PDF Oxu

Siyasət

  • 51

Azərbaycanda xalqla iqtidar arasında birlik var

Azərbaycanda xalqla iqtidar arasında birlik var

İlham Əliyev: "Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir"

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2004-2014-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, sahibkarlığın inkişafının dəstəklənməsi, infrastruktur, təhsil, səhiyyə, mədəniyyət, idman, informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, turizm və ekologiya sahələrində əldə edilən uğurlardan bəhs olunur. Sərgidə Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr barədə də geniş məlumat verilir. Nümayiş olunan foto, cədvəl və diaqramlardan aydın görünür ki, müvafiq dövrdə regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan proqramların icrası nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişafı, o cümlədən regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi uğurla təmin edilib. 2004-2014-cü illərdə Naxçıvan Muxtar Respublikası da əsaslı inkişaf yolu keçib. Son 10 ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 10,3 dəfə, sənaye məhsulunun ümumi həcmi 34,9 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 4,6 dəfə, əsas kapitala investisiyalar 11,5 dəfə, xarici ticarət dövriyyəsi 13,2 dəfə artıb. Bu dövrdə əhalinin gəlirləri 8,2 dəfə, orta aylıq əməkhaqqı isə 5,8 dəfə çoxalıb. Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət, infrastruktur və digər sahələrdə də əsaslı dəyişikliklər baş verib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilib:

"Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçüncü Dövlət Proqramı keçən il qəbul edilmişdir. Keçən il biz Heydər Əliyev Mərkəzinin bu salonunda ikinci Dövlət Proqramının yekunlarını müzakirə etmişdik və üçüncü proqramın qəbul olunması məsələsi o vaxt qoyulmuşdur. Bir il keçibdir və bir il ərzində görülən işlər haqqında bu gün məlumatlar veriləcək, eyni zamanda, bu il görüləcək işlər haqqında danışacağıq.

Bir il ərzində dünyada müxtəlif hadisələr baş vermişdir, müxtəlif proseslər getmişdir. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlamışdır.

Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə getmişdir. Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.

Yəni, budur bizim bugünkü reallıqlarımız. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir.

2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir."

Dövlətimizin başçısı qeyd edib ki, əgər 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olub. Prezident diqqətə çatdırıb ki, bütün göstəricilər bunu təsdiq edir:

" Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər.

Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılmışdır. Onlardan 1 milyonu daimi iş yeridir. Bu da daimi proses olmalıdır. Mən bu barədə dəfələrlə demişəm. Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz. İnflyasiya da çox aşağı səviyyədədir, manat da ildən-ilə öz dəyərini artırır."

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir:

"Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq. Ona görə iqtisadi güc bizə, bax, bu imkanları yaradır. Ona görə xatırlayıram, hələ 2003-cü ildə demişdim ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, bizim siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Bu gün biz ətrafdakı ölkələrin vəziyyətini görürük. Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün, nə qədər bunlar aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq."

Dövlət başçısı qeyd edib ki, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır: "Mən bu sahədə də bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək asan məsələ deyil. Bu, böyük bir şəhər boyda qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur.

Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu "qloballaşma" sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir."

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər. Qeyd olunub ki, son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olmuşdur. Bu uğurların əsasında Prezident İlham Əliyevin müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti durur.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfəsini verir. Ötən il də "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində görülən işlər, həyata keçirilən layihələr, əldə edilən uğurlu nəticələrlə zəngin olub. Regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib.

İl ərzində 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri tikilib. Ötən il 5 elektrik stansiyası istifadəyə verilib, regionlarda 3 min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya, 1450 kilometr qaz kəməri inşa edilib və ya əsaslı təmir olunub, 24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin edilib. İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi tikilmiş və ya əsaslı təmir olunmuşdur. Sumqayıt, Gəncə və Sabirabadda "ASAN xidmət"in fəaliyyətə başlaması regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmış, mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə etmişdir. İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5 yaşayış binası tikilmişdir. Sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların rifahının yaxşılaşması üçün yeni imkanlar açır. Şübhəsiz ki, 2014-cü ildə başlayan "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı da digər layihələr kimi uğurlu olacaq və əhalinin rifahının artmasına töhfəsini verəcəkdir.

2014-cü ilin "Sənaye ili" elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda da sənayenin inkişafına təkan verib, ötən il regionlarda 105 sənaye müəssisəsi açılıb. Ümumilikdə "Sənaye ili"ndə görülən tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artıb. Son illərdə sənayedə həyata keçirilən dövlət dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə 380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik istehsal gücü 820 ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit ayrılmış və artıq 22 zavod istifadəyə verilmişdir. Regionlarda 4400 müəssisə fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri açılmışdır.

Daha sonra Azərbaycan Prezidenti konfransda yekun nitqi söyləyib. Prezident İlham Əliyev qarşıda duran vəzifələr barədə danışıb, tapşırıq və tövsiyyələrini verib. Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq.

Digər xəbərlər