PDF Oxu

Siyasət

  • 42

"Freedom House" təşkilatında tükənməz erməni sevgisi

"Freedom House" təşkilatında tükənməz erməni sevgisi

və ya Devid Kramerin təlimatları yenə də canla-başla yerinə yetirildi

Daim Azərbaycana qarşı qərəzli mövqe sərgiləyərək, ölkəmizin müstəqil siyasətini həzm etmədiyini sərgiləyən "Freedom House" növbəti bənzər addımını atıb. Əslində, Azərbaycanda "Freedom House" adlı təşkilatın hansı yöndə, hansı müstəvidə qərar qəbul edib, hesabatlar yayması kimsəyə maraqlı deyil. Sadəcə, el misalımızı xatırladaraq onu deyə bilərik ki, milçək iyrənc deyil, könül bulandırır. Yəni "Freedom House"nin hər hansı bir "hesabatı", "statistik rəqəmləri" Azərbaycana milçək vızıltısı qədər gəlir. Məntiqsizliyi isə söz yox ki, könül bulandırır.

Məhz bu baxımdan da deyə bilərik ki, özünü çoxdan ifşa etmiş bir təşkilatdır. Ona görə də "Freedom House" vaxtilə bu təşkilata rəhbərlik edən, hazırda isə Vaşinqtonun Makkeyn İnstitutunda vəzifə tutan Devid Kramer başda olmaqla, bir yığın ikiüzlü, satılmış və bununla da daha çox pul qazanmağa cəhd göstərən insanların mənasız qurumudur desək, heç də yanılmarıq.

Əslində, burada nəticə çıxarmaq üçün elə də dərindən düşünməyə ehtiyac qalmır

Məsələn, həmin təşkilatın qondarma hesabatlarının birini xatırlayaq. Belə ki, "Freedom House" "Azadlıq xəritəsi - 2009" adlı hesabatında Ermənistanı "qismən azad, Dağlıq Qarabağı isə Ermənistan və Azərbaycan arasında qeyri-müəyyən ərazi" olaraq göstərmişdi.

Bu dəfə isə Azərbaycan azad olmayan ölkə, Ermənistan isə qismən azad olan ölkə kimi hesabatda yer alıb. Əslində, burada nəticə çıxarmaq üçün elə də dərindən düşünməyə ehtiyac qalmır. Sadəcə görünən budur ki, "Freedom House" adlı qərəzli təşkilatın əsas məqsədlərindən biri erməniçiliyə olan rəğbətidir. Hətta bu təşkilat imkan olsa Ermənistan kimi səfil, sosial-iqtisadi fəlakətlə üz-üzə qalan, xalqı qaniçən iqtidar rejimi tərəfindən əzilən, yüz minlərlə vətəndaşı pul-para qazanmaqdan ötrü xaricə köçən və yox olmaqdan yaxa qurtara bilməyən bir işğalçı dövləti "azad ölkələr" sırasına aid edər.

Əsir düşmüş azərbaycanlı qadın və uşaqların vəhşicəsinə işgəncələrə məruz qaldığı bir vaxtda "Freedom House" niyə yox idi?

Digər tərəfdən, beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu müəyyən edə bilməyən və Azərbaycan ərazilərində etnik təmizlik aparmış təcavüzkar dövləti - Ermənistanı "qismən azad" adlandıran qurum ikili standartların klassik nümunəsidir. Onlar Yerevanda 1 mart hadisələrindən sonra həbs edilən və aralarında 5 deputatın, 1 qəzet redaktorunun, seçkiqabağı nümayişlərə qatılan 16 iştirakçının da olduğu siyasi məhbusları, sonuncu prezident seçkiləri ərəfəsində namizədlərin gülləyə tutulması faktlarını görməzdən gəlir və bununla da, arzu ediləni həqiqət olaraq qəbul edirlər.

Maraqlıdır, nəyə görə "Freedom House" susur ki, məhz qismən azad ölkə hesab etdiyi işğalçı Ermənistan bir milyon azərbaycanlını öz evlərini tərk etməyə və köçkün şəkildə yaşamağa məcbur edib?! Erməni milliyyətçilərinin və separatçıların Qarabağ ərazisində Azərbaycanın mədəni irsini məhv etdiyi zaman "Freedom House", əcəba, harada idi? Əsir düşmüş azərbaycanlı qadın və uşaqların vəhşicəsinə işgəncələrə məruz qaldığı bir vaxtda "Freedom House" niyə yox idi? Niyə "Freedom House" bir dəfə də olsun maraqlanmayıb ki, azərbaycanlı qaçqınların şəraiti necədir? Hansı səbəbdən, "Freedom House" onların məhz Azərbaycan dövlətinin apardığı uğurlu siyasəti nəticəsində həyatlarını yenidən qurmasını, yaşayıb-yaratmalarını, lakin buna baxmayaraq, doğma el-oba, torpaq həsrəti çəkdikləri barədə fikir bildirmir?! Bütün bunlardan sonra bu təşkilatın hər hansı bir ifadəsinə inanmaq olarmı? Hamıya məlumdur ki, bu təşkilatın üzərində məhz və məhz sifariş möhürü mövcuddur!

"Freedom House" bütün qərəzlərinə görə, Azərbaycan dövləti qarşısında diz çöküb, əfv olunmasını diləyəcək!

Beləliklə, düzgün metodologiya olmadan, regiona səfər olmadan, real vəziyyəti öyrənmədən və ən əsası, müqayisəli təhlil olmadan hazırlanmış bu cür hesabatların hansı maraqlara xidmət etdiyi aydındır. Bu gün "Freedom House" Dağlıq Qarabağ separatçılarına yüz minlərlə dollarlar maliyyə yardımı ayıran ABŞ-a, digər Qərb maliyyəçi ölkələrinə güldən ağır söz demir, onları "azad ölkə" kimi təqdim edir. Maraqlıdır, işğalçı, təcavüzkar, separatçı "dövlətə" pul ayırmağın özü bilavasitə insan hüquqlarının, bizim 1 milyon qaçqınımızın hüquqlarını, azadlığını pozan faktor deyilmi? Əlbəttə ki, bu, belədir. Sadəcə, "Freedom House" tükənməz erməni sevgisini sübut etməkdən ötrü, keçmiş ermənipərəst rəhbəri, hazırda Makkey adlı mənşəyi bilinməyən bir instituta rəhbərlik edən Devid Kramerin təlimatları yenə də canla-başla yerinə yetirib. Amma bütün bunların güclü, qüdrətli və bu kimi qondarma təşkilatları heçə sayan Azərbaycana təsiri necə ki, olmayıbsa, bundan sonra da olmayacaq. Hətta zaman çatacaq ki, "Freedom House" bütün qərəzlərinə görə, Azərbaycan dövləti qarşısında diz çöküb, əfv olunmasını diləyəcək! Bu zaman isə heç də uzaqda deyil...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər