PDF Oxu

Siyasət

  • 41

Azərbaycanda keçirilən seçkilərdə daima demokratik mühit mövcud olub

Azərbaycanda keçirilən seçkilərdə daima demokratik mühit mövcud olub

Yeni Azərbaycan Partiyasının seçki təcrübəsi bunu sübut edir

Tarixi təcrübə göstərir ki, hər bir dövlətin mütərəqqi inkişafı müxtəlif səbəblərlə yanaşı, həm də demokratik seçkilərdən asılıdır. Seçkilər idarəetmənin mərkəzi institutu, insanların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə çevirən ən başlıca mexanizm isə, ilk növbədə, azad, ədalətli və obyektiv seçkilərin təşkilidir.

Demokratik seçkilərin əsas şərti hesabat vermək məsuliyyətindən əlavə, həm də aşkarlıq, şəffaflıq və obyektivlikdir. Seçkilərin bu meyarlar əsasında keçirilməsi siyasi mədəniyyətin, hüquq düşüncəsi və mədəniyyətinin formalaşması, xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açır. Azərbaycan xalqı da ötən əsrin sonlarına doğru dövlət müstəqilliyinə qovuşduqdan sonra hüquqi, demokratik və dünyəvi inkişaf kursunu seçmiş, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir.

YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur

Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. 650 min nəfərə yaxın üzvü olan YAP yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanmaqla, hər seçkidən-seçkiyə böyük seçki təcrübəsinə malik olub. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.

Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Daha dəqiq desək, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. Ən əsası isə, Yeni Azərbaycan Partiyası siyasi palitranın ən güclü və nüfuzlu ictimai-siyasi təşkilatı olmaq etibarilə vətəndaşların alternativsiz seçimi kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Görülən bütün bu işlər, əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır".

Beləliklə, yuxarıda sadalanan fundamental faktlar və reallıqlar YAP-ın ictimai-siyasi mövqeyini və nüfuzunu gücləndirməkdədir.

R.KAMALQIZI

Digər xəbərlər