Ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə olunmasına ciddi zəmin yaradıb. Ölkə başçısı Cənab İlham Əliyevin ardıcıl olaraq həyatın bütün sahələrinin inkişafı üzrə həyata keçirdiyi islahatlar, qəbul olunmuş dövlət proqramları Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tapmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan mövcud siyasi vəziyyət, stabillik, iqtisadi artım inkişafı zəruri edən amillərdəndir.
Azərbaycanın sürətli inkişafı ölkəmizdə idman hərəkatının daha geniş vüsət almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan Azərbaycan dövləti idmanın, xüsusilə də olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımi maddi-texniki baza da yaradılıb. Ölkəmizdə xüsusilə son 11 ildə tikilən olimpiya idman kompleksləri, məhz idmanın inkişafına xidmət edən amillərdir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir, Bakıda bu yarışların yüksək səviyyədə təşkili Azərbaycanın bu sahədə də dünya liderləri sırasında olduğunu göstərir. Təbii ki, ölkəmizdə dövlət səviyyəsində idmana və olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, Birinci Avropa Oyunlarının keçirilməsi Bakıya həvalə olunub. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Artıq neçə ildir ki, dünyanın idman ailəsinə daxil olan ölkəmiz beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverilşli məkan funksiyasını yerinə yetirir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür.
BAKI İLK AVROPA OYUNLARINI UĞURLA BAŞA VURACAQ
Bu gün Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. Beynəlxalq yarışın keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlər görülür. Əlbəttə, digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməyib və belə oyunların Azərbaycanda keçirilməsi Bakı üçün məsuliyyətdir. Təbii ki, Bakı olduqca gözəl ilk Avropa Oyunlarının təşkilində tarixə imza atacaq. Qeyd edək ki, ilk Avropa Oyunları Bakıda 21 idman obyektində keçiriləcək. Bu məqsədlə yeni arenalar inşa edilir, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirilir. Açılış mərasiminin baş tutacağı 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlanır. 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.
Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün Azərbaycana iki il yarım vaxt verilsə də iyirmi idman növü üzrə yarışacaq 6 mindən artıq atletin gəlməsini gözləyən Azərbaycan ciddi-cəhdlə işləri sürətləndirib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilsə də "Bakı-2015" yarışması Azərbaycana üçün cəmi 30 ay vaxt verildi. Onun sözlərinə görə, ilk Avropa Oyunları yaddaqalan tədbir olacaq və Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək:"Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də Onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib".
Bu gün paytaxtımız hazırlıq işinin son mərhələsini yaşayır. Azərbaycan Prezident Cənab İlham Əliyevin Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimat mərasimindəki çıxışında vurğulayıb ki, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması sahəsində çoxlu işlər aparılıb. Hazırda Xəzər dənizinin sahilində Bakı İdman Şəhərciyi yaradırlır: "Nəqliyyat infrastrukturumuzu yeniləşdiririk. Bu, əlbəttə, regionda ən yaxşı şəbəkələrdən biri olacaq. Bakıda yeni mehmanxanalar açılır. Eyni zamanda, Xəzərin sahilində uzunluğu 16 kilometr olan yeni gəzinti zonası yaradılır. Bu, qonaqlar, idmançılar və turistlər üçün gözəl məkan olacaq". Bu ifadələr Azərbaycan reallıqlarına söykənir. Ölkəmizdə ictimai- siyasi sabitliyin hökm sürməsi inkişafın sürətlənməsinə səbəbdir. Bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən birinə çevrilib. İki il ərzində 2015-ci ildə Avropa Oyunlarının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycanın bugünkü reallığını əks etdirir və ölkə mənzərəsindən qaynaqlanır.
AZƏRBAYCANI PARLAQ İDMAN GƏLƏCƏYİNƏ APARAN YOL
İdmanın Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan "Bakı-2015" idman tarixində yeni maraqlı səhifə olacaq. "Bakı-2015" Oyunları Azərbaycanı parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər. Heç şübhəsiz ki, 2019-cu ildəki oyunlar Bakıdakı bu yarışmanın tam təkrarı olmayacaq. Belə ki, Bakıda ən yaxşı praktiki modellər hazırlanıb.
Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Həm də Azərbaycan üçün böyük sınaqdır. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu bir daha nümayiş etdirəcək.
Nəzakət ƏLƏDDİNQIZI