Dövlətin müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı ölkənin gənclərindən və gənclər siyasətinin doğru qurulmasından bilavasitə asılıdır. Bu reallığı nəzərə alaraq bu gün Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biri kimi daima diqqət mərkəzindədir. Azərbaycanda gənclər siyasətinin yaranması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən Gənclərin I Forumu gəncliklə bağlı strategiyanın ilk təntənəsi oldu. Heydər Əliyevin forumdakı çıxışı gənclər üçün bir çağırış idi. Həmin ildən başlayaraq 2 fevral "Ümumrespublika Gənclər Günü" kimi qeyd olunur ki, bu, bir tərəfdən gəncliyə dövlətin diqqət və qayğısının bir nümunəsi idisə, digər tərəfdən Heydər Əliyevin Azərbaycan gəncləri üçün böyük bir töhfəsi idi. Belə ki, hər zaman gənclərə inanan, gəncləri düşünən Ulu Öndərimiz bununla gənclərə olan inamını bir daha ifadə edərək gənclərin qarşısında böyük vəzifələr qoymaqla bərabər, həm də onlarda öz gücünə, öz istedad və bacarığına inam hissini yaratdı.
Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan dövlət-gənclər siyasətini bu gün Cənab Prezidentimiz uğurla davam etdirir. Artıq ölkənin bütün sahələrində gəncləşmə prosesi gedir. Təsadüfi deyil ki, bu gün gənclər bir sıra dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında təmsil olunur və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər.
Gənclər siyasəti ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sənədlər, qəbul olunmuş çoxşaxəli proqramlar və bu proqramların icrasından irəli gələrək həyata keçirilən saysız-hesabsız tədbirlər, görülən işlər Azərbaycan gəncliyinin inkişafına təkan verir və onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Bu istiqamətdə görülən işlər silsiləsindən regionlarda "Gənclər Evi"nin fəaliyyətə başlaması, gənclərin layihə və təşəbbüslərinə dəstək verən "Gənclər Fondu"nun yaradılması, gənclərin elm, təhsil, mədəniyyət və digər sahələrdəki fəaliyyətinin stimullaşdırılması məqsədilə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi, "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramlarını və s. göstərmək mümkündür. Bu proqramlar, əslində dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür.
Gənclərin potensialının inkişafı və mövcud problemlərin həlli baxımından "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" xüsusi əhəmiyyətə malikdir. Gənclərin gələcək inkişafının müxtəlif aspektlərini özündə əks etdirən sənəddə onları narahat edən məsələlərin öz həllini tapması üçün icra mexanizmlərinin konkret hədəfləri əks olunub. Bu strategiya istər ölkə daxilində, istərsə də ölkənin xaricində oxuyan və ya işləyən gənclərin potensialının aşkara çıxarılmasına, bunun üçün lazımi şəraitin yaradılmasına, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasına, onların sosial problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə, bir sözlə, gənclərin hərtərəfli inkişafına yönəlib və hər bir Azərbaycan gənci bu strategiyadan yararlana biləcək.
Aysel Həsənli,
YAP Yasamal rayon təşkilatının fəal üzvü