Ellada Məmmədli: "Vəfa Cümşüdlünün kreslosunu əlindən almışam deyə o, məni heç cür bağışlaya bilmir"
Müsavat partiyasında yaşanan qarşıdurmalarda qadınların da rolu az deyil. Belə ki, hazırda Arif Hacılı-Qubad İbadoğlu arasındakı qalmqalda qadınların iştirakı partiyanın keçirilən divan toplantısında da təsdiqini tapıb. Bu dəfə partiyanın qadınlar birliyinin sədri Ellada Məmmədli ilə qadınlar birliyinin keçmiş sədri Vəfa Cümşüdlü arasında savaşa sart verilib. Məsələ ondadır ki, Ellada Məmmədli divana çağırılıb və ona qarşı hücum xarakterli suallar ünvanlanıb. Partiyanın qadınlar bilriyinin sədri bununla bağlı deyib ki, başqan Arif Hacılı onun Qubad İbadoğlunun yaratdığı "Azərbaycan Demokratiya və Rifah" ("ADR") hərəkatına qoşulmasını həzm edə bilməyib və qarşısına dilemma qoyub. Məsələn, Ellada Məmmədli bununla bağlı mətbuata verdiyi açıqlamasında deyib: "Arif Hacılı məndən soruşdu ki, Ellada xanım, deyilənlərdən nəticə çıxardınız? Dedim, anlamıram, deyilənlərdən nə nəticə çıxarmalıyam ki? Arif bəy dolayısı ilə belə bir ifadə işlətdi ki, mövqeyinizi müəyyənləşdirin, ya "ADR"-də qalın, ya Müsavatda. Ancaq bu, sətiraltı ifadə idi. Dedim ki, "ADR" ictimai hərəkatdır, mən neçə illərin siyasətçisiyəm, Müsavatda siyasi fəaliyyətimi davam etdirirəm".
"Orada bölüşəcək heç nəyimiz yoxdur"
Bayaq da qeyd etdiyimiz kimi, Ellada Məmmədlinin daha bir açıqlaması uzun müddət partiyadaxili münasibətlərdəki qarşıdurmaları da açığa çıxarmış olub. Belə ki, Müsavatın qadınlar birliyinin sədri əlavə edib ki, iclasda birliyinin sədri kimi fəaliyyətinə baxılmayıb. Lakin qadınlar birliyinin keçmiş sədri Vəfa Cümşüdlü ona qarşı qərəzli olub: "Onun kreslosunu əlindən almışam deyə heç cür məni bağışlaya bilmir, hər yerə qərəz toxumu səpir. O, təklif etdi ki, qadınlar birliyi buraxılsın. Başqa təklif belə idi ki, mən cəzalanım və seçim edim, ya "ADR", ya Müsavat. Bu, seçkili qurumdur. Mən Vəfa Cümşüdlünün sədr müavini idim, o da belə ortam yaradaydı, fəaliyyət göstərəydi, sədr də o seçiləydi. Axı onları eləmədi. Orada bölüşəcək heç nəyimiz yoxdur".
Müsavatdakı qarşıdurmalar kontekstində daha bir maraqdoğurucu məqamlardan növbətisi partiyadan uzaqlaşdırılan müsavatçılara aid hüquq-müdafiə komitəsinin yaradılması ideyasıdır. Çünki partiyadan məhz Qubad İbadoğlunun tərəfini saxladıqlarına görə, çıxarılan müsavatçılar Arif Hacılı və onun komandası tərəfindən təzyiqlərə, repressiyalara məruz qaldıqlarını iddia edirlər. Məhz bu amil də Müsavatdaxili intriqa ocağına benzin tökmüş olub. Ellada Məmmədili divanda sorğu-suala tutularkən, ona bu barədə də sual ünvanlanıb. O isə bildirib ki, qurultaydan bu yana müdafiə komitəsinin yaradılmasını labüd hesab edib: "Söylədim ki, günahsız yerə nizamnamə pozuntusu olmadan müsavatçıların partiyadan çıxarılmasının dayandırılması üçün komitə yaradılıb".
Hüseyn Məlik: "Müsavat, qərargahın birinci mərtəbəsini "ADR"-ə versin"
Bu arada daha bir keçmiş müsavatçı funksioner, sabiq başqanın müşaviri olmuş Hüseyn Məlik tələb edib ki, Müsavat partiyasının yerləşdiyi qərargahın birinci mərtəbəsi boş olduğu üçün həmin yer "ADR"-ə verilməlidir: "Müsavat partiyası qərargahının birinci mərtəbəsi boşdur. Mən Müsavat rəhbərliyindən xahiş edirəm ki , istifadəsiz qalmış 1-ci mərtəbəni "ADR"-ə versin. "ADR" də böyüyüb, artıq Nərimanovdakı qərargaha sığışmır. Bu, hərtərəfli əlverişli olar. Birinci mərtəbəni "ADR"-ə versələr, bütün müsavatçılar hər gün təmasda olar normal mühit yaranar, həm də ADR - üzvləri hər gün qərargaha gələr qərargah da boş qalmaz".
Göründüyü kimi, qarşıdurmanın əsas tərəfləri Qubad İbadoğlu-Arif Hacılı olsa da, əslində, partiyada çoxtərəfli qarşıdurmalar yaşanır. Bu isə həm də onu göstərir ki, partiyada suların durulması gözlənilmir. Əksinə, intriqalı vəziyyətin çərçivədən çıxaraq, daha kəskin hallara səbəb olması qaçılmaz hala çevrilib.
Afət TAHİRQIZI