"2003-cü ildə Prezident seçilən cənab İlham Əliyev ötən müddət ərzində verdiyi bütün vədləri yerinə yetirməklə yanaşı, atdığı addımlarında hər bir azərbaycanlının Prezidenti olduğunu isbatladı. Məhz, bu gün də ölkə başçısı fəaliyyətilə xalqa xidmətin nümunəsini təqdim edir". Bu fikirləriSİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev əməllərilə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılamaqdadır: "Bir dövlət rəhbərinin ad gününü qaçqın və məcburi köçkün vətəndaşları ilə birgə qeyd etməsi, bayram və matəm günlərində də xalqla bərabər olması Onun xalqına olan münasibətinin səmimiliyindən irəli gəlir. Bu baxımdan da, Prezident İlham Əliyev atdığı addımları və gördüyü işlərlə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi və ölkənin inkişafı üçün siyasi-mənəvi keyfiyyətləri də məmurlara aşılamaqdadır".Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin yanvarın 27-də keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məmurlara verdiyi tövsiyələr və etdiyi xəbərdarlıqlardan hər bir vəzifəli şəxs nəticə çıxarmalıdır: "Prezident İlham Əliyev konfransda özünü xalqın birinci xidmətçisi adlandırmaqla məmurlara bir daha xəbərdarlıq edib ki, onlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidir. "Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir" – deyən Prezident İlham Əliyev aydın şəkildə izah edir ki, bu sərvətin qorunub saxlanılması hər bir azərbaycanlının mənəvi, məmurların isə həm də vəzifə borcudur"."Məmurlar dövlətin həyata keçirdiyi siyasətin yerlərdəki icraçılarıdır" – deyə bildirən deputat Sədaqət Vəliyeva onu da əlavə edib ki, vəzifəli şəxslər xalqın qayğıları ilə maraqlanmalı, onların qarşılaşdıqları problemlərin həll edilməsinə maksimum dərəcədə köməklik göstərməlidir. Çünki, hər bir ölkənin inkişaf səviyyəsinin əsas göstəricilərindən birini də vətəndaş-məmur münasibətlərinin və xalqa xidmətin səviyyəsi təşkil edir: "Artıq Prezident İlham Əliyev bu münasibətlərdə nümunə təqdim edir. Düşünürəm ki, məmurlar da dövlət başçısından nümunə götürməli və göstərilən etimadı doğrultmalıdır".
sia.az