PDF Oxu

Siyasət

  • 32

Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür

Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür

Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki vertolyotunda 44 nəfər azərbaycanlı dünyasını dəyişib

XX əsrin sonlarında dünyanın ən böyük işğal faciəsini Azərbaycan yaşayıb. Tarix boyu işğalçılıq siyasəti ilə məkrli niyyətlərini həyata keçirməyə çalışan mənfur ermənilər azərbaycanlılara qarşı düşmənçilik edərək, məkrli planlarını həyata keçirməyə cəhd göstəriblər. Bu "qərar" onların təkcə silahlı mübarizə ilə deyil, mənəvi abidələrimizə də zərbə vurmaq yolu ilə davam etdirilmişdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olub, 4866 nəfər itkin düşüb, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Hərbi təcavüz respublikamızın 17 min kv.km. ən məhsuldar torpaqlarının işğalına, 900 yaşayış məntəqəsinin, 130939 evin, 2389 sənaye və kənd təsərrüfatı obyektinin, 1025 təhsil, 798 səhiyyə ocağının, 1510 mədəniyyət müəssisəsinin, 5198 km. avtomobil yollarının, 348 körpünün, 7568 km. su və 76940 km. elektrik xətlərinin dağıdılmasına səbəb olub. Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini xüsusi qəddarlıqla məhv ediblər. Ələ keçirdikləri ərazilərdə onlar 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Dağıdılan və yandırılan 927 kitabxanada 4 600 000 (dörd milyon altı yüz min) kitab və misilsiz əlyazma nümunələri məhv edilib.

Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir. Talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Əhaliyə vurulmuş mənəvi - psixoloji zərbə ilə bərabər, ilkin və axıradək müəyyənləşdirilməmiş məlumata görə, Azərbaycan iqtisadiyyatına 60 milyard ABŞ dollarından çox həcmdə ziyan dəymişdir.

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür. Belə ki, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan "Mİ-8" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub. Terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub. Xatırladaq ki, bu hadisədən iki ay əvvəl - 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunu atəşə tutması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Bu və ya digər faktlar ermənilərin separatçı və işğalçı siyasət həyata keçirdiyini bir daha göstərir.

Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı haqlı, ədalətli, qətiyyətli mövqeyi bu gün də dəyişməz olaraq qalır. Ölkəmiz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövlüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. Lakin Azərbaycanın xoşməramlı səylərinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalır. 20 ildən artıq atəşkəs rejimində yaşasaq da, Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə hələ də nail ola bilməyib. Bu müddət ərizində dəfələrlə atəşkəs rejimi pozulub. Bu, Ermənistanın işğalçılıq siyasətindən geri çəkilmək istəməməsi, müxtəlif bəhanələrlə danışıqlar prosesini pozmaq niyyətində irəli gələn amildir. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayır, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət vermir. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyərək, işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. Bütün bu addımlar Ermənistana - işğalçı siyasətə təsirsiz qalıb.

NƏZAKƏT

Digər xəbərlər