Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Avropada xüsusilə xristianlara münasibətdə tolerantsızlıq və ayrı-seçkilik halları ilə mübarizə" adlı məruzə ətrafında müzakirə aparılıb. SİA-nın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini bölüşməklə bərabər assambleyada yalan və böhtan xarakterli çıxışlar edən Ermənistan nümayəndə heyətinə sərt cavab verib və bu ölkənin etnik təmizlə, soyqırım və terrorla məşğul olduğunu bəyan edib:"Əslində məruzəçinin qətnamə layihəsində vurğuladığı bir sıra problemlərin həlli üçün ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, Avropa məkanında böyüyən gənc nəsillər etnik kökənindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olmayaraq hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir. Amma təəssüf ki, bəzi üzv ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə, dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirə çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Ermənistan etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları zorla öz evlərindən, tarixi ata-baba yurdlarından çıxararaq onları qovdu. Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırım həyata keçirdi. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salınıb və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmir". Ermənistanın etnik təmizləmə siyasətinin bölgədə böyük faciələrə yol açdığını vurğulayan Q. Paşayeva assambleyanı və üzv ölkələri bu cür addımlar ölkələrə qarşı sərt addımlar atmağa çağırıb.
sia.az