PDF Oxu

Siyasət

  • 52

Qubad İbadoğlu hövsələdən çıxdı

Qubad İbadoğlu hövsələdən çıxdı

Müsavat - partiyadaxili böyük savaş astanasında

Müsavat partiyasında partiyadaxili savaş artıq pik həddinə qədər inkişaf edib və bu savaşın böyüməsinin isə qarşısı heç cür alına bilinmir. Daha dəqiq desək, eks-başqan İsa Qəmbərin verdiyi gizli təlimatlar ilə hərəkət edən yeni başqan Arif Hacılı təşkilatdaxili repressiyalarını daha da artırıb. Belə ki, Qubad İbadoğlu tərəfdarlarına qarşı aparılan aqressiv hücumlar sonda İbadoğlunun sərt bəyanatı ilə öz nəticəsini tapıb. Hazırda hərəkat təsis etməklə məşğul olan Qubad İbadoğlu və onun tərəfdarları Müsavatın digər rayon təşkilatlarını da ələ keçirərək, yollarından geri dönməyəcəklərini sübut edirlər.

Qubad İbadoğlu: "Sizi kişi kimi mübarizə aparmağa çağırıram!"

Qubad İbadoğlu onlara qarşı aparılan kampaniyanın arxasında namərdlik amilinin dayandığını iddia edib. O bildirib ki, belə mübarizə kişiliyə yaraşmır: "Bu cılız kampaniyanı körükləyənlər, ona fətva verənlər! Qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin, bunu görməyəcəksiniz! Sizi bir daha bu çirkin metodlardan çəkinməyə çağırıram. Vicdanınızın (əgər varsa, onu da itirməmisinizsə) səsini dinləyin və bu kampaniyanı dayandırın! Sizi kişi kimi mübarizə aparmağa çağırıram!"

Onu da xatırlatmaq yerinə düşərdi ki, Qubad İbadoğlunun və partiyanın qadınlar təşkilaltının sədri Ellada Məmmədlinin divana çağırılaraq, onların fəaliyyətlərinin müzakirə olunacağı xəbərindən sonra onlar divanın çağırışına məhəl qoymayıblar. Yəni dünənki iclasa qatılmayaraq, əslində, partiyanın bu və digər rəhbərlik strukturlarını legitim hesab etməyiblər. Eyni zamanda, o da bəlli olub ki, Qubad İbadoğlu yaradacağı hərəkatın növbəti iclasını məhz Müsavatın qərargahında keçirmək istəsə də Arif Hacılının göstərişinə müvafiq olaraq, nə İbadoğlu, nə də ki, tərəfdarları təşkilatın iclas zalına buraxılmayıblar. Nəticədə onlar hərəkatla bağlı toplantılarını qərargah yaxınlığındakı çayxanada keçirmək məcburiyyətində qalıblar. Məhz bu olaydan sonra, Qubad İbadoğlu həmin bəyanatını ictimailəşdirməyə məcbur olub.

Arif Hacılı ilə gizli razılaşmaya gedən İsa Qəmbər son anı gözləməkdədir

Daha bir maraqdoğurucu məqam isə Müsavat funksionerinin divanın növbəti toplantısına qatılacağı ilə bağlı fikridir. O, bununla bağlı qeyd edib ki, partiyada yaranmış parçalanmanın qarşısını kəsməyə çalışır və barışığın yaranması üçün əlindən gələn hər işi edəcək. Ancaq Arif Hacılı və onun müavinləri bəyan edirlər ki, əslində, partiyadakı bu nühiti yaradan əsas şəxs də məhz Qubad İbadoğludur.

Daha bir məsələ isə Arif Hacılıya təlimat verən sabiq başqan İsa Qəmbərlə bağlıdır. Çünki İsa Qəmbər ilk olaraq, partiyada baş verənləri özünə müsbət təsir kimi qiymətləndirir. Daha dəqiq desək, Müsavatda yaranmış böhran İsa Qəmbərə sərf edir. O, indi tam əminliklə deyə bilər ki, məhz özünün başqanlığından sonra partiya bu vəziyyətə düşdü. Beləliklə, İsa Qəmbərin növbədənkənar qurultay keçirilməklə yenidən başqan seçilməsi ehtimalını da istisna etmək olmaz. Məhz bu baxımdan, Arif Hacılı ilə gizli razılaşmaya gedən İsa Qəmbər son anı gözləməkdədir. Partiya daxilindəki böhran partlayış həddinə çatan kimi, İsa Qəmbər-Arif Hacılı cütlüyü öz kartlarını ortaya qoyacaqlar. Bununla da İsa Qəmbər yenidən həmin posta yiyələnəcək.

Onların açıq döyüşə girməkdən çəkinməyəcəkləri artıq indidən görünməkdədir

Lakin hazırda vəziyyət kifayət qədər kritikdir və Qubad İbadoğlunun da həmin gizli plandan xəbərdar olması real görünür. Ona görə də o və tərəfdraları əllərində olan sonuncu şansı buraxmamağa çalışırlar. Hətta onların Müsavat rəhbərliyi ilə açıq döyüşə girməkdən belə çəkinməyəcəkləri artıq indidən görünməkdədir. Beləliklə, Müsavat yeni partiyadaxili və böyük savaş astanasına qədər gəlib çatıb. Qalır, bircə ölüm-dirim mübarizəsinə ki, məhz həmin mübarizədən sonra nəyin necə olacağını açıq gözlə görmək mümkün olacaq.

Rövşən RƏSULOV

Digər xəbərlər