PDF Oxu

Siyasət

  • 36

Gənclərlə bağlı yeni və mükəmməl strategiya

Gənclərlə bağlı yeni və mükəmməl strategiya

Prezident İlham Əliyevin qəbul etdiyi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" haqqında Sərəncam bu amili ehtiva edir

Müstəqil Azərbaycan Respublikasının daxili siyasi kursunun mühüm istiqamətlərindən birini də gənclər siyasəti təşkil edir. Gəncliyin inkişafına böyük əhəmiyyət verən dövlətimiz gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" ilə bağlı Sərəncamı gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.

"Ümumbəşəri və daxili çağırışlara cavab vermək məqsədilə yaxın 10 il üçün Azərbaycan gənclərinin İnkişaf Strategiyasının hazırlanması gündəmə gəlmiş və tərtib edilmişdir"

Sözügedən sənəddə qeyd olunur ki, ümumbəşəri və daxili çağırışlara cavab vermək məqsədilə yaxın 10 il üçün Azərbaycan gənclərinin İnkişaf Strategiyasının hazırlanması gündəmə gəlmiş və tərtib edilmişdir: "Strategiya son 10 ildə sosial sahələrə dair qəbul edilmiş sənədlərin (konsepsiya, strategiya, Dövlət Proqramı və s.) icrası ilə ahəngdar şəkildə həyata keçirilməlidir. Bu sənədlərə, ilk növbədə, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası", 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)", 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı", 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı", 2011-ci il 15 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" və s. aiddir. Sözügedən sənədlərin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər sayəsində gənclərin sosial problemlərinin həlli və gələcək inkişafı üçün dayanıqlı əsaslar yaradılmışdır. Bu baxımdan yeni Strategiya mövcud nailiyyətlərin möhkəmləndirilməsini və davamlı inkişafını təmin etməlidir".

Sənəddə, həmçinin qeyd edilir ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının səviyyəsinin əmək bazarının və işəgötürənlərin tələblərinə yetərincə cavab verməməsi müvafiq peşə sahiblərinin sayının azalması ilə yanaşı, həmin təklifin əcnəbi işçi qüvvəsi ilə əvəz olunmasına gətirib çıxarır. Nəticədə, bir sıra peşələr üzrə kadr çatışmazlığı yaranır, gənclər arasında işsizlik artmış olur. Ölkə üçün əhəmiyyət kəsb edən bəzi ixtisaslara (kənd təsərrüfatı, yüksək texnologiyalar və s.) maraq çox zəifdir. Ali təhsil alanların çox az qismi regionlarda işləməyə meyil göstərir. Bu baxımdan, təhsil sisteminin, xüsusilə də peşə təhsilinin surətlə inkişaf edən ölkə iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması günümüzün zərurətinə çevrilib. Eyni zamanda sənəddə ali təhsil müəssisələrində ölkənin hazırkı və perspektiv iqtisadi inkişaf istiqamətlərinə uyğun olan və əmək bazarının tələblərini nəzərə alan ixtisasların tədrisinə ehtiyac yarandığı vurğulanır. Qeyd olunur ki, bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri "insan kapitalının" ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması bu məsələnin əhəmiyyətini daha da artırır.

Yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsinin də zəruri olduğu strategiyada öz əksini tapır. Strategiyada vurğulanır ki, gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

Uğurlu faktları təsdiq edən real rəqəmlər

Sənəddə gənclər siyasəti sahəsində mövcud vəziyyətlə bağlı nəzərə çatdırılan uğurlu faktları təsdiq edən real rəqəmlərin verilməsidir. Belə ki, strategiyada nəzərə çatdırılır ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52%-i şəhər yerlərində, 48%-i isə kəndlərdə yaşayır. Onların 49,2%-ni qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6%-i məhz gənc ailələrdə dünyaya gəlir. 2013/2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Son 7 il ərzində 3000-dən çox gənc "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilib. 2013-cü ildə "Əhalinin iqtisadi fəallığına dair" keçirilən müayinələrin yekunlarına əsasən, 15-29 yaşlı gənclərin 1239,8 min nəfəri iqtisadi fəal olub, onların 1116,8 min nəfəri iqtisadi əmək fəaliyyəti ilə məşğul olub. Müayinənin yekunlarına görə, 15-29 yaşlı gənclər arasında işsizlərin sayı 123 min nəfərdir.

Beləliklə, təsdiq olunan strategiya gənclərimizə yeni bir çağırışdır ki, onlar işlərində daha peşəkar olsunlar, ölkəmizi dünyada layiqincə təmsil etsinlər, dövlətçiliyin inkişafında öz bilik və bacarıqlarını ortaya qoysunlar. Bu amil isə uğurla reallaşdırılır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər