"ABŞ və Avropada fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının böyük əksəriyyətinin qiymətləndirməsi kifayət qədər yalnış parametrlər əsasında qurulub, reallığı tamamilə təhrif edir". Bu fikirləri SİA-ya millət vəkili Zahid Oruc "Freedom House" təşkilatının sonuncu hesabatında Azərbaycanı azad olmayan ölkələr, işğalçı Ermənistanın isə qismən azad ölkələr sırasına aid etməsinə mövqeyini bildirərkən deyib. Zahid Orucun fikrincə, bu tipli azadlıq indeksləri həddindən artıq yayqın, qeyri-dəqiq yanaşmalardan təşkil olunur: "Ermənistan əhalisinin hansısa küçədə aksiyalar təşkil etməsi o ölkənin azadlığı və demokratiyası kimi qələmə verilirsə əlbəttə ki, bu yalnış haldır. Bununla yanaşı, media azadlığında da əsas götürülən parametrlərdə də xeyli qüsurlar özünü göstərməkdədir. Amma Ermənistana xüsusi olaraq siyasi və maliyyə investisyaları qoyulur ki, bu da müəyyən mənada sözügedən ölkənin dünya arenasında yüksəyə qaldırmağa, onu düşdüyü kriminal vəziyyətdən çıxarmağa, Azərbaycanın inkişaf parametrlərinə yaxınlaşdırmağa hesablanıb. Bu mənada, Azərbaycanı öz hesabatlarında qismən azad ölkə kimi göstərirlər. Dövlətimizin beynəlxalq reytinqinə zərbə vurmaq və onu qaralamaq bu təşkilatlara gəlir gətirir. Ona görə də belə siyasət yürütməyə üstünlük verirlər"."Əslində Ermənistan əhalisinin düşüncələrinin bir faizi belə "Freedom House"nin hesabatlarına daxil olmur"-deyə qeyd edən millət vəkili bildirib ki, əgər sadə bir ermənidən soruşsalar ki, onların ölkələri azaddır və yaxud deyil, o zaman əsl Ermənistanın simasını görərlər: "Faktiki olaraq, "hərbi sərkərdə" kimi dövlətin elitasına daxil olan bu addımlardan demokratik islahatlar, böyük tədbirlər gözləmək olduqca səhvdir. Hesab edirəm ki, Ermənistanda nə zamana qədər Qarabağ müharibəsindən kənar bir qüvvə siyasi hakimiyyətə gəlməyib bu məsələ bir qədər demokratiklikdən kənarda qalacaq. Səngər libasını çıxarıb prezident kostyumu geyinən adamlar heç zaman bölgədə təhlükəsizliyə, sülhə, əməkdaşlığa xidmət etməyəcəklər".
sia.az