PDF Oxu

Siyasət

  • 33

YENİ AZƏRBAYCAN PARTİYASI HƏR ZAMAN CƏMİYYƏT ÜÇÜN AÇIQ OLUB

YENİ AZƏRBAYCAN PARTİYASI HƏR ZAMAN CƏMİYYƏT ÜÇÜN AÇIQ OLUB

Bəlli olduğu kimi, yanvar ayının 29-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib və iclasda YAP İdarə Heyətinin 2014-cü ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2014-cü ilə dair illik statistik hesabat, partiyanın 2014-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2015-ci ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.

Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov iclasın gündəliyində olan məsələlər barədə çıxış edərək, bildirib ki, 2014-cü ildə Azərbaycanın iqtisadi və sosial həyatında inkişaf uğurla davam etdirilib. Eyni zamanda, partiyanın uğurlu fəaliyyəti də iclasın gündəmində olub və təşkilatda müəyyən struktur təyinatları həyata keçirilib. YAP-ın uğurlu fəaliyyəti ilə bağlı fikirlərini bildirən partiya funksionerləri də qeyd ediblər ki, bu siyasi təşkilatın gücünün və qüdrətlənməsinin təməlində xalqın ona olan etimadı dayanır.

Sözügedən məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən YAP funksionerləri öz fikirlərində bildirdilər ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti məhz şəffaflıq və demokratiya prinsipləri üzərində qurulub.

Sədaqət Vəliyeva: "Yeni Azərbaycan Partiyası müxalifət partiyalarından fərqli olaraq, xalqın partiyasıdır"

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirib ki, YAP hesabat verməklə, bir daha demokratik siyasi partiya olduğunu isbatladı: "Bildiyimiz kimi, YAP-ın fəaliyyətinin əsas məqsədi ölkədə gedən inkişaf və tərəqqi prosesində yaxından iştirak etməkdir. Bu baxımdan, partiyamızın ölkəmizin tərəqqisindəki rolu və yeri danılmazdır. Partiyamız bütün seçkilərdə qələbə və zəfər qazanmaqla, bir daha sübut edir ki, YAP-a alternativ ola biləcək heç bir digər siyasi təşkilat yoxdur. Məsələn, ötən ilin başlıca siyasi hadisəsi bələdiyyə seçkiləri oldu. Keçirilən bələdiyyə seçkilərində yaxından iştirak edən Yeni Azərbaycan Partiyasının namizədləri mandatların çoxunu qazanmaqla partiyanın növbəti seçki qələbəsini təmin etdilər. Eyni zamanda, bu qələbənin mühümlüyü partiyanın Sədri, Prezident İlham Əliyev Cənablarının Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlərin bariz nəticəsidir.

Artıq Yeni Azərbaycan Partiyası növbəti hesabatını açıqlayıb və onu xalqa təqdim edib. Bütün bu şəffaf, demokratik amillər isə bir daha təsdiq edir ki, Yeni Azərbaycan Partiyası hesabatlarını açıqlayarkən, hər zaman xalq faktorunu üstün tutmuş və bu cür uğurlu fəaliyyətini davamlı olaraq yürütməkdədir. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyalarından fərqli olaraq, xalqın partiyasıdır".

Aydın Hüseynov: "Azərbaycanda YAP-a alternativ ola biləcək ikinci bir partiya yoxdur"

YAP Siyasi Şurasının üzvü, partiyanın İqtisadi Məsələlər Komissiyasının sədrinin müavini, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib ki, partiyanın hər il verdiyi maliyyə hesabatı xalqın YAP-a olan inamını artırır: "Məhz buna görə də, cəmiyyətin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası ümumxalq partiya kimi nəinki ölkəmizdə, eləcə də, Cənubi Qafqazda lider təşkilatlardan hesab olunur. YAP bu nailiyyətlərini xalqa və dövlətə müsbət xidmətləri ilə əldə edib. Bu gün Yeni Azərbaycan Partiyası xarici ölkələrin sağ mərkəzçi hakim partiyaları ilə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Bu baxımdan, demək olar ki, Azərbaycanda YAP-a alternativ ola biləcək ikinci bir partiya yoxdur. İnsanlar YAP-a inanır və etibar edirlər.

Bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycanda fəaliyyət göstərən bir çox siyasi partiyalar mövcuddur ki, həmin partiyaların təşkilatlanma prosesləri daim ictimaiyyətin diqqət mərkəzində olub. Lakin ölkədə elə siyasi partiyalar da mövcuddur ki, həmin partiyaların fəaliyyətləri arxasında qeyri-şəffaflıq, demokratik prinsiplərdən kənar meyillər müşahidə edilir. Bu cür siyasi təşkilatlar, əsasən, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalardır ki, onların fəaliyyət istiqamətləri, maliyyə hesabatları və digər amilləri ictimaiyyətdən gizlin saxlanılır. Bu isə, bir daha onu deməyə əsas verir ki, əsasən, müxalifət partiyalarına aid olan siyasi təşkilatlar gəlir mənbələrini xalqdan gizlətməklə, hansı istiqamətdə fəaliyyət göstərmələrini faş edirlər. Daha dəqiq desək, zaman-zaman bu kimi müxalifət partiyalarının apardıqları anti-dövlətçilik siyasətləri arxasında müəyyən qaranlıq, qeyri-şəffaflıq məqamları dayanır ki, bu da onların bəzi xarici dairələr tərəfindən qeyri-qanuni maliyyələşmələrini təsdiqləyir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının şəffaf fəaliyyəti daim xalq tərəfindən yüksək qiymətləndirilmişdir".

Mehriban Abasquliyeva: "Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verməkdədir"

YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, burada söhbət YAP-ın demokratik dəyərlər əsasında fəaliyyət göstərdiyi üzə çıxır: "Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli-siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Ulu Öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP, fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.

Mən partiyamızın maliyyə şəffaflığı barədə də fikirlərimi bildirmək istərdim. Belə ki, digər siyasi təşkilatlardan fərqli olaraq, YAP hər zaman cəmiyyət üçün açıq olub. Bu baxımdan, vurğulamaq yerinə düşərdi ki, məhz demokratiklik faktorunun təcəssümü özünü Yeni Azərbaycan Partiyasında kifayət qədər göstərib, bundan sonra da göstərəcək. Yəni burada söhbət YAP-ın demokratik dəyərlər əsasında fəaliyyət göstərdiyi üzə çıxır".

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər