tarixi və zəngin mədəni irsini təbliğ etməyə çalışıb.

AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ SAYI 453-Ə ÇATIB

Lobbi quruculuğu istiqamətində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələrin qurulması da əhəmiyyətli məsələlərdəndir. Belə ki, müxtəlif ölkələrin parlamentlərində və hökumətlərində təmsil olunan siyasət adamlar, ictimai xadimlərlə əlaqələr qurulub. Xarici dövlətlərin parlament üzvlərinin, dövlət rəsmilərinin və KİV nümayəndələri ilə əlaqələrin qurulması, onların Azərbaycana səfərlərinin təşkili məqsədilə 93 layihə və tədbir keçirilib.

2014-cü il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması, tarixi Vətənlə əlaqələrinin gücləndirilməsi əsas vəzifələrdən olub. Xüsusilə gənclərin, ictimai-siyasi xadimlərin diaspor quruculuğu işinə cəlb olunması və bu istiqamətdə onların fəallığının artırılması prioritet təşkil edib. Ötən diaspor təşkilatlarının sayında da artım olub və hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatıb.

Hesabat dövründə soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması məqsədilə 65 tədbir keçirilib. Təkcə ötən bir ildə 2014-cü il ərzində ABŞ, Almaniya, Ukrayna, Rusiya və İsveçdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında yaxından iştirak edərək yerli və mərkəzi idarəetmə orqanlarına seçkilərə qatılıb, yüksək nəticələr əldə ediblər. Bundan başqa, Ukraynada yaşayan bir neçə həmvətənimiz dövlət qurumlarında yüksək vəzifələrə təyin edilib. Ukrayna, Rusiya, Türkiyə və digər ölkələrdəki azərbaycanlı ziyalılar, iş adamları müxtəlif diplom və mükafatlarla təltif olunub.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının təbliğat sahəsində fəaliyyətin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin, siyasi dairələrinin müzakirəsinə çıxarılması ilə bağlı görülən faktlar da kifayət qədərdir. Göründüyü kimi indiyədək əldə olunan təcrübə diaspor təşkilatlarımızın daha yetkin və nəzərəçarpacaq fəaliyyət göstərməsinə imkan verir. Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər