PDF Oxu

Siyasət

  • 45

İnsanlığa qarşı yönəlmiş Xocalı soyqırımı

İnsanlığa qarşı yönəlmiş Xocalı soyqırımı

"Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib

Erməni daşnaklarının xalqımıza qarşı həyata keçirdikləri genosid siyasətinin kökü tarixin dərinliklərinə gedib çıxır. Təxminən 200 il ərzində ermənilər azərbaycanlıların başına olmazın müsibətlər, faciələr gətirib, xalqımıza qarşı deportasiya və soyqırımı siyasəti həyata keçiriblər. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq və "Böyük Ermənistan" dövləti yaratmaq idi. Onların 1905-1907-ci, 1915-1920-ci, 1947-1953-cü və 1988-1994-cü illərdə törətdikləri kütləvi qətliamlar, işğalçılıq siyasətləri bu qanlı əməllərin ən dəhşətli mərhələləri olmuşdur. Beləliklə, ermənilər zaman-zaman tarixi təkrarlayaraq iyrənc siyasətin müəllifinə çevrilirlər.

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən müdhiş, ən faciəvi, tarixdə analoqu çox az olan hadisələrdən biri Azərbaycanda Qarabağ bölgəsinin ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Ermənistan terrorçu dəstələrinin rus ordusunun (366-cı alay) köməyi ilə Azərbaycanın Xocalı şəhərində XX əsrdə misli-bərabəri olmayan dəhşətli soyqırımı aktı həyata keçiriblər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışdılar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu, əsl soyqırımı idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olub. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilib, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirib. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlib. Onlar diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, körpə uşaqların gözləri çıxarılıb, süngü ilə hamilə qadınların qarınları yarılıb. Ermənilər hətta meyitləri də təhqir ediblər.

Bəşəriyyət tarixində ermənilərin xalqımızın başına gətirdikləri faciə ilə müqayisə ediləcək qədər dəhşətli cinayət törədilməyib. Xocalı şəhərində yaşayan insanlara qarşı həyata keçirilən soyqırımı aktı da ermənilərin hazırladığı növbəti ssenari əsasında baş tutdu. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ümummilli Lider Heydər Əliyevin 1 mart 1994-cü il Fərmanı ilə "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Bir neçə gün sonra bəşər tarixinin ən müdhiş faciələrindən birinin Xocalı soyqırımının 23-cü ildönümü tamam olur. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.

Tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anma mərasimlərinin və s. təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində Xocalı soyqırımına həsr olunan materialların yayılması nəzərdə tutulub.

Sənədə əsasən, ölkədə fəaliyyət göstərən dini konfessiya və qurumlar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anma mərasimləri təşkil ediləcək, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta məktəblərdə xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlər nümayiş etdiriləcək.

Xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə şəhid ailələrinə yardımlar göstəriləcək.

Bütün bunlarla yanaşı, fevralın 26-da təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Azərbaycanın dövlət bayraqları endiriləcək.

DÜNYA ÖLKƏLƏRİNDƏ XOCALI FACİƏSİ SOYQIRIMI VƏ AZƏRBAYCANA QARŞI CİNAYƏT AKTI KİMİ TANINIR

Erməni terrorçularının siyasi məqsədlərinə nail olması üçün azərbaycanlılara qarşı keçirdikləri zorakılıq aktları bu gün beynəlxalq ictimaiyyətə çatdırılır. Azərbaycan bu istiqamətdə təbliğat və təşviqatı daha da gücləndirir, haqq səsimizi dünyaya lazımi səviyyədə çatdıra bilirik. Avropa dillərində kitablar çap etdirilib, ermənilərin törətdikləri vəhşilikləri göstərən şəkillər yayılır. Beynəlxalq qurumlar qarşısında Azərbaycan həqiqətləri geniş təbliğ edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən tədbirləri xüsusi qeyd etməliyik. Artıq neçə illərdir ki, Avropanın, Asiyanın, Afrikanın, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində bu faciəyə həsr olunmuş tədbirlər keçirilir. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Bu gün dünyanın bir çox ölkələri Xocalı faciəsini soyqırımı və Azərbaycana qarşı cinayət aktı kimi tanıyırlar. Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırımı adlandırılıb. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımını pisləyən qətnamə qəbul edib. Kolumbiya Parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır. Çexiya, Peru, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanımışlar. Honduras Milli Konqresi 2014-cu ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan № 333-2013 saylı Qərar qəbul edib.

Xocalı soyqırımını tanıyan ölkələr sırasında Amerika ştatlarının da adını vurğulamalıyıq. Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir. Texas, Corciya, Nyu-Cersi, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennesi, Pensilvaniya, West Virginia, Connecticut və Florida ştatları tərəfindən Xocalı soyqırımı rəsmən tanınmışdır.

Bu gün də bu istiqamətdə ideoloji təbliğat genişlənir. Artıq dünyada insanlar həqiqəti yalandan ayırmağı bacarır. Xocalı kimi faciələrin dünyanın heç bir yerində təkrar olunmaması naminə Xocalı unudulmamalıdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər