İlham Əliyev: "Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir"
Son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Məqsəd isə Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı üçün əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsanların və neqativ meyillərin aradan qaldırılmasıdır. Məhz bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı uğurla icra olunmaqdadır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir. Bu baxımdan respublikamızda "ASAN Xidmət"in fəaliyyəti deyilənlərin bariz nümunəsidir. Eyni zamanda, xidmətin yaradılması Azərbaycanda həyata keçirilən müasir dövlət quruculuğu prosesinin uğurlu təkamülünün isbatıdır. Yarandığı gündən öz fəaliyyətini tam şəffaflıq çərçivəsində təmin edərək Azərbaycan vətəndaşlarına mədəni xidmət prinsipləri əsasında aparır və vətəndaşların dövlət qurumlarına etimadını artırır.
Asan və şəffaf xidmət prinsipi
"ASAN Xidmət" korrupsiyaya qarşı mübarizənin təzahürüdür. Yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı "ASAN Xidmət"in fəaliyyəti ilə bağlı bildirib ki, bu korrupsiyaya və rüşvətxorluğu qarşı bir mübarizə vasitəsidir: "Bölgələrdə xidmətlər göstərilir. "ASAN xidmət" mərkəzlərinin sayı artıq yeddiyə çatıb. Üç mərkəz də bu il açılacaq. Beləliklə, bölgələrdə altı, Bakıda dörd mərkəz fəaliyyət göstərəcək. Gələcəkdə onların sayını artıracağıq. On avtobusla səyyar xidmət də göstərilir və bütün bölgələrdən "ASAN xidmət"lə bağlı çox müsbət məlumatlar gəlir. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə "ASAN xidmət" bir dönüş yaratdı. Ona görə biz bu sistemi bütün sahələrdə tətbiq etməliyik".
Dövlət başçısı, həmçinin onu da vurğulayıb ki, bu xidmət korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə başlıca vasitə olmalıdır: "Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək".
Dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır
Xüsusilə, vurğulamaq lazımdır ki, korrupsiyaya qarşı mübarizə bilavasitə dövlət siyasətinin tərkib hissəsi, eləcə də prinsiplərindəndir. Belə ki, ölkə Prezidenti İlham Əliyev daim bu məsələni diqqətində saxlamış, bu kontekstdə müvafiq qurumlara öz tapşırıqlarını vermişdir. Məhz keçirilən müşavirədəki çıxışında ölkə Prezidenti bəyan edib ki, ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir: "Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq".
Prezident İlham Əliyev vurğulayıb ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: "Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük".
Dövlət başçısı, həmçinin xəbərdarlıq edib ki, cəza tədbirləri görülür və görüləcəkdir: "Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir".
Göründüyü kimi, bu gün ölkədə bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizə də davamlı və sərt şəkildə aparılmaqdadır. Bu faktor isə bir daha belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, qısa zaman kəsimində bu bəlanın kökü ölkədə tamamilə kəsiləcək.
RƏFİQƏ KAMALQIZI